Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:19
-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğuna keçən yazarları "Oxu zalı"nda daha geniş təqdim edirik.


Xatirə Nurgül


DƏNİZ AYRILIĞI

Dəniz ən gözəl ayrılıqdır,
durub sahildə
gözlə dönüşləri.
Amma külək qarışdırıb saçlarını,
çırpıb donunun ətəklərini,
alaraq çətirini əllərindən
bağışlayıb sulara çəkilib gedirsə
demək həm də ən böyük sualdır dəniz,
ən kiçik cavabı belə yox.
Dəniz ən dərin ayrılıqmış,
ən dərin ayrılıq…


TƏNHA GÖYƏRÇİN YUVASI

Susma, danış.
Heç olmasa dalaş,
heç olmasa ağla,
ağlat,
tək olmadığımı anlat mənə,
aldat məni.
İndi mən
savaş gedən ölkədə
dünyaya gələn körpə qədər ümidsizəm,
çarəsizəm,
ya da tərk edilmiş
göyərçin yuvası qədər kədərli…
Susma,
“səni sevirəm” de.
Lap “sevmirəm” de
“nifrət edirəm”,
lap “danışmıram” de.
Amma danış, qurban olum,
susmağın öldürmür məni,
danış, heç olmasa ölüm…


ŞƏHƏRƏ SEVGİ İLƏ

Səni sevmək
bu şəhəri sevmək kimidi həm də…
Yəni hər gün sevmək,
hər gün daha çox sevmək -
yolları,
evləri,
adamları.
Amma nə yollarda yürümək,
nə evlərdə darıxmaq,
nə adamlarla qovuşmağı yaşamamaq,
yəni bu şəhəri yaşamamaq,
həm də yəni səni yaşamamaq kimidi
səni sevmək.
Səni sevmək
hələ tanımadan ayrılmaq kimidi,
ayrılmadan unutmaq kimi…


GEDİŞ BİLETİ

Alnında dağınıq saçların ,
qolunda qara çanta ,
əlində gediş bileti
və itirilən bir çox şeylər
səni apardı bu şəhərdən ,
bu şəhəri məndən.
Anladım ki, vağzallar
görüş yox – ayrılıq yeridir
düşüncələri sərxoş olmayan adamlar üçün.
Əsl ağlamaq yeridir
qadınlar üçün.
Silib göz yaşlarımı
geri qayıtdım
hamı qayıdırdı.
Hərəmiz öz içimizdə
yeni şəhərlər tikməyi düşünürdük
…üşüyürdük…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG