Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:22
-

Bir əlində çomaq, bir əlində kitab. Tərtər rayonunda cəbhə ilə təmas xəttində yerləşən Həsənqaya kəndinin məcburi köçkün sakini Ceyhun 6 yaşından bu yana çobanlıq edir. Hərdənbir getdiyi məktəbi 2 ildən sonra başa vuracaq. Cibindən çıxardığı kitabın adını oxuyub, deyir ki, onun taleyi də qapılar arxasında məhv olur:

«ATIMI ÖLDÜRDÜLƏR...»

Ceyhun

Ceyhun

«9-cu sinifdə oxuyuram, Kəlbəcər rayonunun 120 saylı orta məktəbində.

- Sərhəd bölgəsində yaşamaq necədir?

- Çətin.

- Hansı arzu-istəyindən məhrum qalırsan?

- Hamısından.

- Şeir kitabıdır?

- Adı «Qapılar arxasında»dır.

- Əzbərlədiyin şeir var?

- Yox, yaxşı əzbərləməmişəm. Mal otarırdım, atımı öldürdülər. Tək mənim atımı yox ee, çox adamın atını öldürüblər».

VİRANƏ KƏND...

Səriyyə Əliyeva

Səriyyə Əliyeva

Həsənqaya kəndinə işğal olunmuş Kəlbəcər rayonundan 100-ə yaxın ailə köç edib. Burada təkəm-seyrək yaşayış evi görünür. Qalan həyət-bacada demək olar ki, daş üstdə daş qalmayıb, əksər evlər darmadağın edilib. Sakinlər danışırlar ki, qarşı tərəfdən mütəmadi atılan snayper və avtomat güllələri ev-eşikləri viran qoyub. Bir neçə il əvvəl bir sakini öldürüblər. 78 yaşlı Səriyyə Əliyeva deyir ki, öldürülən mal-qaranın sayını unudublar.

TALEYİMİZ GƏTİRMƏDİ

Səriyyə Əliyeva:

«Tələbatımız çoxdur. Suyumuz yoxdur ki, əkib-becərək. Çarəsizlikdən əlac yoxdur, qalmışıq. Tərtərə gedirik, deyirlər haradansan? Deyirəm, Həsənqayadan. Deyirlər, siz orda nətər yaşayırsız? Avtomatla nə qədər mal-heyvan qırdılar erməni silahlıları. Elə nədənsə burda məskunlaşdıqsa da taleyimiz gətirmədi».

VƏRƏM TƏHLÜKƏSİ...

Bu kənddə çoxlu torpaq sahələri olsa da kəndli əkib-becərə bilmir. Torpaqları suvarmaq üçün su xəttləri yoxdur. Təmas xəttində yaşayan işsiz, evsiz, susuz qalan sakinlərin üzünü güldürən tək səbəb 2 ay əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsinin kəndə içməli su çəkməsidir. Sakinlər deyirlər ki, qəsəbədə 1 ailənin 4 üzvü natəmizlikdən, şəraitsizlikdən vərəmə yoluxub. Həmin ailəyə cəmiyyət ev tikib, verib. Kənddə vərəm təhlükəsi yayılandan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi ümumi hamam və ayaqyolu da tikib.

Ağgül

Ağgül

Ağgül:

- «Yoldaşım rəhmətə gedib. Körpə 3 uşaqla ortada qalmışam. Ağ ciyərində xəstəlik var idi. Özüm də xəstəyəm. Suyumuz var, işıq da çəkiblər, evi də tikib verdilər mənə. Sağ olsunlar».

Aynur:

- «Hamamın içinin təmizliyinə baxıram. Bura bütün kənd üçündür. Nə qədər adam var, hamı istifadə edir. İki aydır bura tikilib.

- Ona qədər bəs harada yuyunurduz?

- Heç, elə evdə».

KÖHNƏ HAMAM - GƏLİN OTAĞI...

Kəndin sakini Pəri Həsənova deyir ki, cəmi bir otaqlı evdə 6 nəfər yaşayırlar. Bu səbəbdən oğlu evlənəndə əvvəllər hamam kimi istifadə edilən otağı gəlini üçün bəzəyib.

Pəri Həsənov:

Pəri Həsənova

Pəri Həsənova

- «Bura erməni hamamı olub (Qarabağ savaşından əvvəl Həsənqaya kəndində azərbaycanlılarla yanaşı, erməni ailələri də yaşayıb – G.R.). Qüvvəmiz çatmır, ev tikə bilmirik. İş yoxdur ki, gedib işləyək. Şəraitimiz pisdir, zülm çəkirik. Ev sarıdan, suvarma, su sarıdan. Qırmızı Xaç Komitəsi içməyə su çəkib. Artezian vurulub. Amma suvarma suyumuz yoxdur. Burda hər şey əkib-becərə bilərik. Sahəmiz çoxdur, suvarma yoxdur.

- Eviniz neçə otaqdır?

- Cəmi bir otaqlı. Bir otaqda 6 nəfər qalırıq. Qaçqınların hamısına ev tikilir, verilir. Tərtər rayonundakı Kəlbəcər qaçqınlarının niyə adı çəkilmir? Niyə heç bizlə maraqlanan yoxdur. Əgər bu dövlət, hökumət varsa, bizi niyə yada salmırlar?».

Tərtər rayon İcra Hakimiyyətində Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov deyir ki, yaxın vaxtlarda planda kəndə subartezian quyuları çəkmək var. Ancaq torpaqların minalardan tam təmizlənməməsi təhlükə yaradır və iş ləngiyir:

11 QUYU QAZILACAQ...

Qırmızı Xaç Komitəsinin tikdiyi ümumi hamam və ayaqyolu

Qırmızı Xaç Komitəsinin tikdiyi ümumi hamam və ayaqyolu

«Ən əsası orda əhalinin evi yoxdur. Ev şəraitləri acınacaqlı vəziyyətdədir. Suvarma artezianları vacibdir ora. Hazırda ərazidə su quyuları qazılır. 11 dənə nəzərdə tutulur. Ehtiyac çoxdur, suvarılası torpaq sahəsi çoxdur. Vəsait əsas məsələ deyil, əsas məsələ təhlükəsizlik baxımındandır. Ərazidə partlamamış sursatlar var. Hamısı təmizlənməyib. Atəş mövqeyinə yaxın olduğu üçün orada hər adam gedib işləmir. Orada süni suvarma sistemləri də nəzərdə tutulur».

Bu kəndi 12 kilometr ərazidə təmas xətti əhatə edir. Aclıqdan, natəmizlikdən vərəmə yoluxan xəstələrin, hamam otağına gəlin köçən qızın və əkib-becərə bilməyən kişilərin yaşamaq istəyi var. Bir də, hələ ki, şer kitabları ilə təsəlli tapan 16 yaşlı Ceyhun oxumaq istəyir...

Şərhləri göstər

XS
SM
MD
LG