Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:43

Sirus Təbrizli: «İlham Əliyevdən soruşardım ki, Bakı qalxsa, kimi çıxardacaqsız?»


Sirus Təbrizli

Sirus Təbrizli

-
«91»lərdən biri, keçmiş deputat Sirus Təbrizli AzadlıqRadiosuna müsahibə verib. Mayın 9-da onun 71 yaşı tamam olur. Elə müsahibəyə onu təbriklə başlayıb, doğum gününü necə keçirdiyini soruşduq:

– Həmişəki kimi qeyd edirəm. İdman və mütaliə ilə məşğulam, ailəmlə birlikdəyəm. Bir idman klubumuz var, keçmiş həmkarlarla birlikdə yığışırıq, sabah da (mayın 9-da), 10-da da klubun üzvləri ilə birlikdə olacağıq.

– Keçmiş prezident Heydər Əliyevin 90 illiyi böyük tədbirlərlə qeyd olunur. Hansı tədbirlərə dəvət almısınız?

– Heç kəs maraqlanmır, dəvət edən də yoxdur. Dünən Heydər Əliyevə düşmən olanlar bu gün çıxıb onun haqqında tərifli söz deyirlərsə, bizim üçün bundan böyük faciə, bəla yoxdur. O kişiyə hörmət qoymaq əvəzinə belə hörmətsizlik edirlər.

«RAMİZ MEHDİYEV MƏNƏ QULAQ ASSAYDI...»

– Hörmətsizliyi nədə görürsünüz ki?
– Baxın da, parlamentdə Əli Əlirzayev yox, Şahlar Əsgərov yox, Asya Manafova yox, Zahid Qaralov yox. Heydər Əliyevin düşmənləri, onun məhvinə çalışanlar, ona olmazın təhqirlər yazanlar oturublar orda. Televizoru açırsan, onlardır. Mən necə ola bilərəm orda? Qəribədir, bilmirəm Amerikaya neyləmişəm, amma ABŞ-ın Linkoln şəhərinin fəxri vətəndaşıyam. Sirus Təbrizli yeganə adamdır ki, həm xalq hərəkatında fəal olub, həm YAP-ın yaranmasında. Nə dövlət qəzetlərində görürsünüz məni, nə də televiziyalarda. Çünki Ramiz Mehdiyev nə xalq hərəkatında olub, nə də YAP-ı yaradanlardan. Heydər Əliyev özü deyirdi ki, bu adam mənə iki dəfə xəyanət edib, indi də üçüncü dəfə xəyanət edir. Heydər Əliyevin ruhunu incidir. Nəticədə də Meksikada Heydər Əliyevin heykəlini götürdülər. Bu, Azərbaycan xalqı üçün böyük bir təhqir idi. 2007-ci ildə Ramiz Mehdiyev mənə qulaq assaydı, belə bir təhqirə məruz qalmazdıq.

– Nə demişdiniz ona?
– Demişdim ki, pambıq, taxıl əkin, meyvə-tərəvəz əkin, heykəl əkməyin.

– Üçüncü dəfə xəyanət nə deməkdir?

– Xəyanət ortalıqdadır da. Heydər Əliyevin silahdaşları qalıb kənarda. Bu gün Heydər Əliyev gözünü açıb görsəydi ki, kimlər televiziyada ondan danışır, bilmirəm nə hiss keçirərdi.

– 2007-də YAP-dan çıxarılmanıza səbəb bir çıxışınız olmuşdu. Regionların inkişafı ilə bağlı demişdiniz ki, məmurlar yalan söyləyir, rayonlarda durum acınacaqlıdır. Nə dəyişib o vaxtdan?

– O vaxt dediklərimə məhəl qoysaydılar, bu neqativ hadisələr olardı? Həkim diaqnoz qoymalıdır. Mənim siyasi intuisiyam var. 92-ci ildə bilirdim ki, Heydər Əliyev gəlməsə, Azərbaycan xalqı məhv olacaq. Mən deyən oldu – Heydər Əliyev gəldi, xalqı xilas etdi. Axı mən məsuliyyət daşıyıram. Gördüm ki, Azərbaycan xalqını, Heydər Əliyevi düşünməyənlər başlayıblar qamarlamağa, oğurlamağa, yalan danışmağa, yaltaqlanmağa, xəyanət etməyə, satqınlığa. Mən buna görə məsuliyyət daşıyıram, axı. Ona görə dedim ki, «Azərbaycanı simasız quldurlar partiyası idarə edir». Mən şadam ki, 92-də Heydər Əliyevi çağırdıq, gəlib oturdu hakimiyyətdə. Mən partiyanın adını «Yeni Azərbaycan» qoymuşam. İlham Əliyev bu gün formaca xeyli yeniləşdirib Azərbaycanı, amma məzmunca... Azərbaycanın məzmunca xeyli geri getdiyini görürük. Bizdə hansı deputata, məmura oxşamaq istəyərsiniz? Amma mən Ərdoğana oxşamaq istəyərəm, nəvəmə də deyərəm ki, ona oxşasın.

