Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:29

Məmməd Əbülfəzoğlu. Sinəmə qoyduğun güzgüylə keçdim lal axan sulardan


Məmməd Əbülfəzoğlu
Məmməd Əbülfəzoğlu
-




"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçən yazarları "Oxu zalı"nda daha geniş təqdim edirik.



Məmməd Əbülfəzoğlu


Yaxşıyam

Sinəmə qoyduğun güzgüylə keçdim
lal axan sulardan Aytən
əslində yenə
elə-belə çəkilmiş bir mənzərənin ortasıyam
soruşmağın eybindən çox
bilməmənin sonlarında ayıldım
torpaq yeməklə başlayırmış oğulluq
içində ən çox mühacir böyüdən qitənin adıymış sevgi ...
Ax ki, bir zaman yəhərlədiyim hünər baxdığım itiylə demişdim
bütün evlərdə elə-belə böyüdülsün bəzi kəlimələr
dəbilqə deyincə qaç gizlən
sevirəm deyincə baş ağrısı
bildin, bax yenə kəndir unudulmuş ağzımızın kənarında
kəpənəklər boğdurulmuş quyulardan yuxularınla dönürəm.

Düzünə qalsa o yanıq məscid hələ də orda
yanında döyülmüş üzüm
böyüdükcə şərabla hallanmış üsyanı uşaqlığımın
və vurduqca üstümüzə qaytarılan plastik toplar.
bundandır hələ də bəzi günlər bəzi günlərdən daha inandırıcı
məktublar qoyulur zərflərə ...
qanatmır çöldən içəriyə yığışdırılınca gecə
künclərin ağır rəftar şəkli olması bir tərəfə
bilmirəm niyə o sandıqların içində kələğayı qırmızı
niyə hər gün eyni teyimlə əl qaldırıram həyata
lövhələrə adını yazıram...

Sinəmə qoyduğun güzgünü saymasaq yaxşıyam Aytən
yetişdiyim bütün əcaiblərin ortasında xına sonunda toy
bax bu çadır bu da yaramıza yapışan gərdək
hansı tərəfimizə yatsaq da qaş- qabağımız şərq oyanır
çünki burada darısqaldır insan həyata
çünki uzun olmasına uzundur kənd gecələri
amma heç bitməsəydi, gözəldin...

Sinəmə qoyduğun güzgünü saysaq da yaxşıyam Aytən
Lal axan sulardan keçdim adı dövlət olan qorxumla
döydüyüm hər qapının qarşında yaşlandım
dəvət olunmadığım süfrələrdən qovdurdum özümü
ən çox içimə yaraşdı səsim...
Yenə də geç yada düşən fəndlə yuvarladım könlümü yuvana
olmadı ...bilirəm içimizi bu qədər sökməsəydi danyeri
səni daha da səliqəylə sevə bilərdim.


Məsələn biz

İllərdir hamının hamıya ögey olduğu yerdən danışıram
yenə də keçmir üzümdəki şillə izi
düşmür içimdə unudulan daş
tənbəl hərflərdən ad seçirəm özümə
beş vaxt əhəng dadan evlərdə
suyun və kədərin dərsinə baxıram

əlbət getmək, keçi yolları,
tuluq və başqa-başqa bitkilər olmadan da
yan-yana gələ bilməlidir insan və yetim
Başında ağlanılan təndir
mütləq gördün ömür nə qədər fəlakət
uzaq adında neçə oğulun atası
nəçə kəlimə laqeyd neçə kəlimə öz başına
məsələn qaib məsələn əfsun

bəlkə də insan
iki təlaş iki cəza
hərdənbir bükülən boyun
hər günə əcəl yaşında
hər günə üç öyün ilişmiş günah
bütün cavablarınıza ən düzgün sual var amin
yenə də bir səhv buraxdınız vağzalıda
gəlinləri güzgülərdən əvvəl aparan

illərdir hamının hamıya dua yazıldığı yerdən danışıram
heç bir yerdən keçərək gəlmişdim mən buraya
madam ki şərq onda xirgə demişdim
qumdan dənizi öyrəndim , yaradan bıcağı
artıq ən kobud duruşun fağırlıq olduğu şəkillərim var
quyum qədər üstündə tapıldım dünyanın
yenə də durdum , gəzdim nöqsan nöqsan
sonra nə zaman böyüdümsə üzr istəyirəm
bir bəhanə tapa bilmədim qalmaq üçün yanında
məsələn biz məsələn qlobal böhran

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG