Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:24

Saytlara yazı göndərməyən qız 10-luğa necə düşdü? (Müsahibə)


Cavid Zeynallı və Nigar An

Cavid Zeynallı və Nigar An

-

"Mənim üçün vətən anlayışı yoxdur. O hiss nə vaxtsa ürəyimdə yaranarsa, gedib Amurun sahilində ölmək istərdim".

"Düzünü deyim, mən öz adımı 20-lik siyahıda görəndə daha çox sevinmişdim, nəinki 10-luq siyahıda".

"Fəridin müsahibəsində hədsiz özündən razılıq hiss etdim".


"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin onluğuna keçmiş yazarlarla müsahibələrə başlayırıq. İki şeiri ilə qısa siyahıya keçmiş Nigar Anla Cavid Zeynallı söhbətləşib.


- Ümumən, gözlədiyim müəlliflərdən müsabiqənin onluq siyahısına İbrahimxəlilin və Elçin Aslangilin şeirlərinin düşməməsinə təəssüfləndim. Məncə, münsiflər siyahıya Yaşar Bünyadla Sara Selcanın yerinə Elçin Aslangil və Hacıbala Səfərovun şeirlərini salsaydılar, daha yaxşı olardı. Fərid Hüseynin “İstanbul” şeiri, xüsusən, “İndi qardaşlarını tərifləyən fahişələri dinləyirəm” misrası gözəl idi. Azadlıqdan bəhs edən, sosiallıqla bağlı olan şeirlərin onluğa salınması sevindiricidir. Ötən müsabiqədən fərqli olaraq, bu müsabiqədə xanım yazarlara üstünlük verilməsi xoşuma gəldi. (gülür) Düzdür, aşırı gender məsələlərindən danışmağı sevmirəm, hər halda, mənzərənin bu cür olması yaxşıdır. Düzünü deyim, mən öz adımı 20-lik siyahıda görəndə daha çox sevinmişdim, nəinki 10-luq siyahıda.

- Yəni?

- Yəni imzasız qiymətləndirmə mənə görə ən doğru seçimdir. Mənim imzam onsuz da tanınmır, saytlara, jurnallara şeir göndərmirəm, çap olunmaq həvəsim, istəyim yoxdur. Ədəbiyyata, şairliyə böyük iddiam olmayıb. Sadəcə, daxilimdəki enerjini özümdən uzaqlaşdırmaq istəyirdim. Sizə bir sirr açım: mənim iki üzə çıxarılması mümkün olmayan, yandırılmalı kitabım var. Həmin kitabları öz istəyimlə çıxarmamışam. Dostların, müəllimlərimin təkidi ilə razılıq vermişəm. Bu kitablardan sonra mən, ümumiyyətlə, heç nə yaza bilmədim. Necə deyərlər, qaş düzəltdikləri yerdə vurub gözü də çıxardılar. Son iki-üç-şeirimdən razı idim, ona görə müsabiqəyə qatılmağa qərar verdim. 124 müəllifin içindən 10-luq siyahıya düşmək məncə, uğurdur. Düşünürəm ki, bu il müsabiqəyə təqdim olunan şeirlər keçən ilki şeirlərdən zəifdirlər. Keçən ilki nəticələrdə şeir üzrə birincilik məni qane etmədi. Düzdür, hərənin öz həqiqəti var, mən də belə düşünürəm. Əslində, Şəhriyar del Gerani ilə Dilqəm Əhməd mənim siyahımda var idilər. Əlavə kimi Aqşin Evrənin adını görürdüm. Yəni bu üç adama yer verilməliydi.
Nigar An

Nigar An


- Dedin, imzan tanınmır. Özün haqqında məlumat verməyin yerinə düşər.

- 23 yaşım var, Buralardan çox uzaqlarda doğulmuşam. Sakit Okeana tökülən Amur çayının sahilində. Mənim üçün vətən anlayışı yoxdur. O hiss nə vaxtsa ürəyimdə yaranarsa, gedib Amurun sahilində ölmək istərdim. Mən uşaq olanda Azərbaycana köçmüşük, buna görə atamı indi də qınayıram. Atam bu müsahibəni oxusa, vətən haqqında dediklərim... (gülür) Bakı Dövlət Universitetində “Ədəbi tənqid” ixtisası üzrə magistr təhsili alıram.

- Tənqidçi olmaq niyyətin var?

- Bir-iki yazı qaralamışdım... Əslində, bizim bəlamız tənbəllikdən irəli gəlir. Axır vaxtlar müəllimlərimin təkidi, dərslərdən gələn məcburiyyətə görə kiçik tənqidi yazılar, esselər yazıram. Məcburiyyət olmasa, inanmıram ki, oturub nəsə yazam. Əslində, özümü o qədər də istedadlı insan hesab etmirəm.

- Bakı Dövlət Universitetinin filologiya fakültəsində ədəbi mühit, yaradıcı ab-hava necədir?

- Mən həm də Slavyan Universitetinin yaradıcılıq fakültəsində oxuyuram. Slavyan Universiteti ilə müqayisə etsən, şühəsiz ki, Bakı Dövlət Universitetində yaradıcı mühit daha kasaddır. Çünki bir universitetin rektoru kimyaçı, digərinki yazıçıdır. Bu, istər-istəməz öz təsirini göstərir. Yazmaq ruh halıdır. Şeir yazmağıma nə Bakı Dövlət Universitetinin, nə də Slavyan Universitetinin təsiri yoxdur. Bizim fakültənin professorları – Vaqif Sultanlı, Almaz Əliqızı, Tofiq Hüseynoğlu mənim sevimli müəllimlərimdir və müasir ədəbi mühiti çox yaxşı izləyirlər.

- Fərid müsahibəsində 10-luqdakı şairələr haqqında demişdi ki, şeirləri bir-birinə oxşayır...

- Dediklərində hardasa həqiqət var, amma Fəridin müsahibəsində hədsiz özündən razılıq hiss etdim. Əslində, mən Fəridi ilk üçlükdə görürəm, bu başqa məsələdir. Məncə, şair belə danışmamalıdır ki, özümə rəqib görmürəm-filan. Yazar nədir, iddia nədir? Ruh halı ilə qalibiyyət iddiası bir araya sığmır. Bu təxminən belə deməkdir: hisslərini “nootbuk”a satmaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG