Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:33

Xocalı köçkünləri Ədliyyə Nazirliyində döyüldüklərini söyləyirlər


-
15:00 - XAHİŞ ETDİLƏR Kİ, ŞİKAYƏTÇİ OLMAYAQ

Yasamal rayon polis idarəsinə aparılanlar məcburi köçkünlər sərbəst buraxılıblar. Onlardan Vüqar Nəcəfovun AzadlıqRadiosuna verdiyi məlumata görə, idarədə onlardan şikayətçi olmamaqları istənib:

«AzadlıqRadiosunun jurnalisti gedəndən sonra nazirliyin özündə polislər bizi döydülər, qan izləri indi də üzümdədir. Bacılarımı, qardaşımı da döyüblər. Sonra bizi Yasamal rayon polis idarəsinə gətirdilər. Burada rəis bizdən xahiş etdi ki, bizi döyənlərə qarşı şikayətçi olmayaq».

Xəsarət aldıqlarını deyən məcburi köçkünlər, vəkilləri ilə məsləhətləşdikdən sonra şikayət ərizəsi ilə polisə müraciət edəcəklərini deyirlər.

Yasamal rayon polis idarəsindən məcburi köçkünlərin idarədə olduqlarını təsdiqləsələr də, əlavə heç bir məlumat vermədilər.

13:00 - MƏHKƏMƏNİN QƏRARI : ƏRAZİ BOŞALDILMALIDIR

Sabunçu rayon icra hakimiyyətinin Pirşağı qəsəbə nümayəndəsi Ramil Əliyev AzadlıqRadiosuna bildirib ki, məcburi köçkünlərin şikayətinə artıq məhkəmədə baxılıb və məhkəmə qərarı olduğuna görə icra hakimiyyəti bu məsələyə müdaxilə etmir.

Pirşağı sanatoriya kurort birliyinin baş direktoru Ərsalam Məmmədov isə deyir ki, ərazi Həmkarlar Konfederasiyası nəzdində «Kurort» səhmdar cəmiyyətinə aiddir və həmin ərazi boşaldılmalıdır:

«Məcburi köçkün kimi həmin ərazidən illərdir ki, istifadə ediblər. İndi dövlətin başqa planları var, istəyir orada tikinti aparsın. Məcburi köçkünlərsə deyir ki, ərazi bizimdir. İndi dövlət nə etsin? Ali məhkəmə də qərar çıxarıb ki, o ərazi boşaldılmalıdır. Ərazinin satılması söhbəti yoxdur, 13 hektar boş ərazidə sanatoriya salınacaq».

Şikayətçilərin AzadlıqRadiosuna verdiyi məlumata görə, Yasamal rayon polis idarəsinə aparılanlar hələ də idarədədirlər. Məlumatı polis idarəsindən də təsdiqləyiblər.

10:00 - MƏCBURİ KÖÇKÜNLƏR NAZİRLƏ GÖRÜŞMƏK İSYƏTİB

Ədliyyə Nazirliyinə şikayətə gələn Xocalı köçkünləri AzadlıqRadiosunun əməkdaşına polisin kobud rəftarı ilə üzləşdiklərini bildiriblər. Hadisə bu gün – mayın 16-da səhər saatlarında olub. Pirşağıdakı «Qızılqum» sanatoriyasında məskunlaşan məcburi köçkünlər ətrafdakı ərazidən mal-qaralarının çıxarılmasına etiraz üçün ədliyyə nazirinin qəbuluna düşmək istəyirlərmiş.

«Sanatoriya yaxınlığındakı 1 hektar ərazinin bir hissəsində mal-qara saxlayıb, onunla dolanırıq. İndi deyirlər ki, ordan çıxmalısınız. İstəyimiz odur ki, həmin yerdən, heç olmasa, mal-qara saxlamağa 10 sot torpaq verilsin. Nazirlə görüşüb, dərdimizi demək istəyirdik ki, polis bizi sürüyüb, ərazidən uzaqlaşdırdı» – etirazçı Sevda Kərimova belə deyib
Şikayətçilərin sözlərinə görə, daha sonra nazir müavinlərindən biri onları qəbul edərək məsələnin araşdırılacağını söyləyib.

AzadlıqRadiosunun əməkdaşı hadisə yerindən uzaqlaşdıqdan sonra şikayətçilər telefonla bildiriblər ki, polis onları döyərək Yasamal rayon polis idarəsinə aparıb.

Olayın inkişafı, baş verənlərin detalları, polisin və ədliyyə nazirliyinin məsələyə münasibəti haqda daha ətraflı məlumat gün ərzində sayta yerləşdiriləcək. Azadlıqda qal.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG