Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:46

İlham Əliyev: «Azərbaycan bir sabitlik adasıdır»


İlham Əliyev
İlham Əliyev
-
«Azərbaycan bir sabitlik adasıdır. Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət vardır».

Bu sözləri prezident İlham Əliyev sabiq prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş toplantıda deyib.

Prezident Azərbaycanın son 10 il ərzində iqtisadi sahədə böyük nailiyyətlər əldə etdiyini deyib:

«Dünyada iqtisadi inkişaf templərinə görə bizim göstəricilərimiz rekord göstəricilərdir. İqtisadiyyatımız üç dəfədən çox artıb və digər göstəricilər də yüksək səviyyədədir. İşsizlik aradan götürülür, yoxsulluq 50 faizdən 6 faizə düşüb. Yəni, bu, onu göstərir ki, bəyan etdiyimiz siyasət reallaşır. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Gəlirlərin ədalətli şəkildə bölünməsi də əsas prioritet kimi elan edilmişdir və bu gün biz bunun nəticələrini əyani şəkildə görürük».

«KÜÇƏLƏRƏ ON MİNLƏRLƏ, YÜZ MİNLƏRLƏ İNSAN AXIŞIR Kİ...»

İlham Əliyev ölkədə iqtisadi siyasətin ardıcıllıqla, düşünülmüş və qəbul edilmiş proqramlar üzrə həyata keçirildiyini bildirib:

«Bizim istər xarici, istər daxili, istərsə də apardığımız iqtisadi siyasət düzgün siyasətdir. Həyat bunu təsdiqləyir. Dünyada müxtəlif yerlərdə proseslər çox təhlükəli məcrada inkişaf edir. Qarşıdurmalar, toqquşmalar yaşanır. Vətəndaş müharibələri bir tərəfdən, digər tərəfdən müxtəlif bölgələrdə maliyyə və iqtisadi böhran hələ ki, bitmir. Onun yeni dalğası başlanır. Biz görürük küçələrə on minlərlə, yüz minlərlə insan axışır ki, öz etirazını bu və ya digər formada ifadə etsin. Azərbaycan bir sabitlik adasıdır. Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət vardır».

«BİZ ARTIQ KOSMOSA QALXMIŞIQ»

Prezident Azərbaycanın inamla irəliyə getdiyini deyib:

«Son 20 il ərzində - 1993-cü ildən bu günə qədər görülən işlər deməyə əsas verir ki, biz bundan sonra da uğurla, inamla inkişaf edəcəyik. Bizim böyük planlarımız vardır. Bu planların bir hissəsi artıq reallaşıb. Biz artıq kosmosa qalxmışıq. Azərbaycan o nadir ölkələrdəndir ki, artıq kosmik sənayesi vardır. Yəni, bu reallıqları biz özümüz yaratmışıq, Azərbaycan xalqının istedadı, zəhməti, Heydər Əliyev siyasəti hesabına. Biz bu siyasətə bundan sonra da sadiq olacağıq və sadiq olmalıyıq».

«...MƏN SİZİ TANIYIRAM, SİZ HEYDƏR BABANIN OĞLUSUNUZ»

İlham Əliyev çıxışının sonunda Gül bayramında uşaqlarla görüşündən də söz açıb.

«Bu gün Gül bayramında uşaqlarla görüşürdüm. Uşaqlar məni əhatə etmişdi, - hər il mən Gül bayramında uşaqlarla görüşürəm, - biri yaxınlaşır nə isə deyir, o biri yaxınlaşır nə isə deyir, biri gəlir deyir ki, mən Sizi tanıyıram, cənab Prezident, Siz Prezidentsiniz, - balaca uşaqlardır, 4-5 yaşında. Bir qız yaxınlaşdı, - 4-5 yaşında, - dedi ki, mən Sizi tanıyıram, Siz Heydər babanın oğlusunuz. Bilirsiniz, bu, bu gün eşitdiyim ən gözəl, ən əziz sözlərdir. Bu, onu göstərir ki, Heydər Əliyev yaşayır. Balaca qızın şüurunda, onun qəlbində, Azərbaycan xalqının qəlbində yaşayır. Nə qədər Azərbaycan var, Heydər Əliyev olacaqdır», - deyə İlham Əliyev bildirib.
XS
SM
MD
LG