Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:24
-
«İnternetdə təhqir və böhtanlara görə məsuliyyəti müəyyən edən müddəaların da qanunvericiliyə daxil edilməsi tamamilə məntiqlidir».

Bunu yap.org.az saytına Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, internetdə hər kəs istədiyi məlumatı yaymaq, istədiyi mövzuda müzakirələr açmaq, ayrı-ayrı mövzularla bağlı fikir bildirmək imkanına malikdir.

M.Qurbanlının dediyinə görə, internetdəki azadlıq müəyyən mənada məsuliyyət məsələsini də gündəmə gətirib:

«Necə ki, mətbuat azadlığı onun müəyyən məsuliyyətini də özü ilə bərabər yaradıb. Belə ki, bu gün istənilən ölkədə mətbuat azadlığı müvafiq qanunlarla tənzimlənir. Bununla bağlı jurnalistlərin beynəlxalq təşkilatlarının da qəbul etdikləri sənədlər var. Mətbuat sırf jurnalistika ilə bağlı sahədir. Jurnalistlərin bu və digər məsələyə yanaşma tərzi var. İnternet isə tamamilə fərqlidir, ondan təkcə jurnalistlər yox, bütün insanlar istifadə edir. Ona görə də, mətbuatla interneti eyniləşdirmək olmaz. Hansısa qəzetin rəhbəri və kollektivi var, həmin qəzetdə gedən materiallara görə qəzetin rəhbərliyi, yazı müəllifləri hüquqi cəhətdən məsuliyyət daşıyırlar. Amma internetdə belə deyil. İnternet çox geniş imkanlara malikdir. Bu baxımdan, internetdə yayılan məlumatlarla əlaqədar məsuliyyət məsələsi gündəmdədir və bu müzakirələr hələ də davam edir. Bir sıra ölkələrdə internetdə yayılan məlumatlara görə məsuliyyət müəyyən edən qayda-qanunlar qəbul olunub».

Mübariz Qurbanlı deyib ki, hazırda internetdə yayılan fikirlərə görə heç kim məsuliyyət daşımır.

«Kimlərsə, başqa ad altında sosial şəbəkələrdə insanları təhqir edir, böhtan atır və s. Bu hərəkətlərə görə cavabdehlik lazımdırmı? Kimsə deyirsə ki, internetdə belə hallara görə cavabdehlik lazım deyil, onda həmin şəxs özü haqqında təhqiredici fikirlərin müqabilində gərək sussun. Hər kəs müəyyən hadisənin öz başına gəldikdə, bu hadisənin nədən qaynaqlandığını araşdırmaq istəyir. Amma belə olmamalıdır. Bu baxımdan, Milli Məclis tərəfindən internetdə bu kimi hallara qarşı qanunvericiliyə etdiyi yeniliklər tamamilə doğru addımdır»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG