Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 17:59

Nazir vətəndaşları əməkdaşlığa dəvət edir


Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Şirvanda vətəndaşları qəbul edir
Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Şirvanda vətəndaşları qəbul edir
-

«Hər kəs təbiətdən nə qədər götürübsə, bir o qədər də ona geri qaytarmalıdır».

Mayın 15-də Şirvan şəhərində vətəndaşları qəbul edən Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov mətbuat işçiləri qarşısında keçirdiyi qısa brifinqdə belə deyib.

Qəbulda Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı rayonlarının, Şirvan şəhərində yaşayan vətəndaşların şikayət və təklifləri dinlənilib. Görüşdə Hüseynqulu Bağırovu nazirliyin idarə və departament rəhbərləri müşayiət edib.

«QONŞUDA VAR, BİZDƏ YOX»

Günortaya qədər qəbula yazılanların sayı 48 nəfərə çatmışdı. Müraciətlər müxtəlif idi. Nazirdən iş istəyən də vardı, torpaq sahəsi, ot, odun, su istəyən də...

Sabirabadın Dadaşbəyli kəndindən olan Mikayıl Quliyevin sinəsi dolu idi:

Mikayıl Quliyev
Mikayıl Quliyev
«Kəndimizə qaz verilmir, qışda evləri qızdıra bilmirik. Qonşu Qaragünə kəndində əhali süzgəcdən keçən təmiz su içir, bizdə o da yoxdur. Kür daşanda həyətləri «zinə» basdı, nə vardısa məhv oldu, evim qəzalı vəziyyətə düşdü. Fövqəladə Hallar Nazirliyinin komissiyası lap axır vaxtlarda gəlib baxdı, o da min manat yardım yazdı. Bu pulla nə edəsən?».

Mikayıl Quliyev kəndlərini Sabirabaddan 54, Şirvandan isə 5 kilometr məsafə ayırdığını bildirdi:

«Rayon mərkəzindən uzaq düşməyimiz də bizə əlavə əziyyət verir. Hüseynqulu müəllim ekologiya naziri olsa da, hökumətin nümayəndəsidir, təklif edəcəyəm ki, kəndimizin Şirvana birləşdirilməsinə köməklik etsin».

Sabirabaddan gələn Ağa Əhmədovun da nazirə şikayəti sutəmizləyici qurğularının çatışmazlığı ilə bağlı oldu. Problemin həllini vəd edən nazir, zarafatla dedi:

«Elə ki, kəndinizdə də oldu, bundan sonra istəyəcəksiniz ki, bu bulaqlar həyətinizdə qurulsun...».

OVSUZ QALAN OVÇU ŞİKAYƏTİ

Şakir Sadıqov
Şakir Sadıqov
Salyan rayonunun Şorsulu kəndinin sakini Şakir Sadıqov 32 ildir ovçuluq etdiyini deyir:

«Ata-babam da ovçu olub, bu, məndə, əgər belə demək mümkünsə, irsi xəstəlikdir. 7 ildir quş ovuna qadağa qoyulduğundan ov edə bilmirik».

NAZİRDƏN OVÇUYA FOTOAPARAT ALMAQ MƏSLƏHƏTİ

Nazir çoxsaylı ovçuların bu səpkili müraciətlərinə belə mövqe bildirdi:

«Müharibə aparan ölkənin silahlı kişiləri az sayda olan heyvanların öldürülməsi ilə məşğul olmalı deyil. Əhali artıb, şəhər və kəndlərimiz böyüyüb, əkin sahələri genişlənib, vəhşi təbiət üçün çox az yer qalıb. Sonuncu bizon 70-ci illərin əvvəllərində vurulub. İndi bizim dağlarda bizon qalmayıb. Sonuncu pələng 1968-ci ildə Şəkidən çəkilib. Bir azdan bəbir də yox olacaq.

Azərbaycan səndən, məndən - insanlardan ibarət deyil, onun dağları, meşələri, çayları, çölləri, vəhşi heyvanları da var. Biz öz marağımızı təmin etmək üçün onun şəklinə, gözəlliyinə xələl gətirməməliyik. Quş ovu məsələsi ilə bağlı dövlət komissiyasına müraciət edin. Əgər o, qərar qəbul etsə, razı olmasam belə, mən o qərarı yerinə yetirmək məcburiyyətində olacağam».

Hüseynqulu Bağırov əslən Ağdamdan olan bir ovçuya qeyri-adi tövsiyə verdi: «Bir fotoaparat al, get harada maraqlı quş görsən, onun şəklini çək. Bunu sənə heç kəs qadağan edə bilməz».

İŞİ DÜZƏLƏNLƏRİN ÜZÜ GÜLÜRDÜ

Sabirabad rayonunun Qaralar kəndinin sakini Gülmirzə Məmiyev çiynindən ağır yük götürüldüyünü dedi:

«Qışda evi qızdırmaq məqsədilə oğlum meşədən yulğun ağacı kəsib gətirmişdi və buna görə onu 2200 manat cərimə etmişdilər. Mən cənab nazirdən xahiş etdim, cərimə ictimai işlə əvəz olundu. Bizə təklif olundu ki, meşə ağaclarının əkilməsi, onun suvarılması işində iştirak edək».

Şirvan şəhərindən olan Şahin Məmmədzadənin üzü gülürdü:

«Ötən il Memarlıq-İnşaat Universitetinin ekologiya fakültəsini bitirmişəm. Bir il idi ki, işsiz idim. Cənab nazirə müraciət etdim, o, mənim işlə təmin olunmağıma köməklik edəcəyinə söz verdi».

Sabirabad rayonunun Məmişlər kənd sakini Vaqif İsrafilovun da işi düzəlmişdi:

«Torpaq sahəmiz kiçik olduğundan mal-qara üçün otu baha qiymətə alırıq. Problemi nazirin diqqətinə çatdırdım. O, təklif etdi ki, əkilən ağaclara, su xətlərinə zərər vurmadan yol kənarlarındakı otu biçək».

«GƏLİN ƏL-ƏLƏ VERƏK»

Nazirin görüşünə gələnlər
Nazirin görüşünə gələnlər
Qəbula düşməzdən əvvəl Şirvan şəhər sakini Kazım Kazımlı brakonyerliyin qarşısını almaqdan ötrü «Həvəskar balıqçılar klubu» yaratdığını, lakin bu işdə ona nazirlikdən dəstək verilmədiyindən narazı idi. Onun müraciətini dinləyərkən nazir dedi:

«Bizə balıqçılıqla bağlı çox müraciət daxil olur. Etiraf etməliyəm ki, ən az nailiyyət əldə etdiyimiz sahədir. Mən inspektorların sayının çox olmasının əleyhinəyəm ki, vətəndaşlar incidilməsin. Ona görə də biz ətraf mühitin mühafizəsi departamentinin inspektorlarının sayını 550-dən 160-a endirmişik. Söz yox ki, ictimai təşəbbüsləri dəstəkləyirəm, amma dediklərim ictimaiyyət nümayəndələrinə də aiddir, üstündə təbiət qoruqçusu vəsiqəsi gəzdirib, ondan sui-istifadə edənlər var».

Daha sonra o, əlavə etdi: «Mən nazirlikdə xüsusi şöbə yaratmışam, işə təzə başlayan, korlanmamış adamlardan dəstələr düzəldib göndərirəm ki, yerlərdən obyektiv məlumat ala bilək. Vətəndaş cəmiyyəti institutları, fəal vətəndaşlar da bu işə dəstək versə, yaxşı nəticələr əldə oluna bilər. Gəlin, əl-ələ verək və problemdən birgə çıxış yolu axtaraq».

«BELƏ GÖRÜŞLƏR TEZ-TEZ KEÇİRİLSİN!»

Bəydabə Vəliyev
Bəydabə Vəliyev
Sabirabadın Axtaçı-Muğan kəndindən olan fermer Bəydabə Vəliyev də görüşə təkliflərlə gəlmişdi:

«Nazirdən xahişim etdim ki, drenaj kollektorlar qazılarkən onların çöküntülərinin təmizlənməsinə icazə versin, bundan başqa, rayonun yerli əhəmiyyətli yollarının kənarında üzə çıxan süxur sularının kollektorlara yönəldilməsi üçün ondan kömək istədim. Nazirdən daha bir xahişim bu oldu ki, yerlərdə belə görüşləri tez-tez keçirsin».
XS
SM
MD
LG