«BAKI QALXSA, KİMİ ÇIXARDACAQSINIZ?»

– Deyirsiniz formaca dəyişib ölkə, nədə görürsünüz bu dəyişikliyi?

– Yollar təzələnib, yaxşı binalar, məktəblər, xəstəxanalar tikilib, iş yerləri açılıb. Bunu görməmək insafsızlıq olar. Ancaq icra başçısı üçün təzə bina tikilir, orada rüşvətxor, milləti saymayan oturursa, o binanın nə xeyri var? O yollar səni məbədə aparmırsa, nə xeyri var? Baxın, məzmunu dəyişmək lazımdır.

– Yolların, binaların tikintisinə böyük miqdarda büdcə pulları xərclənir. Eləcə də 90 illiklə bağlı Gül bayramının, tədbirlərin keçirilməsinə. Bu dəbdəbəyə lüzum varmı, sizcə?

– O, mənlik deyil. Mən deyərdim ki, bu gün Heydər Əliyevə ən böyük heykəl ölkəni ədalətlə idarə etməkdir. Heydər Əliyevin sabiq silahdaşları bu gün adam yerinə qoyulmursa, əksinə, onun bədxahları, düşmənləri üzdədirlərsə, bu, Heydər Əliyevin ruhunu incitməkdir.

– Sirus bəy, bölgələrdə etirazları necə dəyərləndirirsiniz? Nədir, sizcə, səbəb?

– Mən indi İlham Əliyevlə üzbəüz otursam, bir sual qoyaram – Qubada xalq qalxdı, icra başçısını çıxardınız, İsmayıllıda qalxdı, icra başçısını çıxardınız, Bakı qalxsa, kimi çıxardacaqsınız? Bunu düşünən yoxdur. Riyakarlıq, oğurluq baş alıb gedir.

«RAMİZ MEHDİYEVİN... XƏYANƏTİ DAVAM EDİR»

– Demisiniz ki, Heydər Əliyevə sui-qəsdin arxasında Fərəc Quliyev dayanıb...

– (sualı kəsir) Elə deməmişəm. Demişəm ki, Fərəc Quliyev Heydər Əliyevin üstünə tapança çəkib. Bunu da hamı bilir. Tapançanı da nə üçün çəkərlər? İndi Fərəc Quliyev Ramiz Mehdiyevin sevdiyi adamdır. Çünki Ramiz Mehdiyevin də ona xəyanəti davam edir, indi ölüsünə də xəyanət edir. Millət də susur. Bu, həm millətə, həm də prezidentə baha başa gəlir, çünki qəzəb toplanır, gah bu, gah da o rayonda lokal partlayışlar baş verir. İndi Azərbaycanda nə təbii məhəbbət, nə təbii nifrət qalıb. Niyə Zeynəb Xanlarova danışır? Çünki o, təbii məhəbbətini və təbii nifrətini saxlayan adamdır. Sirus Təbrizli də belə insandır.

– Konstitusiyaya dəyişiklik edilib, bir nəfərin 3-cü dəfə prezident seçilməsi yolundakı limit qaldırılıb. Beynəlxalq qurumlar bunu demokratiyadan geriyə addım sayırlar. Siz nə düşünürsünüz?

– Bu gün Azərbaycanda durum çox mürəkkəbdir. Həmişə demişəm, Əliyevlərdən başqa ölkəni idarə edənləri görmüşük – Vəzirovu, Mütəllibovu, Əbülfəzi gördük. Zarafat deyil. Ən pis dövlət – idarə olunmayan dövlətdir. İstədiyim odur ki, İlham Əliyev özü ölkənin ləyaqətli insanlarının, ziyalılarının istədiyini həyata keçirsin. Azərbaycan islam aləmində demokratiyaya uğurla gedən ölkədir, xalqdır. Seçkiyə nə qalıb ki? İlham Əliyevin rəqibləri kimdir? Ətrafına baxsın, məqsəd qoysun, çox asandır bunları etmək. Ancaq bu, ikiüzlülüklə, yalanla alınmayacaq. Azad bir ölkə istəyirik, insan fikrini deməlidir, nifrətini bildirməlidir.

«MİLADDAN SONRANIN MÖCÜZƏSİ AMERİKA KONSTİTUSİYASIDIR»

– Müxalifət cəbhəsində baş verənlərə münasibətiniz necədir? Milli Şura təklifi var, vahid namizəd ətrafında söhbətlər gedir.

– Müxalifət iyrənc vəziyyətdədir. Xalq qorxur ki, işbacaran simasız quldurları başıpozuq simasız quldurlar əvəzləyəcək. Ona görə arxayın olun, YAP-ın namizədi İlham Əliyev olacaq. Ancaq mən YAP-ı yaradanlardan biri kimi istəyirəm ki, YAP-ın namizədi ölkəni həqiqətən yeniləşdirsin, tək formaca yox, həm də məzmunca. Qurtarsınlar bizi bu riyakarlardan, satqınlardan, oğrulardan, rüşvətxorlardan.

– Məzmunca deyəndə, demokratik islahatları, insan haqlarını, sərbəst toplaşma, seçki azadlığını nəzərdə tutursunuz?

– Bəli, bəli. Sizə bir söz deyim. Dünyanın yeddi möcüzəsi olub, hamısı Miladdan əvvəl. Miladdan sonranın möcüzəsi Amerika konstitusiyasıdır. Yol budur, kim nə deyir desin. Bəşəriyyətə xoşbəxtliyi insan azadlığı, hüquqların qorunması, demokratiya verəcək, – başqa yol yoxdur. Görün, nə qədər diktator vardı – Franko, Mao Tsedun, Stalin, indi kim qalıb? İkisi-üçü qalıb, biri də Şimali Koreyadadır, onlar da çıxıb gedəcəklər. Demokratiya yolunu tutmaq lazımdır. Azərbaycan xalqı bunlara hazırdır. Gül kimi ölkədir, altı da sərvətdir, üstü də. Halal öyrətsən, halal yaşayacaq.

– Yəni cəmiyyət hazırdır, sadəcə, demokratik idarəçilik lazımdır?

– Yox, cəmiyyətin özündə də problem var. Ən böyük faciə odur ki, cəmiyyətdə təbii məhəbbət, təbii nifrət qalmayıb. Hər şeyi hakimiyyətin üstünə atmaq düz deyil. Siz də adi həqiqətləri Sirusun dilindən eşitmək istəyirsiniz. Ziya Bünyadovu öldürüblər, indi oğlundan məmur rüşvət alır. Heydər Əliyevin şəkli var, sağında mən, solunda Ziya. Sevinim buna? Ziya Bünyadovun oğlundan rüşvət alırıqsa, ermənidən torpaq ala bilərik?

«İSA QƏMBƏR ÖZÜNÜ ARTIQ ŞƏRƏFLİ MƏĞLUBİYYƏTƏ HAZIRLAYIR»

– Yəni birinci rüşvətin kökü kəsilməlidir?

– Hə, onları da siz deyin. 92-ci illərlə fəxr edirəm. Səmimi mübarizə aparırdıq. Xalqın köməyi ilə qalib gəldik. İndi məni Linkolnun fəxri vətəndaşı seçirlər, ancaq YAP-ın iclasına çağırmırlar. Kimdir onlar, axı, mənə rəhbərlik etsinlər? Çağırın məni onlarla debata, görək kim nə deyir. Vəzifəsindən istifadə edib camaatı tutur, incidirlər. 7 manat oğurlayana 7 il iş verirlər. Milyardları oğurlayanlara nə qədər iş düşür onda?

– Demək istəyirsiniz ki, prezident yaxşıdır, ətrafı pis?

– Mən görsəm ki, kimsə onu əvəzləyə bilər, ondan yaxşıdır, başqa məsələ. Vazda olan meyvələrdən seçirlər, bağda-bostanda olan meyvələrdən danışma. YAP-ın namizədindən güclüsünü tanımıram. Bu gün YAP-ın maddi, mənəvi, hər cəhətdən potensialı güclüdür. İsa Qəmbər özünü artıq şərəfli məğlubiyyətə hazırlayır. Mən İlham Əliyevdən umuram və gözləyirəm. Mən ümumiyyətlə, YAP-ın namizədindən gözləyirəm, çünki o partiya ilə bağlı olmuşam. Namərdlik, nakişilik ediblər, – öz işləridir. Mən öz prinsipimlə yaşayıram. İnsan gərək ən xırda yaxşılığı belə unutmasın, amma ən böyük pisliyi yaddan çıxarsın. Kin-küdurət həm də insanı fiziki məhv edir. Havay adalarından gəlirəm, orada bir ananaslar vardı ki. Elə bilirdim, ananas ağacda bitir, ancaq sən demə, bostan bitkisidir. Bizdə isə bostanda pomidor-xiyar bitir, yəni ananas seçə bilmərəm.

Şərhləri göstər

XS
SM
MD
LG