Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:06
-

Elçin Əfəndiyevin 70 yaşı münasibətilə bir neçə kəlmə yazmaq yerinə düşər.

Özəlliklə bu 70 rəqəmi özü ilə birlikdə Sovetlərin tarixini çağırışdırdığına görə, sanıram Elçinin – bizim gənclik illərimizin favorit yazıçısının yaradıcılığına quşbaxışı bir nəzər salmaq, ümumən Azərbaycan ədəbiyyatının ən yaxın tarixinə baxmaq demək olardı.

60-cı illər “Xruşşov qızdırması” dönəminin icazəli cəsarət qəhrəmanları sırasında, daha çox Anarın familiyası kimi yadda qalan Elçinin “Gümüş furqon” və hansısa kiçik həcimli daha bir əsərini oxumağıma baxmayaraq, axıcı üslubu, dil materialından özünəməxsus şəkildə istifadə etməsi, habelə sovet dövründəki orijinallığı, kənd yazarlarından fərqlənən maneraları istər-istəməz onu simpatik edib mənim nəzərlərimdə.

Mən deyərdim, adının Elçin olması da onun gənclər arasında sevilməsinə səbəb olub, gələcəkdə “el üçün” nələrsə edəcəyinə böyük olmasa da kiçik də olmayan ümidləri oyandırıb (Anar da anacaqmış, guya).

Təsadüfi deyil, respublikada 46 min Elçin, 45 min də Anar var – ana-babalar onların adını həvəslə öz uşaqlarına qoyublar. 1993-cü ildə, o qarışıq illərdə, Elçinin mənim “Yol” qəzetində çap olunan şeirlərim haqqında yazdığı məqalə də bu cür ümidlərin yaşarmasına səbəb olmuşdu (bunu da qeyd edim ki,ondan bir neçə ay əvvəl mənim Anara açıq məktubun dərc olunmuşdu “Aydınlıq” qəzetində).

Elçinin və Anarın həqiqətən el içindən çıxan, xalqın ümid yeri olan, əzilənə qahmar duran bir ziyalı olduqlarına, mən də daxil olmaqla, ozamanın gəncliyi inanırdı. Məgərsə bu insanlara xalq sevgisi bir yerə qədər lazım imiş, sonrası “özümə yer edərəm, gör sənə nə edərəm” məsəlində ifadə olunub.

Azərbaycan ziyalısının beynində hər zaman, ara vermədən yanıb-sönən bir qırmızı işıq olub: el üçün, yoxsa özüm üçün? Xalqı anmaqmı, anmamaqmı, bu sadə gerçəyi qanmaqmı qanmamaqmı?

Belə bir Qanar –Qanmaz dilemması! Təəssüf ki, sonralar, - artıq müstəqillik illərində - Anar da, Elçin də onlara bəslənən sevgini doğrultmadılar, AzTV diində desək, zamanın sınağından çıxa bilmədilər.

90-cı illərdə bu iki yazıçının orijinallığından artıq əsər-əlamət qalmamışdı.
Elçin Əfəndiyev

Elçin Əfəndiyev


Bütün səylərinə baxmayaraq Elçin də, Anar da müstəqillik illərində ciddi heç bir əsər yaza bilmədilər. Nə də imtiyazlarından yararlanıb ədəbiyyat və ya mədəniyyət sahəsində hansısa bir islahata yol açdılar.

Əksinə, düşdükləri durum onları daha da aqressivləşdirdi, çevrələrinə qarşı zərərli olmağa başladılar, istedadlı gəncliyə düşmən kəsildilər, gəncləri “denşik”(özləri “denşik” olduqları halda), “lümpen”, “ostmodernist” adlandırdılar, istedadsızları bəh-bəhlədilər.

Elçin “el üçün yanan şam tez sönər” xalq fəlsəfəsini tam zamanında başa düşdü, son 20 ildə onu el içində görən olmadı, vəzifəsini itirmək qorxusuyla kreslosundan bir saniyə belə aralanmadı.

Varlığı ilə yoxluğu bilinməyən baş nazirin varlığı ilə yoxluğu bilinməyən müavini vəzifəsində el üçün, xalq üçün, ədəbiyyat üçün, tarix üçün əlini ağdan qaraya vurmadı, əksinə Azərbaycan dramaturgiyasını iflic halına saldı, yüksək titulunu mənasız tamaşalarına məcburi biletlər satdırmağa xərcləməkdən qocunmadı.

Təəssüf, Elçin və o qəbilədən olan yazarlar üçün karyera yazıçı şərəfindən yüksəkdə dayandı. Onlar vəzifə naminə susa, göz yuma, geri çəkilə bildilər (necə ki Anar Qorbaçovun qarşısında geri çəkilmişdi, buna 60-cıların sınma nöqtəsi də deyilə bilər). Repressiya illərində vəzifə naminə susanlar da elə bu cürə etmişdilər.

Nə yazıq ki, Elçin, Anar və başqa 60-cılarAzərbaycan tarixindəki pis ənənənin davamçıları oldular. Onlar Xeyirin qələbə çalacağına heç zaman inanmadılar, çünki dünyada xeyirin varlığına hər zaman şübhə etmişdilər.

Azərbaycan xalqının “mütləq bədbəxtliyi” adları az qala tire ilə yazılan bu iki insanın adıyla çox bağlıdır.

Uzun illər Milli Məclisdə Mədəniyyət komissiyasının sədri və Baş Nazirin müavini kimi yüksək vəzifələrdə, bir çoxlarının hələ də sevdiyi və ümidlər bəslədiyi iki xalq yazıçısı “heç nə etməmək” adlı bir fəaliyyətin altına imza qoymaqla xalqdan aldıqları sevgi kreditini sonuna qədər tükətdilər. “El üçün deyil, özüm üçün!”şüarını əldə rəhbər tutdular.

Kifayət qədər ağıllı insanlar olduqlarına görə Elçinin də, Anarın da öz faciələrini, hakimiyyətin əlində girov olduqlarını, hər zaman siyasi iqtidarların təkərciyi, vintciyi olduqlarını dərk etdiklərinə şübhə etmirəm, ancaq nə edəsən ki, bu onların öz seçimi olmuşdur.

Bəraət üçün yazdıqları açıqlamalar, öz-özlərindən aldıqları müsahibələr isə, ürək ağrısı ilə deyirəm, onları qurtarmamaqdadır.

Yazımdakı bütün bu neqativ cizgilərə (onlar məndən deyil, portretin özündən qaynaqlandı) baxmayaraq Elçinin 70 yaşını təbrik etmək istəyirəm. Arzu edirəm “Gümüş Furqon”dakı romantika onu qorusun...

qaynar.info

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG