Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:43
-
Yerevanın mərkəzindəki 33-cü sahənin keçmiş sakinləri neçə ildir mənzil almaq üçün mübarizə aparırlar. Məsələ ondadır ki, bu sahə 2007-ci ildə dövlət ehtiyacları adı ilə ayrılıb. Ərazidə tikinti işlərini isə bu sahədə heç bir təcrübəsi olmadığı deyilən «City center development» şirkəti icra edir. Bu layihə şirkətin ilk iri miqyaslı işi olmalıydı. 33-cü sahənin keçmiş sakinlərindən biri:
«Əgər bizi mənzillə təmin edə bilmirdilərsə onda evlərimizi niyə sökürdülər? Evin təməlini qoydular, ancaq tikintini davam etmədilər, biz də küçədə qaldıq».
Sakinləri 2007-ci ildən köçürməyə başlayanda onlarla müqavilə imzalayıblar ki, 3 il yarımdan sonra evlərinin yerində yeni evlər tikiləcək və onlara yeni mənzillər veriləcək. Ancaq bu müddət çoxdan bitib. Sakin danışır:
«Biz artıq gözləmək iqtidarında deyilik, çünki həmin vaxtdan 3 il yarım yox, 5 il yarım vaxt keçib».
188 ailə öz evini tərk edib, onlardan 82-si Yerevanın Arqişte küçəsində mənzillə təmin olunub. 21 ailə qismən kompensasiya alıb və onun ikinci hissəsini gözləyir. Qalan 85 ailə isə ümumiyyətlə heç bir kompensasiya almayıb və kirayədə yaşamağa məcbur olub. Nune Karapetyanın ailəsi də belələrindəndir:
«Bizə növbə çatanda dedilər ki, mənzil qalmayıb və məcburən başqa mənzil təklifi gözləməliydik. Düşünürdük ki, əvvəl-axır mənzil alacağıq, ancaq bu gün məsələ dalana dirənib».
«City center development» hər ay Nune və onun uşaqlarına kirayə üçün təxminən 100 dollar pul ödəyir. Bu məbləği mənzillə təmin olunmayan ailələrin hamısı alır. Hərçənd, sakinlərdin birinin dediyinə görə, bu pul kirayə haqqını ödəməyə çatmır.
«Biz şəhərin mərkəzində yaşamağa alışmışıq, bu məbləğə isə şəhər kənarında belə kirayə tutmaq olmur. Məcbur olub başqa şəhərdə - Abovyanda yaşayırıq. Üstəlik, 2 aydır bizə bu məbləği də ödəmirlər».
33-cü sahənin əksər sakinləri əvvəlki evlərinin yerində mənzil almaqda israrlı deyil. Onlar şəhərin digər rayonlarında da yaşamağa razıdırlar, təki ev olsun. Sakinlər prezident və baş nazirə müraciət etsələr də məsələnin necə həll olunacağı hələlik qaranlıq qalır.
«City center development» şirkətinin təmsilçiləri, o cümlədən direktor və onun müavini müsahibə verməkdən imtina etsə də, mənzillərinin dəyərində sakinlərə kompensasiya veriləcəyini deyirlər. Bildirdiklərinə görə, müstəqil şirkət bu məbləğin həcmini müəyyən edəcək.
VƏTƏNDAŞLAR NARAHATDIRLAR...
Şirkət rəsmiləri sakinlərlə imzalanan müqavilədəki bəndi xatırladaraq, bina tikilməyəcəyi təqdirdə şirkətin kompensasiya ödəmək öhdəliyinin olduğunu deyib. Ancaq çoxları kompensasiyanı bu şəkildə almağa razılıq vermir. Rayonun keçmiş sakinləri evlərinin qaytarılmasını və ya əvvəlki yerdə ev tikilməsini tələb edirlər.
«Mən istəyirəm ki, evimi qaytarsınlar, kompensasiya lazım deyil. Məni aldadıblar».
Sakinlərdən Anuş Babayan deyir ki, 100 kvadratmetrlik evi yaxşı təmirli vəziyyətdə idi:
«Biz müqavilə imzaladıq, müqaviləyə görə, 42 ay ərzində həmin yerdə yeni mənzillərin açarını verəcəkdilər. Bir il əvvəl həmin müddət başa çatdı, bu günsə bizlə görüşüb, yeni müqavilə imzalamağı – kompensasiyanın pul şəklində ödənilməsini təklif edirlər. Bizi evlərimizdən köçürməyi onlardan kim xahiş etmişdi?»
33-cü sahənin keçmiş sakini şirkətin bu münasibətinə təəccübünü gizlətmir, üstəlik, pul kompensasiyasından da imtina edir, çünki evinin dəyərində pul alacağına əmin deyil.
XS
SM
MD
LG