Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:07
-

58 MİLYONU «ÇÖLƏ» TÖKDÜLƏR, 60 MİLYONU «ZİBİLLİYƏ»

«Azadlıq» qəzeti yazır ki, bu ilki «Eurovision» İsveçə 20 milyon dollara başa gəlib. Bu, ötən il Bakının sərf etdiyi vəsaitdən xeyli azdır. Qəzet yazır ki, «deməli «Eurovision» İsveçə şöhrət, onun vətəndaşlarına qazanc gətirəcək:

«Eurovision- 2013»ün təşkilatçıları xüsusi effektlərdən imtina ediblər. Şöhrət üçün «Crystall Hall» tikmək gərəyi olmayıb. O üzdən «Eurovision» İsveç üçün əsl musiqi bayramıdır. Keçən ilki müsabiqə isə Azərbaycanda yarışmadan çox etiraz aksiyaları və təşkilatlara zorla satılan biletlərlə yadda qaldı. Ötən il maliyyə naziri Samir Şərifov rəsmi açıqlama vermişdi: «Eurovision-2012»nin keçirilməsi üçün 50 milyon manat məbləğində vəsait ayırıb. (Konsert salonunun tikilməsi bura aid deyildi). Avropa Yayımlar Birliyinə 8 milyon İsveçrə frankı ödənib».

Azərbaycanın rəsmi rəqəmləri İsveçin xərclərindən 3 dəfə çoxdur. Qeyri-rəsmi rəqəm isə 40 dəfə».

MƏMUR VİLLA TİKİR, KƏND MƏZARLIĞI SÖKÜLÜR

«Bizim yol» qəzeti yazır ki, Qəbələ rayon Küsnət kəndində yeni iqamətgah tikilir:

«Buna görə ötən ilin dekabrında bütöv kənd boşaldılıb. Bu günlərdə isə kənd qəbiristanlığı sökülüb. Bu barədə redaksiyamıza telefon zəngi açaraq, adının çəkilməsini istəməyən Küsnət kəndinin sakini bildirdi. Şikayətçinin sözlərinə görə, rəsmilər yerli qəbiristandan cəsədlərin qalıqlarını çıxarıb, başqa yerdə dəfn etməyə çalışırlar. Amma sakinlər bununla razılaşmırlar.

Şikayətçi bildirir ki, rəsmilər qəbirlərin köçürülməsinə etiraz edənlərin həbs ediləcəklərini deyiblər. Küsnət sakini onu da vurğuladı ki, evin köçürülməsinə görə kompensasiya ödənilsə də, onlar doğma kəndlərini tərk etmələrinə məyusdurlar. Qəbələnin ən mənzərəli bölgəsində yerləşən Küsnət kəndində təxminən 30 ev var».

BAKIDA SAXTA QIZIL SATIŞI ARTIB

«Yeni Müsavat» qəzeti yazır ki, Azərbaycanda qızıl bazarı ildən-ilə genişlənir. Lakin bununla bərabər saxta qızıl məmulatlarının satışı da davam edir. «İş ondadır ki, alıcılar çox vaxt malın üzərindəki əyara və sertifikata diqqət eləsələr də, bu, heç də həmişə qızılın təmiz olduğuna zəmanət vermir. Saxta qızıl satışı hallarına xüsusilə də qızıl əldə, lombardda və ya bazarda satılarkən rast gəlinir».

«MÜXALİFƏT ANLAMALIDIR Kİ, ONLARIN QATARI GEDİB»

«Yeni Azərbaycan» qəzeti YAP icra katibinin müavini Mübariz Qurbanlının müsahibəsini dərc edib.

Mübariz Qurbanlı Milli Şura haqqında bildirib ki, «Milli Şura» deyilən qurum haqqında mənasız hay-küy qaldırırlar. Əvvəla, deyim ki, belə bir qurum yarandı-yaranmadı, bu, Azərbaycanın ictimai rəyinə heç bir təsir göstərməyəcək. Baxın, deyirlər ki, «Milli Şura» adı altında bir qurum elan edəcəyik. Yaranandan 5-10 gün sonra görəcəksiniz ki, bu, yalandan hay-küy idi. Bu hay-küyün arxasında heç nə dayanmır».

YAP icra katibinin müavini deyib ki, «müxalifətdə bir şeyi anlamırlar ki, əgər sizin sosial dayağınız yoxdursa və əhali tərəfindən müdafiə edilmirsinizsə, sizin hansı ad qoymağınızın heç bir əhəmiyyəti yoxdur. Anlamalıdırlar ki, onların qatarı gedib, onların hay-küylərinə heç kim inanmır və onların da arxasınca heç kim getməyəcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG