Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:09

Xudat olaylarında suallar cavabdan çoxdur


-
«Bizdə belə adam saxlanılmır».

Mayın 9-da Xudatda baş verənlərə görə barəsində 10 sutkalıq həbs qərarı çıxarılmış Müsavat Partiyasının Xaçmaz təşkilatının sədri Heybət Əmrahın vəkili Nemət Kərimli onun saxlandığı yeri tapa bilmir:

«Xaçmaz rayon Polis İdarəsində inzibati qaydada həbs olunanların müvəqqəti saxlama yerinin rəisi dedi ki, bizdə belə şəxs saxlanılmır».

Vəkil müvəkkilini DİN 102 xidməti vasitəsilə də axtarıb:

«Amma yenə tapa bilmədim. Qanunla, ona imkan yaradılmalı idi ki, yaxınlarına saxlandığı yer barədə məlumat versin».

O, bu gün (mayın 13-də) Heybət Əmrahla bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.

Heybət Əmrah mayın 9-dan 10-na keçən gecə yaşadığı mənzildən aparılıb. Ertəsi gün polis nəzarətində Xaçmaz məhkəməsinə gətirilərkən, o, AzadlıqRadiosunun müxbirinə bunları deyib:

«Konkret heç nə demirlər. Tutulmağımın səbəbini bilmirəm. Gətiriblər məhkəməyə, görək nə olur».

Onunla birlikdə saxlanılan müsavatçı Fikrət Əliyev məhkəmə öncəsində AzadlıqRadiosu müxbirinə saxlanma səbəbini belə açıqlayıb:
Xudatda müxalifətçilərin saxlanması

Xudatda müxalifətçilərin saxlanması

«Deyirlər guya biz hərbi hissənin qarşısında nümayişdə iştirak etmişik. Halbuki orada olmamışam. İndi gətiriblər bizi məhkəməyə».

Xaçmaz müsavatçıları Heybət Əmrah, Fikrət Əliyev, Ələddin Mirzəyev və bitərəf Nüsrət Qarayev Xudatda hadisələri qızışdırmaqda təqsirli bilinərək 10 sutkalıq həbs alsalar da, qohumlarının sözünə görə, harada saxlandıqları məlum deyil. Onlar 3 gündür ki, həbs edilənlərin yerini müəyyənləşdirməyə çalışırlar.

MÜSAVATÇININ AİLƏSİ ONUN YERİNİ AXTARIR

Heybət Əmrahın həyat yoldaşı:

«Həmin gün yasdan gəlib, yatmışdı. Gecə saat 3-ün yarısı olardı, gəlib çağırdılar, özləri ilə apardılar. İnternetdə Xudat hadisələrindən yazmışdı, müsavatçılar deyirlər ki, ona görə tutulub».

Digər müsavatçıların – Fikrət Əliyevin, Ələddin Mirzəyevin və bitərəf Nüsrət Qarayevin ailələri AzadlıqRadiosuna danışmaq istəməyiblər.

Xaçmaz polisi barəsində həbs qərarı seçilənlərin yerini öyrənmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə üz tutmağı məsləhət görür.

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə 10 sutka həbs cəzası almış müsavatçıların harada saxlanması barədə məlumatlı olmadıqlarını bildirib.

NƏDƏN SƏS-KÜY QOPDU?

Xudat sakini Rafiq Hüseynovun fikrincə, səs-küyə səbəb də, adamları etirazçıya çevirib birləşdirən də söyülüb-aşağılanmaları olub. Rafiq Hüseynov

Rafiq Hüseynov

Onun dediyinə görə, hadisələrin gedişində nədənsə söyüş məsələsi arxa plana keçib və müsavatçıların həbsi qabardılıb:

«Bu səs-küy ona görə çıxdı ki, o (hərbçi geyimli şəxsi nəzərdə tutur – red.), bizi söydü. Həm də var-yoxumuza söydü. Sonra da əl atıb məni yumruqla vurdu, gəldilər ayırdılar. Ayıranları da söydü. Xudat camaatı sağ olsun ki, məni tək qoymadı, dəstəklədi. Elçin Quliyev də (Dövlət Sərhəd Xidmətinin komandanını nəzərdə tutur – red.) məni qəbul edib dinlədi. Necə izahat vermişəmsə, Elçin Quliyevə də elə danışdım. Yəni? hər şeyi olduğu kimi. O da soruşdu ki, işdən çıxarım onu? Mən də dedim işdən çıxarmaqla iş bitir? Bu adam bizi təhqir edib. Dedi, o sizin işinizdir».

Mayın 9-da günorta saatlarında Xudat sakini Rauf Hüseynovun avtomobili ilə Dövlət Sərhəd Xidməti hərbçilərinin avtomobili toqquşub. Olayın şahidi olduqlarını bildirən sakinlərin söylədiyinə görə, ərazidəki hərbi hissəsinin komandiri Rövşən Səfərov avtomobildən düşərək sürücünü və onun avtomobildə olan ailə üzvlərini söyüb. Sürücünün yanında oturmuş atası Rafiq Hüseynova da yumruq atıb və sillə vurub. Xudat sakinləri buna etiraz olaraq küçəyə çıxıblar və hərbçinin cəzalandırılmasını tələb ediblər. Əraziyə Dövlət Sərhəd Xidmətinin komandanı Elçin Quliyev gəlib, adamlarla görüşərək araşdırma aparılacağını və hərbçinin hərəkətləri ilə bağlı tədbir görüləcəyini vəd edib.

Dövlət Sərhəd Xidməti hadisəyə hələ də rəsmi münasibət bildirməyib.

Şərhləri göstər

XS
SM
MD
LG