Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:11

Qızıl zavodu kəndlilərə qızıldan baha olan torpaqlarını necə ələ keçirdi


Gədəbəydə qızıl və mis zavodu
Gədəbəydə qızıl və mis zavodu
-
«Kəndin üç tərəfi şirkət tərəfindən mühasirəyə alınıb. Torpaqlarımız əlimizdən alınıb, kəndimizin əhalisinin 60 faizi mal-qara ümidinə yaşayırdı. Artıq örüş, biçənək sahələrimiz olmadığına görə mal-qaranı da satmalı olmuşuq. Bu, azmış kimi, zavodla yataq arasında hərəkət edən yük maşınlarının tozu kəndin üzərində duman kimi çökür, hamısı canımıza gedir. Emal vaxtı havaya buraxılan kimyəvi maddələrin qoxusu ciyərlərimizdədir. Sularımız kimyəvi maddələrdən korlanıb, bizim kənddə əməlli-başlı su faciəsi yaşanır».

«ƏKİN VƏ BİÇƏNƏK TORPAQLARIMIZ KƏNDLİLƏRİN ƏLİNDƏN ZORLA ALINDI»

Gədəbəyin Arıqdam kəndinin sakini Telman Ələkbərov deyir, kənddə qızıl-mis emalı zavodunun tikilməsi və fəaliyyətə başlaması bu ərazidə yaşayanların gününü göy əskiyə büküb:

«Zavodla yaşayış yerləri arasında 150 metr məsafə var. Həmin yaxın əraziyə düşən hektarlarla əkin və biçənək torpaqları kəndlilərin əlindən zorla alındı. Məhkəmə də bu zorakılığa hüquqi don geydirdi. Sotu ən azı 300-350 manata olan torpaqları kəndlilərdən zorla 17.5 dollardan aldılar. Daha doğrusu, guya, şirkət rəhbərliyi kəndlilərə torpağın hər sotuna 17.5 dolları halallıq üçün verdi. Şəxsən mənim əlimdən 1 hektar 10 sot, bacımın əlindən 34 sot biçənək torpağı çıxıb».

Gədəbəy rayon Aqrar İslahat Komissiyası ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsinə və Arıqdamın 150 sakininə qarşı 2007-ci ildə məhkəmə iddiası qaldırıb. Məhkəmədən kəndlilərə verilmiş «torpağa mülkiyyət hüququna dair» dövlət aktlarını ləğv etdirib. İddia belə əsaslandırılıb ki, bu torpaqlar paylanılarkən qanunvericiliyə əməl olunmayıb.

HƏR DƏFƏ LƏĞV OLUNAN DÖVLƏT AKTLARI

Gədəbəy Aqrar İslahat Komissiyasının nümayəndəsi Zülfüqar İsgəndərov bildirib ki, Arıqdam kəndində torpaq islahatları aparılarkən vətəndaşların həyətyanı sahələri inventarizasiya aparılmadan, ölçülər dəqiq müəyyən edilmədən vətəndaşlara dövlət aktları verilib. Faydalı qazıntı işlərinin aparılması üçün nəzərdə tutulan torpaq sahəsi kəndin baş sxeminə daxil edilərək vətəndaşlara özəl pay torpaqları kimi verilib. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti tərəfindən həmin ərazidə qazıntı işləri aparılır. Faydalı qazıntı işləri aparılan və dövlət mülkiyyətinə aid olan 53 hektar torpaq sahəsi islahat aparılarkən adları iddia ərizəsində göstərilən 150 Arıqdam sakininə özəl pay torpağı kimi verilib. Həmin torpaqlar vətəndaşlardan alınıb dövlət mülkiyyətinə qaytarılmalı, 150 nəfərə əvvəlki dövlət aktlarında göstərilən ölçülərə uyğun başqa sahələrdən torpaq verilməlidir.

5 İLLİK MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ VƏ...

Gədəbəy rayon Məhkəməsi bu iddianı təmin edib. Sakinlərə torpağın hər sotuna görə 17, 5 dollar halallıq və başqa yerdə əvəzli olaraq torpaq sahələri verilib.

Ancaq sonradan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti 2012-ci ildə yenə məhkəməyə üz tutub. Bu dəfə iddia edib ki, sakinlərə ikinci dəfə də torpaqlar düzgün paylanmayıb.

Telman Ələkbərov:

«Şirkət məhkəməyə müraciət edib, ikinci dəfə verilmiş torpaqların sənədlərini də ləğv etdirdi».

Telman Ələkbərovun dediyinə görə, torpaqlarını qaytarmaq ümidini itirmiş 27 kəndli həmin məhkəmə qətnaməsindən apellyasiya, sonra isə kasasiya şikayəti verib. Ancaq kəndlilər məhkəmələrdə heç nəyə nail ola bilməyiblər. Bu il aprelin 24-də isə Ali Məhkəmə aşağı məhkəmələrin bu qərarını qüvvədə saxlayıb.

TORPAQSIZ QALDILAR

İş orasındadır ki, bu dəfə məhkəmə kəndlilərə başqa yerdə əvəzli pay torpaq sahələri ayrılması məsələsini gündəmə gətirməyib. Çünki şirkət iddia edib ki, aldıqları pay torpaqlarına görə kəndlilərə pul ödəyib. Kəndlilər isə həmin pulların şirkət rəhbərliyi tərəfindən onlara halallıq kimi verildiyini bildiriblər. Ancaq məhkəmə şirkətin nümayəndəsinin əks dediklərinə əsaslanaraq həmin pulların kompensasiya məqsədli olduğunu təsdiqləyib.

Beləcə, 5 illik məhkəmə çəkişmələrində hektarlarla torpaqları ilə vidalaşmalı olan kəndlilər Ali Məhkəmənin qərarını əldə etdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklərini deyirlər.

1997-ci ildə Böyük Britaniyanın «Anglo Asian Mining Plc» şirkəti ilə Azərbaycan hökuməti arasında mineral ehtiyatların istismarına dair 30 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkətə 6 sahə verilib ki, bunlardan biri Gədəbəydədir. Bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1.5 milyon ton mis hasil etmək nəzərdə tutulub. Layihəni icra etmək üçün Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (AIMC) yaradılıb. Sazişdə Azərbaycanın payı 51, «Anglo Asian Mining Plc» şirkətinin payı isə 49 faiz təşkil edir.
XS
SM
MD
LG