Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:22

Könül Həsənqulu: "10-luqda daha çox zəif şeirlər yer alıb"


Könül Həsənqulu

Könül Həsənqulu

-

O kitablarda atamın qeydlərinə rast gəlirəm. Çox kövrək hisslərdir... Mənə elə gəlir, o kitabların müəllifi atamdır.

10-luqda daha çox zəif şeirlər yer aldığı üçün, müsabiqədə rəqabət hissim-həvəsim azalmağa başladı.

Fərid Hüseynin şeiri xoşuma gəldi. Fəridi 3-lükdə görürəm.



"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçmiş yazarlarla müsahibələrimiz davam edir.

Cavid Zeynallının müsahibi bu dəfə Könül Həsənquludur.


- Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsini fərqlənmə diplomuyla bitirmişəm. İxtisasca tərcüməçi olmağıma baxmayaraq, universiteti bitirdiyim ildən bu vaxtacan ali təhsil müəssisəsində müəllimə işləyirəm.

Hazırda AMEA-nın Dilçilik İnstitutunun doktorantıyam.


Tərcümə nəzəriyyəsi üzrə elmi tədqiqatlara meylliyəm.

Bu isə ədəbiyyatla sıx bağlıdır, çünki material olaraq elmi əsərlərə deyil, bədii ədəbiyyata müraciət edirəm.

Bu sahədə elmi jurnallarda məqalələrim də dərc olunub. “İngilis dilindən Azərbaycan dilinə bədii tərcümənin tarixi” adlı elmi iş yazmışam.

Ədəbiyyata sevgi valideynlərimdən gəlib. Özümü xatırlayandan masamızın üstə ən son çap olunan bədii kitabları görmüşəm. İbtidai sinifdə oxuyarkər əksər ədiblərin və əsərlərinin adını artıq əzbər bilirdim. O kitablarda atamın qeydlərinə rast gəlirəm. Çox kövrək hisslərdir... Mənə elə gəlir, o kitabların müəllifi atamdır.

- Çağdaş ədəbi proses haqqında fikirlərin maraqlı olar. Kimləri oxuyursan?

- Çağdaş Azərbaycan şeirinin müəlliflərini üç qismə ayırmaq olar: əsərlərində orijinal ideyalar yaradan müəlliflər, əsərlərdən təsirlənən, həmin əsərlərin misralarını uca səslə qışqıran müəlliflər, ənənəvi mövzuda və üslubda yazan müəlliflər.

Şeirlərini zövqlə oxuduğum Azərbaycan şairləri Həmid Herisçi, Səlim Babullaoğlu, Rasim Qaraca və bir neçə istedadlı şairlərdir.

Nəsr əsərlərinə gəlincə, ancaq xarici müəllifləri - ingilis, rus və fransız dillərində oxuyuram. Əsər seçimində əsasən detektiv janrına üstünlük verirəm. Nədənsə, tanınmış müəlliflərə meylli deyiləm, kitab alarkən yeni, heç vaxt adını eşitmədiyim müəlliflərin əsərlərini seçirəm. Kəşfin özü maraqlı prosesdir.

- İndiyə qədər müsabiqələrə qoşulmusanmı?

- Heç vaxt müsabiqələrə qoşulmamışam. Ədəbi mühitdən uzaq olmuşam. Ümumiyyətlə, ilk dəfə 2012-ci ilin noyabr ayında çap olundum. Və bundan sonra mənə qəzetdə və internet səhifəsində çap olunmaq təklif edildi. Çap olunduqdan sonra müsbət rəylər alırdım və bu mənə stimul verdi. “Oxu zalı”nda dəfələrlə şeirlərim çap olunub.
- 10-luq siyahı haqqında fikirlərin necədir? Kimin düşməyi səni sevindirdi, kim üçün təəssüfləndin?
Könül Həsənqulu

Könül Həsənqulu


- 20-lik siyahısına düşməyim məni sevindirdi, lakin 10-luqda daha çox zəif şeirlər yer aldığı üçün, müsabiqədə rəqabət hissim-həvəsim azalmağa başladı. Sonunu gözləyək, hər-halda ümidvaram, hansısa fikirlər-əqidələr deyil, məhz poeziya qalib gələcək, buna sadəcə ümid etmək qalır. İndi mən bu müsabiqədə iştirakçıdan daha çox, müsabiqəni izləyici kimi müşahidə etməyi üstün tuturam... Sonluq mənə bu baxımdan maraqlıdır. Fərid Hüseynin şeiri xoşuma gəldi. Fəridi 3-lükdə görürəm.Müsabiqədəki “Dəmir fincanda süd və Moskva” şeirim haqda zövqlərinə güvəndiyim qocaman və gənc şairlərdən yüksək fikirlər eşitmişəm. Halbuki, onların çoxu ilə tanış deyilik. Mən imzalarından tanıyırdım onları. Rəfiqəm zəng edib söyləyəndə ki, sosial şəbəkədə Qan Turalı bu şeir haqda yüksək fikir bildirib və şeirimi Kulis.az-da çap edib, gözlənilməz oldu mənimçün. Ayrıca, müsabiqə iştirakçılarını təqdim etməkçün “Oxu zalı”nda “Zəmi nəğmələri” silsilə şeirlərimin çap ediləndən sonra həmin silsilədən digər şeirlərimi çap etmək təklifi də aldım.

- Hiss etmisənmi, cəmiyyətdə şair və şeir sözləri həm də ironik mənada işlənir…

- Ola bilər. Tək şairlərə deyil, istənilən cəmiyyətdə bütün fərdlər haqda fikir birmənalı olmur, düşünürəm... Bu isə bəzi hallarda fərdlərin özlərinin (cəmiyyətdə təəccüb doğuran qeyri-normal hərəkətlər edib, qulaq öyrəşməyən sözlər söyləyib diqqət çəkməklə) bu fikirlərin formalaşmasına kömək etməsindən, əksər hallarda isə bu yanaşma sahiblərinin nəinki şairlər, deyərdim ki, həyat haqda fikirlərinin hələ də düzgün formalaşmamasından irəli gəlir. Belə bir problemlə rastlaşmamışam.

- Nə vaxtsa barmaqla göstərilən yazar olmaq istərdin?

- Qətiyyən. Belə bir niyyətim yoxdur.

- Niyə iki-üç il əvvəl yox, məhz indi üzə çıxdın?

- Diqqət mərkəzində olmaqdan narahatlıq hissi duymuşam həmişə. Mən dərsdə bildiyim qaydaları lövhəyə çıxıb-yazmaqdan utanan adamam. Mənim kimi birisi üçün 22 yaşında ali məktəbdə, geniş auditoriya qarşısında dərs demək, öz üzərimdə bir inqilab etməklə başa gəlmişdi.

Soruşa bilərsiz ki, indi nə dəyişdi ki, çap edilmək qərarına gəldim? Heç nə dəyişməyib, yazdıqlarımı azadlığa buraxmağı haçansa qərara almalı idim, vaxtın yetişdiyini hiss edim və bunu etdim. Ən gözəl inqilablar – öz üzərimizdə etdiyimiz inqilablardır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG