Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:18

Astara çəltikçilərinin ağır əməyi...


Dizə kimi palçığın içində olan qadınlar da əkinlə məşğuldurlar

Dizə kimi palçığın içində olan qadınlar da əkinlə məşğuldurlar

-
Azərbaycanın Cənub bölgəsində yalnız Astara rayonunun 3 kəndində çəltik əkilir. Onlardan biri də Artupa kəndidir. Astaranın Artupa kəndinə gəlib çıxmaq elə də çətin olmadı. Astaraçayın üstündə mini elektrik stansiyasının təməlqoyma mərasimində ölkə prezidenti də iştirak edib və kəndin ortasından uzanan yoldan keçib. Buna görə də yol asfaltlaşdırılıb. Kəndin ara yolları isə bərbad vəziyyətdədir. Kəndə əkin sahəsinə də piyada getməli olduq. Göz işlədikcə torpaq sahələri uzanır. Torpaqların çoxu başlı-başına buraxılıb, əkin yoxdur. Yerdə əyləşmiş bir qrup əkinçiyə yaxınlaşdıq. «Yeməyə əyləşmişik» dedilər. Süfrəyə təndir çörəyi, bir də bir butulka «Fanta» qoyulmuşdu. Əkinçilərin ayaqları dizə qədər palçıqlı idi. Onların deməsinə görə, hava isti olsa da, su soyuqdur. Çəltiyin yeri hamar və yumşaq olsun deyə, qarışdırılmalıdır.

«ÇƏLTİK SƏRFƏLİ ƏKİNDİR»

Əkinçilər bildirir ki, çəltik əkininin min bir çətinliyi var. Özünü sahibkar kimi təqdim edən Həmdulla Hüseynov:

«90-cı ildən çəltik əkirəm. Sonradan mənə 1 hektara kimi yer verdilər. Texnikamız yoxdur onu əkməyə. Ümumiyyətlə baxmırlar, bizə texnika vermirlər. Bu respublika səviyyəli işdir, lakin texnikamız yoxdur. Texnikamız olsa, 10 hektar çəltik əkərəm. Sərf edir. Özü də çox sərfəli əkindir».

«TEXNİKA OLSA, BÜTÜN MİLLƏT ÇƏLTİK ƏKƏR»

Suyun və palçığın içində mərz qoyan Ramiz Babayev də gileylidir. Onun dediyinə görə, bir əsr bundan əvvəl çəltik əkini necə keçirilirdisə, elə o qayda ilə keçirilir, heç nə dəyişməyib. Elə o da texnikadan gileylidir:

«Bu çəltik hamıya lazımdır. Problemimiz texnikanın yoxluğudur. Sınıb, hissələri tapılmır. Camaat da qalır avara. Texnika olsa, bütün millət çəltik əkər».

Əkinçilər jurnalistlərdən də gileylidirlər. Onların deməsinə görə, sahəyə çəkilişə gələn telekanallar onların problemlərindən söz açmaq istəmirlər.
Qadınlardan heç kim danışmaq istəmir

Qadınlardan heç kim danışmaq istəmir


Dizə kimi palçığın içində olan qadınlar da əkinlə məşğuldurlar. Çəltik şitilini sulu torpağa köçürdürlər. Çəltiyin bir özəlliyi də onun sulu ərazidə yetişməsidir. Qadınlardan heç kim danışmaq istəmir. Hətta şəkil çəkməyə belə həvəsli deyillər.

«TOXUMU GÖMRÜKDƏN KEÇİRDƏ BİLMİRİK»

Başqa bir fermer Mehman Quliyev də texnika qıtlığından danışır. Ancaq o deyir ki, çəltikçilik gəlirli sahə olsa da, perspektivli deyil:

«Kolxoz dövründə necə əkilirdisə, indi də həmin qayda ilə əkilir. Bizdə texnika demək olar ki, yoxdur. Artupa kəndi yeganə kəndlərdəndir ki, çəltikçiliklə məşğul olur. Halbuki, Astara rayonun çox kəndlərində çəltikçiliklə məşğul olmaq imkanları var. Amma ki, texnika olmadığına görə çəltikçilikdən istifadə olunmur. Biz toxum əldə etməkdə də çətinlik çəkirik. Toxumçuluqla bağlı bizə dövlət tərəfindən dəstək yoxdur. Biz toxumu əsasən İran İslam Respublikasından gətiririk. Gətirəndə də biz onu gömrükdən keçirdə bilmirik. Dövlət bizə köməklik göstərmir».

«SU DA BİZDƏ PROBLEMDİR»

Fermerin bildirdiyinə görə, problemlər təkcə bununla bitmir:

Fermer Mehman Quliyev

Fermer Mehman Quliyev

«May ayında su olsa da, iyun, iyul aylarında su olmur. Həmin aylarda həm istilik olmalıdır, həm də su olmalıdır. Su da bizdə problemdir. Dövlət bizə köməklik göstərsə, artezian quyuları qazılsa, bu problemi asanlıqla aradan qaldırmaq olar. Ondan sonra məhsul yığımında da problemimiz vardır. Kombaynımız yoxdur, əl əməyindən istifadə olunur. Elə kombaynlar gətirilir ki, onlar çəltikçilik üçün yararlı deyil. Onlar çəltiyi parçalayır, məhv edir. Sırf çəltiklə bağlı kombaynımız olsa, daha yaxşı olar».

«MÜŞTƏRİLƏR ÇOXDUR, MƏHSULUMUZ AZDIR»

Mehman Quliyev deyir ki, düyü bazarında xarici məhsullar hökmranlıq edir. Onun fikrincə, xaricdən gətirilən məhsullar isə keyfiyyətdə yerli düyülərdən geri qalır. Bu baxımdan, yerli düyülər xarici düyülərdən bahadır:

«İnsanlar öz məhsulunu yaxşı sata bilirlər, yaxşı qiymətə də gedir. Bu dəqiqə bir kiloqram «Haşimi» düyüsü bazarda 2 manat 50 qəpiyə qalmır, satılır. Müştərilər çoxdur, məhsulumuz azdır. Əl əməyindən istifadə olunsa, demək olar ki, bu sahə get-gedə aradan gedəcək. Çox təəssüflər olsun. Ondan sonra gübrələnmə işində bizə köməklik göstərilmir. Ümumiyyətlə, çətinliklərimiz çoxdur. Hökumətdən, dövlətdən biz qayğı gözləyirik».

«MİN MANAT XƏRC QOYURUQSA, 3-4 MİN MANAT PUL GÖTÜRƏ BİLƏRİK»
Kolxoz dövründə necə əkilirdisə, indi də həmin qayda ilə əkilir

Kolxoz dövründə necə əkilirdisə, indi də həmin qayda ilə əkilir


Fermerin deməsinə görə, hazırda «Haşimi» toxumundan əkin aparılır. Çünki sərfəlidir, baha qiymətə satılır:

«Bir hektardan təqribən 7 ton məhsul götürülür. «Haşimi» var, «Sədri» var, «220» var. Bu toxumlardan daha çox istifadə olunur. Ən səmərəli toxum «Haşimi»dir. Çox qiymətə gedən toxumdur, özü də yaxşı qiymətə gedir. Mədədə tez həzm olunur. Hektara təqribən 1000 manata yaxın pul xərcləyirik. Qazancımız daha çox olur. Min manat xərc qoyuruqsa, təqribən 3-4 min manat pul götürə bilərik».

«ALINMIR»

Ancaq, görünür, bu qazanc onun əziyyəti ilə müqayisədə bir çoxlarına az görünür. Fermer Sürət Əhədov bildirir ki, çəltikçilikdə problemlər çox olduğu üçün daha əkmir. O deyir ki, bu sahə diqqətdən kənarda qalıb. Zəhmət çox istəyir, qazancı isə azdır:

«Çəltikçilik yaxşı sənətdir, mənim ona marağım var. Ona su lazımdır, axar çayın suyu verilsin. Yoxsa quyudan vedrə ilə verirdik. Quyuya motor qoyurduq. Bu, alınmır. Su olsun, necə keçmişdə çaydan su gələrdi, indi gəlsə, hə, əkə bilərik».

Bu yaxınlarda Astara rayon İcra Hakimiyyətində çəltikçiliklə məşğul olan fermerlərlə görüş keçirilib. Bu görüşdə də fermerlər problemlərdən, çətinliklərdən söz açıblar. Rəsmilər çəltik əkən fermerlərə problemlərin həll olunacağına dair söz veriblər.

Şərhləri göstər

XS
SM
MD
LG