Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:15

Əli Həsənov: «Bütün vətəndaşların qarşısına açıq alınla çıxa bilərik»


Əli Həsənov

Əli Həsənov

-

«Əminəm ki, prezident İlham Əliyev 3-cü dəfə prezident seçiləcəyi təqdirdə gənclərin problemlərinin həllində, dövlət idarəçiliyində, ailə planlaşmasında, gənclərin mənzillə təminatında nəzərdə tutulandan da artıq işlər görüləcək».

Bu fikirləri Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclasında Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Məlumatı APA yayıb.

Mayın 13-də Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirilib. Gənclərin prezident İlham Əliyevin siyasətini tam dəstəklədiklərini bəyan etdikləri və bütün Azərbaycan gəncləri İlham Əliyevə səs verməyə çağırdıqları deyilir.

PA-nın rəsmisi Əli Həsənov bununla bağlı deyib: «İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin dəstəklənməsi və onun üçüncü dəfə prezident seçilməsində gənclərin qoyduğu iradə ortadadır. Biz bu iradəni dəyərləndiririk».

«GƏNCLƏR SİYASƏTİ İLƏ BAĞLI DÖVLƏT PROQRAMININ İCRASINA 100 MİLYONDAN ARTIQ VƏSAİT AYRILACAQ»

Əli Həsənov gənclər siyasəti ilə bağlı dövlət proqramının icrasına 100 milyondan artıq vəsaitin ayrılacağını deyib: «Faktiki olaraq təhsil, sosial və digər sahələrə dair layihələrimiz gənclərlə bağlıdır. Prezident İlham Əliyev gənclərə ipoteka kreditinin verilməsi məsələsini Nazirlər Kabinetinin iclasında ciddi tapşırıq kimi qarşıya qoydu. Azərbaycanın neftdən gələn gəlirlərindən gənclər daha asan şəkildə, daha praktik formada istifadə etmək imkanına malik olmalıdır. İpotekanın həcmi artırılmalı, istifadəsi asanlaşdırılmalıdır. Hər bir gənc ipotekadan istifadə edib öz təhsilini, yaşayışını, ailə planlaşdırılmasını, mənzil problemlərini həll etməlidir. Faktiki olaraq ortada dövlətin iradəsi var, bu iradənin reallaşdırılması üçün dövlət proqramı var. Ona görə də biz bu gün bütün opponentlərimizin və vətəndaşların qarşısına açıq alınla çıxa bilərik və onların qarşısında seçimimizin şüurlu olduğunu söyləyə bilərik».

«GƏNCLƏRİMİZİN BƏZİLƏRİNİ YOLUNDAN AZDIRIRLAR, DÖVLƏTÇİLİK İSTİQAMƏTİNDƏ FƏALİYYƏTDƏN ÇƏKİNDİRİRLƏR»

Əli Həsənov xarici təşkilatların Azərbaycana qarşı böhtan siyasətində gənclərdən bir mexanizm kimi istifadə etdiyini təəssüflə vurğulayıb:

«Bəzən xarici təşkilatlar Azərbaycan dövlətinə böhtan atırlar, təəssüflər olsun ki, böhtan kampaniyasında gənclərimizdən bir mexanizm kimi istifadə olunur. Gənclərimizin bəzilərini yolundan azdırırlar, dövlətçilik istiqamətində fəaliyyətdən çəkindirirlər, ayrı-ayrı çirkli mərkəzlərdən maliyyələşən qrantlar ilə onları qeyri-sağlam, antimilli yola sövq edirlər və onların informasiyası əsasında dövlətimizi, millətimizi xaricdə biabır edirlər, yürütdüyümüz siyasətin mahiyyətini təhrif edirlər. Və sözün əsl mənasında dövlət quruculuğu və idarəçiliyi ilə gənclər arasında uçurum yaratmaq istəyirlər. Əgər şüurlu gənclər onlara reaksiya və dirəniş verməsə, əlbəttə ki, onlar bu hədəflər sırasına normal gəncləri də alacaqlar. Azərbaycan 20 ildir formalaşmış və özünü tam təmin etmiş dövlətdir. Lakin hər bir dövlətin gücü onun vətəndaşlarının iradəsi ilə ölçülür».

«XALİDƏ XALİDİN AZƏRBAYCANA QAYTARILMASI İLƏ BAĞLI ZƏRURİ İŞLƏR GÖRÜLÜR»

Xalidə Xalid

Xalidə Xalid

Jurnalistlərin suallarını cavablandıran Əli Həsənov bir sıra məsələlərə də münasibət bildirib. O, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin aprelin 30-da İranda saxlanması haqda danışarkən deyib: «Xalidə Xalidin Azərbaycana qaytarılması ilə bağlı zəruri işlər görülür».

Əli Həsənov bildirib ki, dövlətin müvafiq qurumları bu yöndə fəaliyyətlərini davam etdirirlər: «Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə öz münasibətini açıqlayıb və bu işlə məşğuldur. Mənim buna münasibət bildirməyimin isə prosesə heç bir təsiri olmayacaq».

«MİLLİ DEMOKRATİYA İNSTİTUTU İLƏ MÜƏYYƏN ŞƏRTLƏR RAZILAŞDIRILIB»

Əli Həsənov ABŞ-ın Milli Demokratiya İnstitutu ilə gedən danışıqlar haqda da danışıb. O deyib ki, MDİ ilə keçirilən görüşlərdə müəyyən şərtlər razılaşdırılıb.

Ə. Həsənovun sözlərinə görə, Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı müvafiq qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılıb: «Azərbaycanda QHT-lər haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq, ABŞ-ın adıçəkilən qeyri-hökumət təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanda fəaliyyət göstərə bilərlər».

Əli Həsənov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərmək üçün yerli və beynəlxalq qurumların ilk növbədə Azərbaycan qanunlarının tələblərinə cavab verməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG