Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:18
-
– «Ironman» filminə baxdım. Sonra fikirləşdim ki, niyə mən də belə bir robot hazırlamayım?

Turan Məmmədli adını çəkdiyi «Dəmir adam» filmindən ilhamlanaraq düzüb-qoşub yeni bir ixtirasını ortaya atıb. O, Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsidir. İddia edir ki, yeni təyyarə mühərriki icad edib – yanacaqsız mühərrik!.. İcadını «Plazma tipli mühərrik» adlandırıb. Artıq bildiniz: bu mühərriklər yanacaqsız işləyəcəkmiş. Necə? Özündən eşidək:

«YANMA KAMERASI» OLACAQ «QIZMA KAMERASI»

«Bu mühərriklərdə istilik yanacaqdan alınır. Yalnız plazma tipli mühərriklərdə belə olur – plazma havanı qızdırır və beləcə, istilik alınır. İndiki təyyarələrin «yanma kamerası» da adını dəyişəcək və olacaq «qızma kamerası». Axı hava qızdırılanda yüksək təzyiq alınır. Bu yüksək təzyiq sayəsində soplodan yüksək sürətdə hava axını çıxır, təyyarəni önə doğru itələyir. Plazma havanın ionlaşmış şəklidir. Bu da sxemin ən sirli hissəsidir».

Turan Məmmədli iddia edir ki, plazma tipli mühərriki olan təyyarələrin yanacaq mühərrikli təyyarələrdən xeyli üstünlüyü var. Bu, həm yanacaq sərfiyatına 100 faiz qənaət, həm də həmişəkindən 3 dəfə çox sərnişin daşınması deməkdir.

Sərnişin təyyarələrində çəkinin böyük hissəsi yanacağın payına düşür. Deməli, əsas yük yanacaqdır. Bu üzdən təyyarənin ölçüsü böyük olsa da, lap çox sərnişin götürə bilmir. Plazma mühərrikləri yanacaqsız çalışdığından sərnişin tutumu 2 min nəfəri aşa bilər. Bu, təyyarənin sürətini yüksəldir, üstəlik, yanacağa da 100 faiz, yəni tam qənaət etməyə imkan verir. Ekoloji təmizlik də öz yerində – atmosferə heç bir zərərli qaz atılmır.

«SƏRNİŞİN TUTUMU 2 MİN 500-Ə ÇATACAQ»

«Boeing» təyyarələri qənaətcil sayılır. Onların yanacaq tutumu 60 tondur. Hər saata 1-2 ton civarında yanacaq sərf edirlər. «Airbus A3xx» təyyarələri orta hesabla 850 sərnişin daşıyır. Çəkisi təxminən 570 ton olan bu təyyarələrin yanacaq çəkisi 260 ton civarındadır. ABŞ-ın ən böyük aviasiya şirkətlərindən sayılan «US Airlines» təkcə bu ilin yanvarında təyyarələrdə 1.2 milyard qallon (1 qallon 4.5 litrdir) yanacaq istifadə edib. Bu da 32 milyard 200 milyon dollar deməkdir.

Turan Məmmədli iddia edir ki, bu təyyarələr plazma mühərriklərindən yararlansa, bir təyyarənin sərnişin tutumunu 2 min 500-ə çatdırmaq olar. Yanacaq işlənməyəcəyindən sərf edilən milyonlar da ölkəyə qalacaq. Plazma tipli mühərriklərin sayı təyyarələrin ölçüsündən asılı olaraq 2-6 arasında dəyişə bilər:

«Bir plazma tipli mühərrikin hazırlanması təxminən 100 milyon dollara başa gələr. Bu rəqəm «Airbus A3xx»də bir mühərrikin 32 milyon dollara hazırlandığını diqqətə alsaq, çox görünür, amma... Amma yanacaqsız mühərrikin danılmaz üstünlükləri var – həm daha uzunömürlüdür, həm də keyfiyyətli və güvənlidir. Ekoloji faydası da öz yerində. «Airbus A3xx»in layihədən gerçəyə çevrilməsi təxminən 15 milyard avroya başa gəlib. Yanacaqsız təyyarə də elə həmin məbləğə gerçəkləşdirilə bilər».

Turan Məmmədli gələcəkdə plazma mühərriklərini kosmik raketlərə də tətbiq etməyi düşünür. Deyir, peyklər maksimum 20 il fəzada qalır və bu müddət bitəndən sonra yanacağı bitdiyindən idarə edilmir və istifadəyə yararsız olur.

«YALNIZ DONORLARLA İXTİRAÇILAR ARASINDA VASİTƏÇİ OLA BİLƏRİK»

Bəs bu məsələdə Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi hansı işləri görə bilər?

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirir ki, komitənin işi sənaye mülkiyyətli obyektlərin mühafizəsini həyata keçirmək, ixtiranın məhz ixtiraçıya məxsus olub-olmadığını hüquqi baxımdan təsdiqləməkdir:

«Belə layihələri müxtəlif donor təşkilatları və QHT-lər maliyyələşdirir. Yetər ki, ixtiraçı həmin ixtiranın cəmiyyət və sənaye üçün əhəmiyyətini qabarda bilsin. Sahibkarlar da var ki, ixtiraçıları öz biznes maraqları baxımından maliyyələşdirir. Biz, sadəcə, həmin donorlarla ixtiraçılar arasında vasitəçi ola və təşviq edə bilərik ki, bu ixtiranın cəmiyyətə, sənayenin inkişafına müsbət təsiri var».

İXTİRAÇIYA XARİCDƏN TƏKLİFLƏR GƏLİB

Turan Məmmədlinin fikrincə, onun ixtirasını reallaşdırmaq baxımından Azərbaycanın yetərli maddi və texniki resursları yoxdur. Buna görə də üz tutub xarici dövlətlərə:

«Artıq bu barədə bir neçə xarici dövlətlə danışmışam. TALPA-dan (Türk Hava Yolları Pilotlar Assosiasiyası) Gürcan Mantı ilə danışıqlar aparmışam. O təklif edib ki, sxemi Türkiyəyə yollayım, bunun üzərində araşdırmalar aparsınlar və patentləşdirməni orada etsinlər. İran neft şirkətindən də təkliflər gəlib».

Yeri gəlmişkən, 2012-ci ilin iyununda İran tədqiqatçıları mühərriksiz təyyarə düzəldə biliblər. «Ava-101» təyyarəsi 3 saat havada qalmağı bacarıb.

Turan Məmmədli təkliflər üzərində düşünüb, hələ ki, Türkiyənin üzərində dayandığını deyir. Bu layihəni müttəfiq dövlətlərlə reallaşdırandan sonra Azərbaycanda özünün «Turan Industries» şirkətini qurmaq istəyir. Düşünür ki, quracağı şirkət Azərbaycana xeyli sayda gəlir gətirəcək və gəlirlərdən ödənəcək vergilər Azərbaycan iqtisadiyyatını çiçəkləndirəcək. İxtiraçı tələbəyə görə, hələlik xəyalında qurduğu həmin şirkət öz məhsullarını bütün dünyaya ixrac edə biləcək və fəaliyyətə başladığı 3 ildən sonra dövlətə ildə 50 milyard dollar xeyir verəcək.

Şərhləri göstər

XS
SM
MD
LG