Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:42

"Babam dedi, görəsən, Allahın altında nə yaxşı iş gördük ki, sən şair oldun"


Cavid Zeynallı və Aygül Qurbanova

Cavid Zeynallı və Aygül Qurbanova

-

İndi Murakamini ingilis dilində oxuyuram.

Fərid mənim şeirlərim haqqında vulqar ifadəsini işlətmişdi. Demək istəyirəm, o şeirlər vulqar yox...

Nigar Anın, Aytən Nəsibbəylinin şeirləri uğurlu şeirlərdir.


"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçmiş yazarlarla müsahibələrimiz davam edir. İki şeiri ilə qısa siyahıya keçmiş Aygül Qurbanova Cavid Zeynallı söhbətləşib.


- Aygül, imzanı tanıda bilmisənmi?

- Əslində, imzamı hamıya tanıtmaq kimi bir iddiam olmayıb. Düşünürəm, nəyisə ciddi-cəhdlə, məqsədli şəkildə edirsənsə, bu, yazarın azadlığını əlindən alır. Mənim yaradıcı dostlarım var, həmişə təklif ediblər ki, filan redaksiyaya gedək, filan kəsə müraciət edək. Amma mən heç vaxt bunu istəməmişəm. Sadəcə, özümə müəllim bildiyim insanlar var – Səlim Babullaoğlu, Salam Sarvan. Səlim müəllim şeirlərimi xüsusən bəyənib, inandırıb ki, uğurludur, mütləq alınacaq. Şeirlərim müxtəlif saytlarda çap olunub. Rəbiqə Nazimqızı baş redaktoru olduğu azlit.net ədəbiyyat saytında şeirlərimi çap edib. Aysel Əlizadə şeirlərimi bəyənmişdi, “Ulduz” jurnalında dərc etdi. Bir ay publika.az saytında çalışdım, sonra dərslərimə və bəzi başqa məsələlərə görə uzaqlaşdım.

- Əslində, biz səninlə söhbətə tanışlıqdan başlamalıydıq…

- 21 yaşım var, Sumqayıtda anadan olmuşam. Sumqayıt ədəbi mühitinə qaynayıb-qarışmağa, belə deyək, vaxt olmadı. Ali məktəbə qəbul olundum, Bakının ədəbi mühitinə qatıldım. İndi filologiya fakültəsinin dördüncü kurs tələbəsiyəm. Sumqayıt ədəbi mühiti artıq paytaxt ədəbi mühitinə qarışıb. Feyziyyə, Sahilə İbrahimova istedadlı hesab etdiyim yazarlardır. İbrahim İlyaslı, Xan Rəsuloğlu bizə həmişə dəstək olublar. Xan Rəsuloğlunun kitab mağazası Sumqayıtlı yazarların sanki bir məbədi, məscidi, kilsəsidir. İki gün əvvəl Çexovun kitabını aldım, mənə üstündə Tolstoyun iki cildliyini hədiyyə etdi.

- Dünya ədəbiyyatından kimləri oxuyursan? İstərdim, bu haqda geniş danışasan.

- Çox oxuyuram. Onuncu sinifdən dünya ədəbiyyatını oxumağa başladım. Pablo Nerudanı, Borxesi, Bukovskini çox oxuyuram. Hazırda Somerset Moemin “Teatr” romanını mütaliə edirəm. İngilis və rus dillərində rahat oxuyuram, bu, mənə daha xoşdur. İndi Murakamini ingilis dilində oxuyuram.
Aygül Qurbanova

Aygül Qurbanova


- Şeir yazmağına ailədə, dostlar arasında münasibət necədir?

- Mənim yazmağımı ailəm hədsiz sevinclə qarşılayır. Məndən daha həvəsli, maraqlıdırlar. Anam müsahibəyə gəldiyimi eşidəndə çox sevindi. “Ulduz” jurnalında şeirlərim çıxanda babam elə fərəhləndi ki… Axı, “Ulduz”da onun sevdiyi şairlər dərc olunublar. Mənə dedi, görəsən, Allahın altında biz nə kimi yaxşı iş gördük ki, sən şair oldun. İndiyədək yüzdən artıq şeir yazmışam, amma kitab çıxarmağa xüsusi iddiam yoxdur. Yəqin, nə vaxtsa bu da olacaq.

10-luq siyahıya düşən şeirimi ən zəif şeirim hesab edirəm. Heç inanmırdım, onlar seçilər. Onluq siyahını normal qiymətləndirirəm. 20-lik siyahıda İbrahimxəlilin şeirləri vardı, təəssüfləndim ki, onlar seçilmədi. Ramil Əhməd, Elçin Aslangil müsabiqədən uzaqlaşdırıldılar, məncə, onlar hər ikisi onluğa düşə bilərdilər. Düşünürəm, Sara Selcanın şeirləri Elçinin şeirlərindən zəifdir. Daha çox Könül Həsənqulunun şeirlərini sevdim, amma məncə, Könülün onluqdakı şeirləri onun ən zəif şeirləridir. Nigar Anın, Aytən Nəsibbəylinin şeirləri uğurlu şeirlərdir. Özümü üçlükdə görsəm, təəccüblənmərəm. Mən də olmasam, Könül, Nigar, Aytən üçlük siyahıya düşə bilərlər.

- Nəsr yazırsan?

- Məni daha çox şeir maraqlandırır. Daha çox araşdırma yazıları yazmışam. Məsələn, Tarkovski, Karl Marks haqqında. Düşünürəm, nəsr yazsam, pis alınmaz. Çağdaş Azərbaycan nəsrini izləyirəm və düzünü deyim, bəh-bəhlə danışa bilməyəcəm. Mirmehdi Ağaoğlunun “Görüş” və “Küləyi dişləyən” romanlarının adını çəkə bilərəm və hesab edirəm, hər ikisi uğurlu əsərlərdir.

- Başqa demək istədiklərin var?

- Fərid mənim şeirlərim haqqında vulqar ifadəsini işlətmişdi. Demək istəyirəm, o şeirlər vulqar yox, azad şeirlərdir. Və onluqda mənim şeirlərimdən azad şeirlər yoxdur. Ümumiyyətlə, əsərdə vulqarlığın olmağı məqbuldur. Mən müsabiqəyə göndərdiyim şeirləri şeir yazmaq xətrinə yazmamışam. Düzü, müsabiqəyə qatılmaq niyyətim yox idi, sadəcə, “Oxu zalı”nda çap olunmaq istəyirdim. Şeirləri “Oxu zalı”nın e-mail-inə göndərəndə, cavab gəldi ki, əsəriniz müsabiqəyə qəbul olundu. Cavab yazdım ki, müsabiqə üçün göndərməmişəm, yenə cavab gəldi, oldu, “Oxu zalı”nda çap olunmaq üçün münsifə (seçim üçün) göndəriləcək. Sonra fikrimi dəyişdim, istədim özümü müsabiqədə sınayım, bəlkə bu bir qismətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG