Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:03
-

Nərmin Kamal: "O zaman elə çıxır ki, Yaşar bəy yazıçı deyil, stenoqramçıdır".

Yaşar: "Mən o mənada demirəm. Nərmin xanımın bu fikirləri də elə kitabdan gəlir..."


"İradə Musayeva: "Elə bil yazıçılar içində olduqları mühiti yaza bilmirlər. Qorxurlarmı, acizdirlərmi?"


Ədəbiyyatı həyatdan və kitablardan gələn ədəbiyyat deyə kateqoriyalara bölmək olarmı? Azadlıq Radiosunun “Pen klub” proqramındakı debatda yazıçılar Yaşar, Nərmin Kamal və tənqidçi İradə Musayeva ilə birgə cavab aradıq.

Yaşar:

- Bu, əsaslı bir bölgüdür. Cənubla Şimal kimi kitabdan gələn ədəbiyyatla həyatdan gələn ədəbiyyat arasında ciddi fərq var. Məsələn, kitabdan gələn ədəbiyyat odur ki, sən artıq yazıçının bunu yazdığını, qurduğunu hiss edirsən. Həyatdan gələn ədəbiyyatda sən həyatı hiss edirsən, kitabı yox. Əsas fərq budur. Kitabdan gələn ədəbiyyat məni tərpətmir. Mən biləndə ki, bu yazıçı bunu sadəcə yazır, bu həyatı mənə yaşatmır, onun sirri-sehri, ovsunu itir.

Cavid Zeynallı:

- Fikrinizi əsaslandırmaq üçün bir neçə nümunə gətirə bilərsizmi?

YAŞAR:

- Məsələn, Coysun “Uliss", Markesin “Yüz ilin tənhalığı", Bulqakovun “Master və Marqarita” romanları var. Biz elmi iş yazanda istinad etdiyimiz mənbələrin adını da yazırıq. Elə “Yüz ilin tənhalığı”nda da bircə o çatışmır, mənbələri göstərmək. Müəllif müxtəlif qaynaqlara istinad edir: “Bibliya”, “Əhdi-ətiq”, “Əhdi-cədid”, Musanın, İsanın süjeti... Bütün bunlara “Bibliya süjetləri" deyilir. Hətta qəhrəmanların obrazlarını götürək. Misal üçün Folknerin “Avqustda işıq” romanındakı Kristmas - Xristosun adıdır, Bir başqası orda Məryəm anadır. Ədəbiyyatdan gələn elə ədəbiyyat var ki, oxucu onu hiss etmir, Folknerin də böyüklüyü bundadır.

C.Zeynallı:

- Belə başa düşdük ki, siz ədəbiyyatdan gələn ədəbiyyatı ciddi saymırsız?

YAŞAR:

- Yazıçı lap zərgər dəqiqliyi ilə, lap Devid Kopperfildin sehrbazlığı ilə əsəri qursa belə bu, quramadır. Razıyam ki, zaman dəyişib və ədəbiyyatın funksiyası da dəyişib. “Robinzon Kruzo”ları, “Qumsallıqda qadınlar”ı indi “Parfümer”, “Kimyagər” əvəzləyir. Oxucu bunu tələb edir, artıq təbiətlə təmasda olan insan maraqlı deyil, artıq “Parfümer”, “Kimyagər” maraqlıdır, sintetika maraqlıdır. Artıq insanların təsəvvüründə, təfəkküründə ilahi bağlantı itib. “Parfümer” mənim üçün usta yazıçının möhtəşəm quramasıdır. Mənim üçün o ədəbiyyat böyük ədəbiyyat deyil. Mənim üçün böyük ədəbiyyat həyatdan gələn ədəbiyyatdır, məsələn, “Karamazov qardaşları”dır, “Sakit Don”dur. Harda ki, yazıçı obrazın içində oturub. Mən Melkiadesi, Buendianı Roskolnikovla bərabər tuta bilmərəm və yaxud Tolstoyun qəhrəmanları olan Nataşa Rostova, Pyer Bezuxovla. Roskolnikov mənim üçün diri insandır, yazıçı təxəyyülünün məhsulu kimi görmürəm.

C.Zeynallı:

- Tolstoyu, Dostoyevskini ideallaşdırmaqla düşünmürsüz ki, kimlərsə “Yaşar hələ də XIX əsrdə qalıb” deyə bilər. Onlardan sonra ədəbiyyatda meyllər dəyişdi, yeni cərəyanlar yarandı.

YAŞAR:

- Nikolayın vaxtında buraxılan qızıl onluqlar daha qiymətlidir, nəinki sonra buraxılan. Mənə bir dramaturq göstərin Şekspirdən yüksəkdə olsun.

Ş.Bəylərqızı:

- Nərmin Kamal söhbətə qoşulur. Nərmin xanım, sizcə, XXI əsrdə ədəbiyyatdan və ya həyatdan gələn ədəbiyyat bölgüsü aktuallığını itirməyib?

Nərmin Kamal

Nərmin Kamal



"ÜÇ KÖHNƏ KİTABDAN DÖRDÜNCÜ YENİ KİTABI DOĞURMAQ BÖYÜK SƏNƏTKARLIQDIR"

Nərmin Kamal:

- Həyatdan gələn ədəbiyyat özək ədəbiyyatdır. O həmişə olub, olacaq. Həyat çox mürəkkəbdir, milyardlarla insan taleyi, bunların kombinasiyaları var. Həyatda elə situasiyalar yaranır ki, onu yazıçı fantaziyası yarada, qura bilməz. Amma bununla belə, törəmə ədəbiyyatın - ədəbiyyatdan gələn ədəbiyyatın müdafiəsinə də bir şeylər demək istəyirəm. Həyatı olduğu kimi yaratmaq bütün sənətlərdə var, rəssam məsələn, dolçanı qoyur qabağına, olduğu kimi çəkir. Yaşar bəyin də dediyi odur ki, yazıçılıq həyatı olduğu kimi, quraşdırıb-qurmadan, nəsə artırmadan, hoqqa çıxartmadan yazmaqdır. Amma sənətkarlıq həm də çətin işi görə bilməkdir axı. O zaman belə çıxır ki, Yaşar bəy stenoqramçıdır, yazıçı deyil. Mən Yaşar bəyin bir müsahibəsində oxudum ki, filan hekayə öz başıma gəlib və ya filan hekayə tanışının başına gəlib, sanki fəxr edir bununla. Yəni həyatdan birbaşa götürüb yazıb, stenoqramçı kimi, yəni özü nəyisə səliqəyə salmayıb-filan. O halda sənin stenoqramçıdan nə fərqin var? Elə insan var çox gözəl danışır, amma yaza bilmir. Onda yazıçı reportyor kimi hadisələri görsün, yazsın. Üç köhnə kitabdan dördüncü yeni kitabı doğurmaq daha böyük sənətkarlıqdır, məncə. Mən bu yaxınlarda bir hadisəyə şahid oldum, iki kişi bir uşağı övladlığa götürüb. Onlardan biri uşağa tək-tük analarda rast gəlinən şəkildə qayğı, diqqət və sevgi göstərir. Bir həyat hadisəsidir, onda o özü birinci şəxsin dilindən danışsın, sən də "tut qulağından" at romana. Ancaq peşəkarlıq onunla ölçülür ki, sən həyatı imitasiya edən, həyat olmağa iddia edən roman yazmırsan.

YAŞAR:

- Mən Nərmin xanımın dediklərinə çox maraqla qulaq asdım. Onun dedikləri də məncə, kitabdan gələn ədəbiyyatdır. Xeyli mücərrəd fikirlər dedi, vallah mənə çatmadı. Stenoqram ayrı şeydi, mən dediyim ayrı. Əgər həyatdan gələn ədəbiyyatı stenoqram kimi qəbul edirsə, deyəsi sözüm yoxdur. Dediklərində bir şey xoşuma gəldi, həyatı çox maraqlı olan insan danışar və nəticədə çox maraqlı əsər alına bilər. Son vaxtlar özünə postmodernist deyən yazıçılarımızın çoxu elə o cür də yazır. Ancaq təəssüflər olsun ki, o romanı danışan maraqlı adam olmur. İkincisi, həyatdan gələn ədəbiyyat o demək deyil ki, həyatı olduğu kimi verəsən. Mənim hekayəmlə bağlı bir məqama toxundu. Bəli, mənim əsgər yoldaşımın atası ayağı suda olub, girib hamama, gəlib görüblər kişi orda da ölüb. Bu bir kəlmə mənə impuls verib. Yəni bir hadisə yaradıcı insana elə impuls verər ki, gülməli şeydən faciə, faciədən komediya da yaza bilər. Stendal “Qırmızı və qara” romanını yazmazdan qabaq bir cümlə oxuyub, filan universitetdə tələbə öz yaşlı məşuqəsini öldürüb. Bir cümlənin üstündə bu boyda roman yazıb. Sonda da görürsən ki, Stendal məşuqəni öldürməli deyil. Amma müəllif o kriminal qeyddən qırağa çıxa bilməyib, çünki həmin qeyd bunu ona yazdırıb. Kitabdan gələn ədəbiyyatın nəhəng nümunələri var. Məsələn, Akutaqava Rüneskenin “Şirin kartof sıyığı” novellası var. Amma kitabdan gələn ədəbiyyatın böyük əziyyətlər tələb etməsi və həyatdan gələn ədəbiyyatın stenoqram olması haqda deyilənlər mənə qəribə gəldi. Əslində, kitabdan gələn ədəbiyyatı yaratmaq asandır, əlinin altında mənbələr var. Həyatdan gələn ədəbiyyatda, o “stenoqram”ı yaratmaq üçün obrazın içinə girə bilməlisən. Çətin olanı həyatdan gələn ədəbiyyatdır.

N.Kamal:

- Yaşar bəy daha da sərt bölgü çəkdi. Sanki həyatdan gəlməyən, ədəbiyyatdan gələn ədəbiyyatda insan obrazı, bir qram insan nəfəsi olmur. Belə deyil. Kitabdan gələn ədəbiyyatda da insanlar, obrazlar var. Sadəcə, ədəbiyyatın bu kitaba qatqısı var. Özü də buna qurama kimi baxmaq klassiklərə də xoş olmamalıdır. ədəbiyyatın ilk böyük romanı “Don Kixot”da kitab haqqında kitab - ikinci hissədə kənd sakinləri əsərdə baş verənlərə qiymət verirlər. Bu, ədəbiyyat haqda ədəbiyyatın ilk nümunəsidir. İkincisi də, Yaşar bəy deyir ki, həyatdan gələn ədəbiyyatda da yazıçının rolu, gücü duyulur. Lap yaxşı. Biz Yer kürəsindən kənara, başqa bir sivilizasiyaya bəşəriyyət və onun tarixi haqqında həyatdan gələn əsərləri göndərsək, onlarla ünsiyyət qurmadan bizim haqqımızda təsəvvürləri formalaşa bilər. Belə çıxır ki, ədəbiyyat həyatın alternativinə çevrilməyi bacarıb. Həyat haqda roman yazıldığı kimi ədəbiyyat da artıq həyata bərabər qüvvəyə malikdir, o kitablar haqqında da yazmağa dəyər.

YAŞAR:

- Nərmin xanıma təşəkkür edirəm. Nəhayət bizimlə həmfikir oldu. Yəni kitabdan gələn ədəbiyyatı alternativ kimi qəbul etmək olar. Razıyam ki, o ədəbiyyatın da yaşam haqqı var. O da böyük ədəbiyyatdır. Ancaq alternativdir, əsil ədəbiyyat deyil, surətidir.

N.Kamal:

- O cür kəskin qoymayın məsələni. Çoxnövlülük olmalıdır. Bu yaxınlarda əlimə bir kitab keçdi, “ƏlifbaAfrikası”. Kitabda cümlə yoxdur. Birinci səhifədə “a”, ikinci səhifədə “b” hərflərini yazıb, sonra “a” və “b” ilə başlayan sözlər yazıb. Onlardan da bir hərfi çıxarıb. Buna Avropada roman deyirlər... Kənd romanları var ey, qayğısızca kənddəki hadisələrdən qüvvət alaraq yazmaq, necə yazmağın qayğısına qalmadan. Bundan fərqli roman yazılan kimi deyirlər ki, bu roman deyil. Amma hərflərdən, sözlərdən bir kitaba roman deyirlər.

C. Zeynallı:

- Bu bölgünü Azərbaycan ədəbiyyatına tətbiq etsək, mənzərə necə olacaq?

İradə Musayeva

İradə Musayeva



“ANARDA DA, ELÇİNDƏ DƏ HƏYATDAN GƏLƏN ƏDƏBİYYAT DA VAR, KİTABDAN GƏLƏN DƏ"

YAŞAR:

- Azərbaycan nəsrinin yaşı elə çox deyil. Azərbaycan nəsri Mirzə Fətəli Axundovla başlayır, XX əsrin əvvəlində Mirzə Cəlil, Haqverdiyev boyda nümayəndələri olub. Sonra sovetlər zamanında bəzi istisnalar olmaqla mutant ədəbiyyat yarandı. Ədəbiyyatın funksiyası yerinə yetirilmədi. O quramalığın son həddi idi, postmodernizmin ironik forması idi. Azərbaycanda ədəbiyyat ilkin formasına bir də 1960-cı illərdə qayıtdı. Anar, Elçin, İsi Məlikzadə... Anarda da, Elçində də həyatdan gələn ədəbiyyat da var, kitabdan gələn də. Yusif Səmədoğlu usta yazıçı idi, bütün yaradıcılığı kitabdan gəlirdi. Ancaq Anarda “Dantenin yubileyi” də var, “Molla Nəsrəddin-66” da. İkinci əsər sırf kitab ədəbiyyatıdır, ancaq “Dantenin yubileyi”ndə Kəbirlinskinin həyatını yaşayırsan. Elçinin Baladadaşı sırf həyat insanıdır, “Ölüm hökmü”ndə, “Ağ dəvə”də kitabın təsiri hiss olunur. Bu gün Azərbaycanda kitabdan gələn ədəbiyyatın müstəsna nümunələrini yaradan Kamal Abdulladır. Afaq Məsudsa sırf həyatdan gələn ədəbiyyat yazır.

Ş.Bəylərqızı:

- Bir az gənclərə gəlsək, vəziyyət necədir?

YAŞAR:

- Bu günkü gənclərin əksəriyyəti fraqmental yazırlar, konseptual yazmırlar. Görürsən əsərdə bir hissə olur, deyirsən ki, bunu yazan adam niyə 100 səhifənin 80-ni heç nə edib. Vergi var, istedad var, ancaq mütaliə ilə yemlənməyib, peşəkarlıq yoxdur.

N.Kamal:

- Mənim Azərbaycan ədəbiyyatından mütaliəm təəssüf ki, geniş deyil. Ona görə bilmirəm həyatdan və ya kitabdan gələn hansıdır. Ancaq məncə, real səhnələr çoxluq təşkil edir, həyatı olduğu kimi görüb yazmaq. Mən gənc yazar kimi bir təcrübəmi paylaşmaq istəyirəm, Azərbaycan ədəbiyyatında uğur qazanmaq istəyirsənsə, mütləq həyatı yazmalısan, həyatdan gələn ədəbiyyatı yazıb oxucuya oxutmalısan, qurğu-filan olmadan.

İradə Musayeva:

- Mən son məqalələrimdən birində “kabinet romanları” ifadəsi işlətmişdim. Bu ifadəni yazıçının dilindəki bəsitlik və problemlə bağlı işlətməli olmuşdum. Yəni vəzifəli bir şəxs kabinetdə oturub ancaq təxəyyülünün və oxuduğu kitabların təsiri altında əsərlər yazır. Orda təkcə dil yox, hadisələr, təsvirlər də çox bəsit və təqlid xarakterli olur. Sözsüz ki, həm böyük ədəbiyyatla, həm də real həyatla tanışlıq olanda istedadlı yazıçı ortaya gözəl əsər qoya bilir. Bu gün Azərbaycanda yazarlar mövzu qıtlığı keçirirlər. Ancaq əslində, Azərbaycanın bugünkü ictimai-siyasi, sosial, mənəvi durumunu dərindən dərk edən, Sabir Əhmədlinin diliylə desək həyatımızdakı görünməz dalğaları tutan yazıçı elə bir əsər qoya bilər ki, bəlkə də buna görə “Nobel” alar. Amma mənim bu gün çox narazı qaldığım məsələ yazıçıların həddən çox quramaçılığa getmələridir. Oxuduqlarının təsiriylə təqlid edirlər.

C.Zeynallı:

- Konkret nümunə gətirə bilərsizmi?

İ.Musayeva:

- Mən “kabinet romanları” ifadəsini Kamal Abdulla ilə bağlı işlətmişdim. Yazıçı içərisinə girib yaşamadığı həyatdan yazanda, tutalım, ucqar kənddə yaşayan qocanın məişət dilini bilmədən yazanda alınmır. Adicə sovet vaxtında kolxozdan yazanda yazarlar ora ezam olunurdular, heç olmasa məişətin özüylə tanış olmaq üçün. Ancaq indi təxəyyülə söykənirlər. Bu da təkəbbürdən gəlir, özlərinə o qədər güvənirlər ki, elə bilirlər bildikləri yetərlidir. Söhbət dildən və məişətdən getmir. Mən bugünkü sıxıntımı, mənəvi tənəzzülümü, narahatlıqlarımı ədəbiyyatda görə bilmirəm. Elə bil yazıçılar içində olduqları mühiti yaza bilmirlər. Qorxurlarmı, acizdirlərmi?.. Bu gün yazıçıların ən böyük problemi həyatdan uzaq olmalarıdır. Bir də ən yaxşı halda dünya ədəbiyyatından təqlidlər edirlər. Məsələn, mən “Patriarxın payızı”nı oxuyanda elə bildim Markes illərdir Azərbaycanda yaşayır. O qədər ki orda bizə doğma, tanış problemlər vardı. Bax bəşərilik budur. Halbuki bizim yazıçılar bu cür duyub yaza bilmirlər.

YAŞAR:

- İradə xanım “kabinet ədəbiyyatı” deyəndə bildim nəyə “namyok” edir. Yazıçı kabinetdə də oturub həyatın dibində olan insanı yarada bilər, eləcə də həyatın dibində oturan yazıçı kübar insanın bütün varlığını yarada bilər. Kamal Abdullanın romanları sırf kitabdan gəlir, hekayələri isə həyatdan. Deyəsən, İradə xanım məişət dilindən, ucqar kənddən danışanda Kamla Abdullanın “Unutmağa kimsə yox” romanını nəzərdə tuturdu. Bu roman postmodernist romandır. Postmodernizmə ironiya var. O roman bəşəri mövzuda işlənib, yazıçının kənd həyatını öyrənməsinə ehtiyac yoxdur. “Patriarxın payızı” diktatorlar haqda o dövrdə yazılmış əsərdir. Mənə çox qəribə gəldi ki, 30-40 il qabaq çıxan romanı Azərbaycan tənqidçisi indi oxuyur, onda bizim ədəbiyyatın vay halına. Onda bunlar indi yazanlara necə qiymət verəcəklər?

“ÇOX VAXT YAZANA YOX, YAZIYA BAXIRIQ”

İ.Musayeva:

- Yaşar müəllim “kabinet romanları” ifadəsini hərfi mənada qəbul edir. Söhbət hansı məkanda yazmaqdan getmir, söhbət tanış olmadığı həyatdan, mühitdən yazmaqdan gedir. Qaldı, “Patriarxın payızı”na, söhbət bəşərilikdən gedirsə, bu gün yox, 50 il sonra da oxucu onu oxuyub doğma notlar tapsa onu qınamamalıyıq. “Unutmağa kimsə yox” haqda çox şey deyə bilərik. Baxır söyləyənin niyyətinə. Çox vaxt yazana yox, yazıya baxırıq. Bu da məni təəssüfləndirir.

YAŞAR:

- Mən yazana da baxıram, yazıya da baxıram. Yazanın qələminə ümidim yoxdursa, onun yazısını oxumuram...

DİNLƏ

İZLƏ

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG