Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01

Q. Həsənquliyev: «YAP da böyüklük göstərməlidir»


Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev

-

«BU, KÜTLƏVİ İTAƏTSİZLİYƏ APARAN YOLDUR»

Bunu mayın 14-də Milli Məclisin iclasında deputat İqbal Ağazadə sutkalıq həbs olunan gənclərin işə cəlb olunması ilə bağlı fotolarının yayılmasına etiraz edərkən deyib:

«Bunu onlar özləri çəkməyib, onların əlində mobil telefon olmayıb. Bunu biz bilirik ki, kim edib, niyə edib? Təbii ki, bunu hüquq-mühafizə orqanları ediblər, bunu kim edibsə, bu, kütləvi itaətsizliyə aparan yoldur».

OQTAY ƏSƏDOV: BUNU KİM EDİBSƏ, AR OLSUN ONA!

Spiker isə bu hadisəni qınadıqlarını dedi. Amma o, bu məsələdə hüquq-mühafizə orqanlarının ittiham etməsinə etirazını bildirdi:

«Bunu tam əminliklə hüquq-mühafizə orqanlarının etdiyini deyirsən. Əlində sənəd olmadan bunu düz demirsən. Xahiş edirəm araşdırın, sonra münasibət bildirin. Bunu kim edibsə, ar olsun ona!».

«ŞƏHİDLƏR XİYABANINA LÖVHƏ VURULSUN»

Zahid Oruc Şəhidlər Xiyabanı ilə bağlı təkliflə çıxış edib. Onun dediyinə görə, xarici qonaqlar Azərbaycana gələrkən ilk ziyarət olunan yer Şəhidlər Xiyabanı olur:

Zahid Oruc

Zahid Oruc

«Qonaqlar ancaq 20 yanvar şəhidlərini ziyarət edirlər və ziyarət yuxarıda bitir. Amma burda 3 nəsil şəhid uyuyur və təklif edirəm ki, xaricdən gələn qonaqların görməsi üçün bu barədə Xiyabanın girişinə ingilis və müxtəlif dillərdə lövhə vurulsun».

Deputat daha sonra Türkmənçay müqaviləsinin ləğv olunması ilə bağlı İran parlamentinin bəzi deputatları tərəfindən səslənən fikirlərə toxunub:

«Biz də heç olmasa Gülüstan müqaviləsi ilə tədbirlər keçirməliyik. Parlamenti çağırıram ki, müqavilənin 200 ilinin tamam olması ilə bağlı tədbirlər keçirilsin...».

«ZAHİD ORUC SƏN TƏCRÜBƏLİ MİLLƏT VƏKİLİSƏN...»

Bu zaman spiker onun sözünü kəsdi.

«Zahid bəy, sən təcrübəli millət vəkilisən, bizi provokasiyaya çəkirlər, sən buna niyə fikir verirsən? Mən də Gülüstan müqaviləsini eşidəndə içimdən yanıram, ona görə də dilimə gətirmirəm».

«XOCALI ABİDƏSİ DƏ PROTOKOLA SALINSIN»

Deputat Elman Məmmədov təklif edib ki, xarici qonaqların səfər protokoluna Xocalı faciəsi ilə bağlı abidənin ziyarət olunması məsələsi də daxil edilsin:

«Bu abidə bizdə yalnız fevralının 26-da ziyarət olunur. Xarici qonaqların protokol səfərinə salınsın, onlar ziyarət edər-etməz, özləri bilərlər».

Fazil Mustafa da Zahid Orucun Şəhidlər Xiyabanı ilə bağlı təklifini dəstəklədiyini dedi. Bildirdi ki, onsuz da SSRİ-nin bu məsələdə tutduğu mövqe bütün dünyaya məlumdur.

İRANIN AZƏRBAYCANLA ETDİYİ BAZARLIQ

Fazil Mustafa

Fazil Mustafa

Fazil Mustafa İranda həbs olunan azərbaycanlı alim Xalidə Xalidlə bağlı məsələni qaldırdı:

«Alimlərin həbsi tam əsassızdır. Onu guya casusluq fəaliyyətinə görə həbs ediblər. Mən başa düşürəm ki, diplomatik kanallar bu işlə məşğuldurlar. Qadın alimin həbsi bu, bir islam dövlətinə yaraşmayan haldır. Ona görə beynəlxalq təşkilatlara bununla bağlı müraciətlərimizi artırmalıyıq. İran bir neçə dəfədir ki, əsassız motivlərlə vətəndaşlarımızı həbsdə saxlayırlar. Sonra da bunu hansısa bazarlıq predmetinə çevirirlər».

Oqtay Əsədov bu məsələ ilə bağlı iki ölkənin parlament dostluq qrupuna tapşırıq verəcəyini, özünün isə İran parlamentinin sədrinə müraciət edəcəyini deyib.

ELÇİBƏYİN 75 İLLİK YUBİLEYİ QEYD OLUNSUN

Fərəc Quliyev isə iyunun 24-də sabiq prezident Əbülfəz Elçibəyin 75 illiyinin tamam olacağına toxunub və onun yubileyinin qeyd olunmasını təklif edib:

«Onun Azərbaycanın milli azadlıq hərəkatında mühüm yeri olub. Təklif edirəm ki, Elçibəyin də 75 illiyi ilə bağlı tədbirlər keçirilsin».

Qüdrət Həsənquliyev də bu təklifi dəstəklədi. Qeyd etdi ki, artıq Azərbaycan müxalifətinin böyük hissəsi Heydər Əliyevin dövlət müstəqilliyinin qurucusu olduğunu açıq söyləməkdən çəkinmir:

«YAP DA BÖYÜKLÜK GÖSTƏRMƏLİDİR»

«Elçibəy də milli azadlıq hərəkatının lideri olub. O, vəfat edəndə Heydər Əliyev onun cənazəsinin yanında dayanıb. YAP da böyüklük göstərməlidir. Ölkədə siyasi mədəniyyətin inkişafına imkan yaratmalı, onun adının əbədiləşdirilməsi üçün işlər görülməlidir. AXC-nin 90 illik yubileyi gəlir».

Günün bütün mövzuları

XS
SM
MD
LG