Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:05

Xudat hadisələrinə görə həbs olunan 4 nəfərin yeri bəlli oldu


-
Xaçmaz müsavatçılarının həbsi Xudatda baş verənləri gündəmdən çıxarıb. İndi heç kəsi xudatlı Rafiq Hüseynovu söyüb döydüyü iddia olunan hərbçi Rövşən Səfərovun əməllərinə hansı qiymət verilməsi maraqlandırmır. Çünki diqqət həbsdə olan müsavatçıların üzərindədir.

«HƏBSDƏKİLƏRİN GİZLƏDİLMƏSİ İŞGƏNCƏ EHTİMALLARINI ARTIRIB»

«Hakimiyyət Xudatda baş verənləri gizlətmək üçün oradakı hadisələri Bakıya ötürən müsavatçıları cəzalandırmaq qərarına gəlib. Partiyanın 3 üzvü və Nüsrət Qarayev adlı bitərəf həbs olunub. Partiyanın Xaçmaz təşkilatının sədri Heybət Əmrah hadisə günü ümumiyyətlə, Xudatda olmayıb. Ancaq ona qarşı aksiyada iştirak ittihamı irəli sürülüb. Onun gördüyü iş isə bundan ibarət olub ki, Xudatda baş verənləri sosial şəbəkələrdə yayıb, media da bu xəbərləri dərc edib. Digər müsavatçı Fikrət Əliyev aksiya iştirakçılarının arasında olub, xudatlını təhqir etmiş hərbi hissə komandirinin üzr istəməsini tələb edib. Ələddin Mirzəyev aksiyada olmayıb, kənarda müsahibə verib. Bitərəf Nüsrət Qarayev də aksiyaçı kimi həbs olunub».

Bunu Xudat hadisələri ilə bağlı həbsdə olan müsavatçılara görə mayın 14-də Müsavat Partiyasının qərargahında keçirilən mətbuat konfransında partiya başqanının müşaviri Mustafa Hacıbəyli deyib.

O, partiyanın Xaçmaz təşkilatının sədri Heybət Əmrahın vəkili Nemət Kərimli ilə birlikdə mayın 13-də Xaçmaz və Quba polis şöbələrində olub. Onlara hər iki polis şöbəsindən həbsdə olanların orada saxlanmadığını deyiblər. Xudatda həbslər

Xudatda həbslər

Mustafa Hacıbəyli deyir ki, həbsdə olan partiya üzvlərinin gizlədilməsi onlarda həbsdəkilərə işgəncə verilməsi ehtimalı yaradıb.

«TƏSADÜFİ TOPLANTILARA İCAZƏ TƏLƏB OLUNMUR»

Nemət Kərimli bildirdi ki, Xudatda baş verənlərə görə həbslər qanunsuzdur:

«Məhkəmə Heybət Əmrahı günahlandırıb ki, guya o, icazəsiz keçirilən küçə yürüşündə yüksək səslə şüarlar qışqırıb. Halbuki bu adam ümumiyyətlə orda olmayıb. Bundan başqa, təsadüfən keçirilən toplantılarda icazə tələb olunmur».

Sonra vəkil polis şöbələrini gəzərək müvəkkilini axtarmasından danışıb:

«Mayın 13-də Xaçmaz və Qubadakı polis şöbələrində onu axtarıb tapmayandan sonra DİN 102 xidmətinə zəng vurmaq məcburiyyətində qaldım. Axşam saatlarında Xaçmaz polis şöbəsinin növbətçi hissəsindən mobil telefonuma zəng vuraraq Heybət Əmrahın Quba polisində saxlandığını dedilər».

Ancaq həm vəkil, həm də müsavatçılar polisin bu məlumatına şübhə ilə yanaşırlar.

Mustafa Hacıbəyli:

«Hələ bu da dəqiq deyil, çünki tutulanların yaxınları bu gün Quba polis şöbəsinə yemək aparsalar da, yenə qəbul etməyiblər».

Mustafa Hacıbəyli partiya tərəfindən Xudat hadisələrinə görə digər həbsdə olanlara da vəkil tutulacağını bildirib.

«TUTANDA SORUŞMURLAR Kİ, MÜSAVATÇISAN, YOXSA CƏBHƏÇİ»
Vidadi İskəndərli

Vidadi İskəndərli


Hüquq müdafiəçisi Vidadi İsgəndərli isə həbsdə olanlara ictimai münasibəti pislədi:

«4 gündür ki, 4 nəfər həbsdə saxlanılır. Yerləri bilinmir, başlarında nə iş var, o da bəlli deyil. O 4 nəfərə niyə başqa müxalifət partiyaları və təşkilatlar biganə yanaşır? Axı onları tutanda soruşmurlar ki, bu müsavatçıdır, yoxsa cəbhəçidir».

Mayın 9-da günorta saatlarında Xudat sakini Rauf Hüseynovun avtomobili ilə Dövlət Sərhəd Xidməti hərbçilərinin avtomobili toqquşub. Olayın şahidi olduqlarını bildirən sakinlərin söylədiyinə görə, ərazidəki hərbi hissəsinin komandiri Rövşən Səfərov avtomobildən düşərək sürücünü və onun avtomobildə olan ailə üzvlərini söyüb. Sürücünün yanında oturmuş atası Rafiq Hüseynova da yumruq atıb və sillə vurub. Xudat sakinləri buna etiraz olaraq küçəyə çıxıblar və hərbçinin cəzalandırılmasını tələb ediblər. Əraziyə Dövlət Sərhəd Xidmətinin komandanı Elçin Quliyev gəlib, adamlarla görüşərək araşdırma aparılacağını və hərbçinin hərəkətləri ilə bağlı tədbir görüləcəyini vəd edib.

Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaların davam etdiyini deyir. Dövlət Sərhəd Xidməti isə hadisəyə hələ də rəsmi münasibət bildirməyib.
XS
SM
MD
LG