Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:34

«20 Yanvar»ın jurnalistə çevirdiyi adam - Ali Çimen- [Video]


«20 yanvar»ın jurnalistə çevirdiyi adam- Ali Çimen
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

«20 yanvar»ın jurnalistə çevirdiyi adam- Ali Çimen

«Bizim Azərbaycana çox böyük sevgimiz var, amma, bunun təməli sağlam deyil. Azəri yazarları oxumuruq, filmlərini izləmirik».

-

...- Jurnalist və ya yazar olaraq həyatınıza hansı kitablar təsir edib?

- Məni tarixi kitablardan daha çox, tarixi bir hadisə motivasiya edib. Xatırlayarsınız... 1990-cı ilin 20 yanvarında Sovet tankları Bakıya girmişdi. Mən o zaman liseyi yeni bitirmiş 18-19 yaşlarında gənc idim...



Populyar türk yazarı, jurnalisti Ali Çimenin AzadlıqRadiosuna müsahibəsi.


Ali Çimen 20 ilə yaxındır jurnalistikada çalışır. Müxtəlif zamanlarda “Zaman” qəzeti adından Almaniya, İngiltərə, Hollandiya, Türkiyədə qəzetçi olaraq işləyib.

3 ildir Fransada “Euronews” da redaktordur. Eyni zamanda 13 ildir Türkiyədə yazar olaraq bilinir.

Daha çox populyar tarixi (tarixi biliklərə qismən əsaslanan) mövzularda yazır.

Indiyə qədər 15 cilddə kitabı yayınlanıb. Bunlardan 14-ü tarixi mövzudadır - gizli xidmətlər, liderlər, savaşlar, əsgərlər və s. haqda.

Ən son yayımlanan kitabı “Tarixi dəyişdirən liderlər” kitabıdır. Keçən il isə ilk romanı yayınlanıb. İran, Türkiyə, İsrail ətrafında cərəyan edən siyasi gərginlikdən bəhs edir.


Araşdırmaçı yazar Ali Çimenin "Tarixi dəyişən qadınlar" kitabı
Araşdırmaçı yazar Ali Çimenin "Tarixi dəyişən qadınlar" kitabı
“Tarixi Dəyişdirən kitablar” silsiləsi Türkiyədə 300 min tirajla satılıb. Ali Çimenin AzadlıqRadiosuna müsahibəsi.


- “Tarixi Dəyişənlər...” silsilə kitabları yazmağa necə başladız, ilham qaynağınız nədir?

- Bu kitabları yazmağa 2003-cü ildən başladıq. Dünya tarixini özündə cəmləyən kitablar axtarırdım. Amma heyif ki, təkcə Türkiyədən bəhs edən, Osmanlıdan bəhs edən kitablar vardı. Bu məni təmin etmirdi. İstədim ki, bütün dünya hadisələrinə qlobal baxan bir kitab olsun, dünya hadisələrini bir-biri ilə müqayisə etsin. Sadəcə, Türkiyəni anlatmasın, oxuyanlar ümumi tarixi bilgiyə sahib olsun. Bir gün “Times” jurnalında “Dünyanı dəyişdirən 80 gün” adlı məqalə vardı. O başlıq ilgimi çəkdi. Düşündüm ki, oxşar başlıq altında mən də kitab yazım. Həm özümü inkişaf etdirmiş olaram, həm də mənim kimi kitab axtaranlara faydam toxunmuş olar. “Tarixi dəyişən konuşmalar”la başladıq işə və ardı gəldi.

- Sizin yazdığınız bu kitablar haqda tənqidlər də səslənir. Deyirlər ki, onlar daha çox vikipediya xarakterlidir, vikipediyadan bəhrələnməyiniz haqda fikirlər dolaşır. Belədirmi, ya sizin özəl baxışınız, araşdırmanız var?

- Bu tənqidlərdən mənim də xəbərim var. Bu cür tənqid edənlərə belə bir cavab verirəm: vikipediya mənim atamın internet portalı deyil, hər kəsə açıqdır. Mənim ordan oxuduğumu onlar da oxuyur. Buyursun hər kəs yazsın (gülür). Sualınıza cavabda isə bunu deyə bilərəm ki, kitablara öz baxış bucağım var. Qəzetçi kimi görürəm olayları. Məsələn, belə bir sualın cavabını axtarıram: Berlin divarının dağıdılması zamanı mən jurnalist olsaydım, bu hadisəni necə anladardım? Mən o zaman 17-18 yaşında idim. Daha da əvvələ gedək. Vaterloo savaşı, Napoleonun tarixi səhnədən silindiyi savaş. Həmin zaman jutnalist olsaydım bunu necə anladardım? Mən bu yöntəmi istifadə edərək yazıram. Fərqlilik yaradan da budur. Digər tarixi akademik kitablardan ayıran özəlliyi budur.

Digər bir tərəfdən, öncəliklə xarici mənbələri ələkdən keçirirəm. Ingilis, alman, fransız dillərində çoxlu sayda mənbə var. Bunları süzgəcdən keçirirəm, üzərinə də öz şərhlərimi əlavə edirəm. Şərh deyərkən tarixi təhrif etmə mənasında deyil, özlüyümdə maraqlı bulduğum, oxuculara da maraqlı olacağını düşündüyüm məqamları ön plana çıxarmağa çalışıram. Bu mövzuların mütəxəssisləri də var, dünyanın öndə gedən universitetlərində hocalar, alimlər var - Harvardda və ya digər bir yerdə. Jurnalist kimliyimi istifadə edərək də bu insanlarla əlaqə saxlayıram, onlara suallar verirəm, onların maraqlı fikirlərini qeyd edirəm və mümkün olduğu qədər də kitablarımda əks etdirməyə çalışıram.

Ali Çimen
Ali Çimen
Hər bir kitabı yazma ortalama 1 il davam edir. Jurnalist olmaq kimi bir üstünlüyüm var. İxtisasım səbəbindən mən bir şəkildə bu hadisələrin içindəyəm. İstədiyim şəxslərlə çox rahat görüşə bilirəm, mənbələrə asan əlim çatır. Eyni zamanda arxivlər də var internetdə. Mərkəzi Kəşfiyyat İdarəsinin belə arxivi var. Gizli olanlar xaricində hər şeyə çata bilirsən. Çox diqqətli bir şəkildə araşdırsanız, istədiyiniz hər şeyi tapa bilərsiniz.

- Bir kitabınızı hazırlama, ərsəyə gətirmə nə qədər çəkir?

- Təxminən 10 ayım material toplamaq, mənbə oxuyaraq keçir. O yoldaşların dediyi kimi vikipediyadan deyil, dəyişik mənbələrdən oxuyuram (gülür). Uzmanlarla görüşürəm, oxuduqlarımdan qeydlər edirəm. 2 ay da kitabımı yazmağa sərf edirəm. Bircə “Tarixi dəyişən İmperiyalar” kitabı 2 ilə başa gəldi. Çünki bir kitaba sığışdırılmış dünya tarixi kimidir.

- “Tarixi dəyişən kitablar” silsiləsində Diktatorlar da var. “Foreign Policy” dərgisi Atatürkü də diktator siyahısına əlavə etmişdi. Diktator kimə deyilir?

- Mənə görə, diktatorun təsviri çox sadədir. Bir ölkədə dəxli oldu-olmadı bir liderin heykəli qoyulursa, onu daşlaşdırıbsınızsa, və ya dəxli oldu-olmadı hər yerdə rəsmi asılırsa, bu, avtomatik olaraq diktatordur. Diktator rejimi olaraq dəyərləndirməmiz üçün bir neçə şərtlər var: sərbəst rejimin olmaması, bir adamın ağzından çıxan hər sözün qanun olaraq qəbul edilməsi. Liderlərin kitabyazma xəstəliyi var, bilirsiz. Bu şəkildə olan insanlar diktatordur. Yəni mənim diktator formulum budur.

- Sırada tarixi dəyişən kimlər var? Qadınlardan yazıbsınız, liderlərdən yazıbsınız. Tarixi dəyişən uşaqlar varmı ?

- “Tarixi dəyişdirən kəşflər” üzərində işləyirəm. Bu ilin sonuna çap olunacaq. Kəşflər önəmlidir. Bu günkü siyasi quruluşların kökünü eşsək, coğrafi kəşflərə qədər gedib çıxır. Türklərin Şərqə gedən yolu bağlamasından dolayı Avropalıların okeanın o tayına gedib yeni dünyalar kəşf etməsi, Ümid burnundan, Afrikadan fırlanıb Hindistana çatmaları, sərmayələrin toplanması, onun ardından sənayenin inkişafı və indi Avropanın bu günkü gücə sahib olması- bunların hamısının coğrafi əlaqəli olmasını üzə çıxaracağıq. Ardından “Tarixi dəyişdirən icadlar” olacaq, internet, atom bombası və s. Bunun ardından “Tarixi dəyişdirən filosoflar” olacaq. “Tarixi dəyişən savaşlar-2” kitabıyla bu ardıcıl nəşrləri bitirəcəyik. Sonra 2015-ci ildən yeni bir kitab silsiləsinə başlayacağıq.

- Türkiyədə sizin kitablarınız necə qarşılanır?

- Mənim kitablarıma maraq böyükdür. Türkiyədə tarix üzərindən yazan çox yazar var. Amma onlar daha çox akademik mənşəlidir. Mən bu mövzularda yazan ilk jurnalist mənşəli yazaram və jurnalist üslubunda yazdığım üçün fərq yaratdığımı düşünürəm, olan reaksiyalardan bunu duyuram.

- Jurnalist və ya yazar olaraq həyatınıza hansı kitablar təsir edib?

- Məni tarixi kitablardan daha çox, tarixi bir hadisə motivasiya edib. Xatırlayarsınız... 1990-cı ilin 20 yanvarında Sovet tankları Bakıya girmişdi. Mən o zaman liseyi yeni bitirmiş 18-19 yaşında gənc idim. Bilirsiniz, həmin dönəmdə Türkiyədə də qapalı bir rejim yönətilirdi. Ağ-qara tək kanalımız vardı, dünyaya da o qədər açıq deyildik. Azərbaycan... həmişə eşidirdik ki, belə bir ölkə var, bizim kimi türkcə danışırlar. Ancaq ünsiyyət, mətbuat məhdud idi. İlk olaraq o zaman fərqinə vardım bunun. Sovetlər deyə bir birlik var. Tanklarla Bakıya giriblər. TV-dən izləyirdik görüntüləri. Fərqinə vardım ki, bizdən kənarda da bir dünya var. Azərbaycan var. Soydaşlarımızın üzərinə tanklar getmiş. Bu olay mənim gözümü açdı xarici aləmə, tarixi hadisələrə maraq oyatdı. Jurnalist olmaq istədim, bunları öyrənmək, araşdırmaq istədim. Sovetlər kimdir? Kim qurub onu? Niyə Azərbaycanda və ya Gürcüstandadırlar? Bu mənim üçün çıxış nöqtəsi oldu. 21 yaşında başladım qəzetçiliyə. Başlamazdan öncə də Xocalı qətliamı olmuşdu. Azərbaycanın mənim jurnalistika həyatımda çox önəmli bir yeri var. Əlbəttə, işin içinə girdikdə də maraq dairəmiz daha da böyüdü və daha da dərinə getdik.

- Türkiyədəki yazarların, oxucuların, türk insanının Azərbaycan haqqında bilgiləri nə qədərdir, sizcə?

- Azərbaycanın jurnalistik fəaliyyətimdə önəmli rolu olmasına rəğmən mən indi gələ bildim bu məmləkətə - 42 yaşımda. Düzü, buna görə xəcalət çəkirəm. Bura həm bizim üçün, həm də orta Asiya üçün çox önəmli bir ölkədir. Yetişmiş, gənc əhalisi var. Beynimdə belə bir şablon vardı: köhnə Sovet ölkələri kimi donuq, cansız bir şəhər gözləyirdim düzü. Gənclər xaricə çox açıqdırlar, küçələrdə yaşam həvəsi hiss etdim. Burda da digər yerlərdə olduğu kimi mənfi şeylər var, amma, İstanbula nəzərən tarixi daha yaxşı mühafizə etdiyinizi gördüm. Jurnalistlərin Bakı ilə əlaqədar “background” bir bilgiləri var: orda azərilərdir, şirin türkcə danışır, 70 il Sovetlərin tərkibində oldular... bunun xaricində elə də geniş bilgi yoxdur. Sovetdən sonra Azərbaycan necə quruldu, hansı etaplardan keçib bu hala gəlib, dünyadakı önəmi nədir? Bu barədə jurnalistlərimiz elə də bilgili deyillər.

- Sizin jurnalist olmağınız yazar olmağınıza və ya əksinə yazarlığınız jurnalistliyinizə mane olurmu?

- Bunlar ikisi bir-birini bəsləyir. Jurnalist kimliyimi istifadə edərək istədiyim adamla əlaqə qura bilirəm.
Ali Çimen
Ali Çimen
Digər yazarların belə bir üstünlüyü yoxdur. Jurnalist olmağım olayları daha fərqli bucaqdan yanaşmama, sorğulamama səbəb olur. Məsələn, Türkiyədə Osmanlı tarixindən yazan çox adam var. Amma mənimki daha soyuqqanlı bir baxışdır. Bizdə Osmanlıya belə bir baxış var: 3 qitəni idarə etdik, bütün dünyanı titrətdik. Müsbəti qabardan, mənfinin üstündən keçən tarix anlayışı var Türkiyədə. Qəzetçi olmağın əsas qanunu sorğulamaq olduğundan yazarlığımda bunu istifadə edirəm. Osmanlı niyə dağıldı? Niyə Balkanlar Osmanlıya qarşı qiyama qalxdı? Biz niyə İngilis imperiyası kimi Osmanlını davam etdirə bilmədik? Bu tərəflərindən baxıram.

- Türkiyədə hazırki siyasi durumu necə dəyərləndirərdiniz? Həbsdə jurnalistlər var, Fazil Say olayı... bunlar nəyin göstəricisidir? Bəzən Türkiyəyə “müasir İran” deyənlər də olur.

- Dünyada heç bir ölkənin digər bir ölkəni örnək ala biləcəyinə inanmıram. İçində yaşadığımız zamanda heç kimin “böyük qardaş”a ehtiyacı yoxdur. Türkiyə də Azərbaycan kimi oxşar mərhələdən keçir. Bizdə əlbəttə, insan haqları baxımından qət edilməli məsafələr var. Son 10 ildə çox böyük addımlar atılmasına rəğmən sivil konstitusiya yaza bilməmişik. Ancaq irəliyə doğru addımlar atılmaqdadır. Bu cür sıxıntıların gələcəkdə olmayacağını düşünürəm. Azərbaycanda da bir az sıxıntılar var. Türkiyə kimi müəyyən bir dönəmdən keçir. Heyif ki, bu dönəm ağrılı olacaq, ağlıyacağıq, yıxıla-dura irəliləyəcəyik. Amma, düşünürəm ki, bu mərhələləri aşmaq üçün Avropa qədər çox sıxıntı keçirməyəcəyik. Ilk dəfə onlar demokratiya üçün nələrisə ortaya qoymuşdular, sıfırdan başlamışdılar. Amma bizim qarşımızda örnəklər var. Hansı xətaları etməməli olduğumuzu bilirik. Bu baxıımdan, bizim kimi ölkələrin demokratiya intibahı Avropaya nisbətən daha sürətli olacaq. Ancaq asan olmayacaq. Sizdə də, bizdə də insan haqları ilə bağlı problemlər var. Belə sıxıntılar 60-cı illərdə Qərbdə də vardı. Türkiyənin normallaşa bilməmə səbəbləri içində son 30 ildir davam edən terror var. Terroru aradan qaldıra bilsək, demokratik addımlar atilması sürətlənəcək.

- Bakıda bir neçə Universitetdə tələbələrlə, oxucularla görüşmüsüz. Onlar sizi yazar olaraq necə qəbul edirlər?

- Burda öz ölkəmdəkindən daha məşhurmuşam. Bunu hiss etdim, düzü çox qürurlandım. Düşünürəm ki, buna səbəb həm tarix kitabları olaraq Azərbaycan Türkiyə üçün yeni bazardır. Kitab keyfiyyəti və digər baxımdan Türkiyə bir az öndədir. Görüşdüyüm insanlar, Universitetlərdə (Bakıdakı) müəlimlər, tələbələr çox maraq göstərirlər. İstərdim ki, Türkiyədə də Azərbaycana yönələn belə bir maraq olsun. Bizim Azərbaycana çox böyük sevgimiz var, amma, bunun təməli sağlam deyil. Azəri yazarları oxumuruq, filmlərini izləmirik. Təktərəfli bir maraq var. Burada daha yaxşı əmin oldum. Burda hər kəs türk sənətçilərini tanıyır, kitabları oxuyur, filmləri izləyir. Bu maraqların qarşılıqlı olması lazımdır.

- Bu maraqların təktərəfli olma səbəbi nədir, sizcə?

- Cumhuriyyət qurulandan sonra ideoloji çərçivə olaraq Qərbi hədəf almış olmamız və Şərqə gözümüzü yummağımızdan qaynaqlandığını düşünürəm. Ancaq ölkə inkişaf etdikcə təktərəfli olmağı bir kənara qoyacaq. Qərblə olan münasibətlər normallaşmağa başladığı zaman, məsələn, türk xalqı 10 il əvvəlki qədər AB-yə üzv olmaq istəmir. Düşünürlər ki, biz zənginləşirik, onlar iqtisadi böhrana girir. O zaman ətrafa baxacağıq, aha, burda İran var, aha, burda Azərbaycan var. Maraqların qarşılıqlı olması bir az zaman alsa da, olacaq.

- Hansı kitabları gənclik mütləq oxumalıdır?

- Sual geniş miqyaslıdır. Dünya hadisələrini anlamaq istəyirlərsə “Böyük güclərin yüksəlişi və çöküşü” kitabı, 1-ci və 2-ci dünya savaşları hada kitabları oxumalıdırlar. Bu günkü dünyamız 2-ci dünya savaşının məhsuludur. Sovetin quruluşunu, fəlsəfəsini, dağılma səbəbini anlamadan, bu günkü Rusiyanı anlamadan bu coğrafiyada kimin nə etdiyini anlamaq çətindir. Bu savaşları bilməsək “dünya tək mərkəzdən idarə olunur” kimi hiylə fikirlərə aldanacağıq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG