Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:26

7 yaşlı Aysunun ölüm səbəbi araşdırılır


Aysu İbrahimova
Aysu İbrahimova
-

Əsəb xəstəliyindən əziyyət çəkən atanın zibil qutusuna atdığı dərman ailədəki iki uşaqdan birinin ölümünə səbəb olub.

Göyçayın Ləkçılpaq kənd sakini Ziya İbrahimov Maştağadakı Ruhi-Əsəb Dispanserindən evə dönərkən əlindəki «fenazepam» dərmanını zibil qutusuna atıb («fenazepam» 1974-cü ildən buraxılan psixotrop dərman növüdür. Ensiklopediya məlumatlarına görə, yalnız keçmiş SSRİ-də istifadə edilib – red.). Qızı 7 yaşlı Aysu dərmanı götürərək həblərdən 5-ni özü atıb, birini də kiçik qardaşına verib. Sonradan vəziyyəti ağırlaşan Aysu nə etdiyini babası Faiq İbrahimova söyləyib. Bundan sonra hər iki uşaq rayon xəstəxanasına aparılıb.

Faiq İbrahimovun AzadlıqRadiosuna dediyinə görə, ilkin tibbi yardımdan sonra qızın vəziyyəti normallaşdığından həkimlərin məsləhəti ilə xəstəxanadan çıxarıb. Amma ertəsi gün səhər uşağın durumu ağırlaşır və huşsuz halda yenidən xəstəxanaya aparılır. Həkimlərin bütün səyləri nəticə vermir və uşaq ölür.

«YARDIM GÖSTƏRİLSƏ DƏ, UŞAQDA İRƏLİLƏYİŞ OLMAYIB»

Aysunun baba və nənəsi
Aysunun baba və nənəsi
Aysunun ailə üzvləri belə hesab edirlər ki, həkimlər xəstəni sağalda bilməyəcəklərini əvvəlcədən söyləsəydilər, onlar digər xəstəxanalara üz tutardılar.

Göyçay rayon xəstəxanasının pediatriya şöbəsinin müdiri Rafael Fazilov AzadlıqRadiosuna müsahibəsində bildirib ki, xəstəxanaya gətiriləndə uşağın vəziyyəti ağır olub. Şöbə müdirinin sözlərinə görə, ilk tibbi yardımdan sonra Aysunun səhhəti düzəldiyindən ailəsi və həkim Vüqar Davudovla razılaşmadan və yazılı izahat alınandan sonra uşaq evə buraxılıb:

«Mayın 12-də səhər saatlarında uşaq yenidən xəstəxanaya gətirilib. Bu vaxt vəziyyəti ağır olub. Hər cür yardım göstərilsə də, uşaqda irəliləyiş olmayıb. Vəziyyətinin ağırlığına görə, Bakıya göndərmək də mümkün olmayıb».

Rafael Fazilovun fikrincə, uşaq kəskin dərman zəhərlənməsindən ölüb.

Məsələ Göyçay rayon prokurorluğunda araşdırılır.
XS
SM
MD
LG