Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:20

Xudat belə çalxalandı


Heybət Əmrah və Fikrət Əliyev polis maşınında (10 may 2013)
Heybət Əmrah və Fikrət Əliyev polis maşınında (10 may 2013)
-
NƏ BAŞ VERDİ

İlk baxışda adi avtomobil qəzası. Günorta çağı Xudatda yolu bölüşə bilməyən iki avtomobilin sürücüsü arasında yüngülvarı mübahisə. Deyilənə görə, maşını əzilən sürücü maşından düşməyə macal tapmamış, qarşı maşını idarə edən hərbçi yerə düşür. Sürücünü söyür, üstəlik, sürücünün yanında oturmuş yaşlı atasına da bir sillə ilişdirir. Sonra da qayıdıb hərbçi yoldaşlarının olduğu maşına oturaraq hadisə yerindən uzaqlaşır.

Bunu AzadlıqRadiosuna, hadisənin şahidləri bildirirlər:

– Mən ordaydım. O kişi maşından düşmək istəyirdi. Hərbçi ondan əvvəl düşdü, vəziyyəti də belə, necə lazımdır. Yaxınlaşıb kişiyə sinəsindən vurdu, itələdi, başladı söyməyə. Kişi dedi ki, maşında arvad-uşaq var. Hərbçi maşındakı arvad-uşağı da söydü.

– Yanındakı serjant kişiyə dedi ki, komandirimizdir, içkilidir, sür get.

BELƏCƏ, OLAY BÖYÜDÜ

Sürücü Rauf Hüseynov sürüb gedir. Amma... Evinə yox, birbaşa Xudat polisi binasının qarşısına. Atası Rafiq Hüseynovun hərbçi tərəfindən döyülməsi, özünün isə söyülməsi barədə polisdə izahat yazırlar. Hadisəni eşidən-bilən yerli camaat da yavaş-yavaş buraya axışır. Mayın 9-da baş vermiş xırda anlaşılmazlıq, beləcə, böyüyür. Hadisədən az sonra AzadlıqRadiosuna Xudat sakini Nüsrət Qarayev danışır:

- Qəzanı törədən maşın Xudatdakı sərhəd dəstəsinin komandirinə məxsusdur. Onu həmişə görürük. İçərisində bir ailənin üzvləri olan «VAZ-04» markalı maşını vurandan sonra kömək etmək əvəzinə sürücünü döyməyə başladı. Hərbçilər sərxoş idilər. Məsələyə qarışıb onları ayırmaq istərkən, hərbçilər bizi də söydülər. Sonra da maşına minib uzaqlaşdılar. Tələb edirik ki, hərbçilər qanunla cəzalandırılsın.

Sürücü Rauf Hüseynov:

«Biz maşında idik. Hərbçilərin maşını bizim maşını vurdu. Bir hərbçi düşdü, yaxınlaşdı, atamı vurdu, məni söydü».

Vurulan maşın
Vurulan maşın
POLİS RƏİSİ XUDATLILARI SAKİTLƏŞDİRƏ BİLMİR...

Xudat polis şöbəsinin önünə yığışan narazı insanların sayı tezliklə çoxalır. Qarşıya çıxan polis rəisi Elçin Rəcəbov söz verir ki, vəzifəsinə və kimliyinə baxmadan, təqsiri olan hər kəs cəzasını alacaq. Ancaq rəisin vədi xudatlıları sakitləşdirmir.

VƏ...

Günün ikinci yarısı narazılar yenə küçələrə çıxırlar. Sayları da artır. Etirazların səsi Bakıyadək gəlib çatır. Dövlət Sərhəd Xidmətinin komandanı Elçin Quliyev Xudata yollanaraq narazı sakinlərlə görüşür və təqsiri olanların müəyyənləşib cəzalandırılacağını o da vəd edir. Komandanla birlikdə gələnlər də sakinləri dinləyib, tələblərinin yerinə yetiriləcəyinə arxayın edirlər.

- Tələbimiz budur ki, həmin hərbçi üzr istəməlidir.

- Komandan da ona görə gəlib ki, vəziyyətlə yerində tanış olsun. Nə tədbir lazımdırsa, görüləcək.

AZADLIQRADİOSUNA DANIŞANI DA HƏBS ETDİLƏR

Mayın 10-na keçən gecə təqsiri olanlar «müəyyənləşir». Üç müsavatçı və bir bitərəf xudatlı gecə saat 3 radələrində yaşadıqları ünvandan polisə aparılır. Aralarında gündüz AzadlıqRadiosuna danışmış şahid Nüsrət Qarayev də var.
Xaçmaz Rayon Məhkəməsinin qərarıyla həbs edilən şəxs
Xaçmaz Rayon Məhkəməsinin qərarıyla həbs edilən şəxs

Daxili İşlər Nazirliyinin qənaətinə görə, polis Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrahı, üzvləri Fikrət Əliyevi, Ələddin Mirzəyevi və rayon sakini Nüsrət Qarayevi gecəylə evindən aparmasaydı, hadisə az qala yürüşə çevriləcəkmiş.

Nüsrət Qarayev Xudat şəhər inzibati ərazi vahidliyinin nümayəndəsi Ələkbər İsrafilovun dayısıdır.

NÖVBƏTİ SƏHƏR BELƏ AÇILDI

Saat 8 radələrində Xaçmaz rayon Məhkəməsinin hakimi Rövşən Xəlilov gecə ikən evdən aparılmış müsavatçılarla və xudatlı Nüsrət Qarayevlə bağlı polisdən daxil olmuş inzibati xəta protokoluna əsaslanır və saxlanılanların hər birinə 10 sutka həbs qərarı çıxarır.

Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun məsuliyyətə cəlb olunması barədə məlumatlar yayılıb. AzadlıqRadiosunun Dövlət Sərhəd Xidmətinə bununla bağlı faksla ünvanladığı sualına isə gün ərzində cavab verilməyib.

XUDATDA SAKİTLİKDİR

İndi Xudatda sakitlikdir və yerli camaat hərbçidən üzrxahlıq gözləməkdədir.
XS
SM
MD
LG