Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:22
-

"Bu, məqsədli və ardıcıl surətdə həyata keçirilən anti-Azərbaycan siyasətinin bir həlqəsidir".


Yazıçı Anar qələm dostu Elçinin 70 illiyinə yazdığı yazıda şərhçi Hüseynbala Səlimovun “Azadlıq” qəzetində çap edilmiş bir yazısını da tənqid edir.

Anar ad çəkməsə də, “Oynayan çoxdur, yoxsa oxuyan” adlanan həmin yazıdan sitat da gətirir:


“Bu yazı üzərində işlədiyim günlərdə mətbuatda iki mətn diqqətimi çəkdi.

Biri hansısa qart erməni millətçisinin haqqımızda dediyi sözlərindən gətirilən sitat idi. Bu daşnak tör-töküntüsü iddia edirdi ki, nə keçmişdə, nə indi Azərbaycanın heç vaxt nə ədəbiyyatı olub, nə mədəniyyəti...

Eyni vaxtda “Azadlıq” qəzetində də bir köşə yazısı gözümə sataşdı. Bu yazıda da eynən iddia olunurdu ki, Azərbaycanın heç bir ədəbiyyatı yoxdur. Özü də yalnız sovet dövründə deyil, ümumiyyətlə XX əsrdə (əsasən XIX əsrdə yaşamış Aşıq Ələsgəri də bura, yəni qeyri-ədəbiyyat siyahısına daxil etməklə). Bir neçə rus yazıçısının adını çəkdikdən sonra müəllif belə nəticə çıxarır: “Bizə qaldıqda isə 20-ci əsrdən bəlkə (!- A) Cavidi və Hadini götürə bilərik”. Deməli bu müəllifin fikrincə, Sabirin və Mirzə Cəlilin, Ə.Haqverdiyevin və Abbas Səhhətin ədəbiyyata dəxli yoxdur. Müəllif mərhəmətlə təklif edir ki, sovet dövrünün yazıçılarını söymək lazım deyil, sadəcə onların ümumiyyətlə ədəbiyyata heç bir dəxli olmadığını sübut etmək lazımdır. Doğrudan da çətin vəzifədir. Ən qatı erməni millətçilərindən başqa bu “nəcib” işin öhdəsindən gələn çətin tapıla. Axı hansı ağıldan kəm sübut edə bilər ki, tutalım Cəfər Cabbarlının, Səməd Vurğunun, Mikayıl Müşfiqin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Əli Kərimin,Məmməd Arazın, Xəlil Rzanın, Sabir Əhmədlinin, Yusif Səmədoğlunun, İsi Məlikzadənin, İsa Muğannanın yaratdıqları – ədəbiyyat deyil?

Bəs onda ədəbiyyat nədir? Əyalət psevdopostmodernistlərinin pornoqrafik sayıqlamaları? Mən əsasən dünyalarını dəyişmiş yazıçıların, həm də müxtəlif nəsillərə mənsub olan sənətkarlardan bəzilərinin adını çəkdim. Amma bu adlara onlarla başqa həqiqi şair, nasir, dramaturqu da əlavə edə bilərdim ki, Azərbaycanın həqiqətən də fəxr edilməli çağdaş ədəbiyyatının (o cümlədən XX əsrin əvvəllərində və sovet dövründə yaranmış ədəbiyyatın) mövcudluğunu sübut edim. Amma nə fayda? Məgər belələriylə məntiq və gerçək faktlar əsasında mübahisə etmək mümkündür? Bunların mövqeləri də,məqsədləri də əvvəlcədən birdəfəlik proqramlaşdırılıb. Bu sayaq yazı müəllifləri savadsız ya tamamilə ədəbi zövqdən məhrum adamlar deyil. Bu məqsədli və ardıcıl surətdə həyata keçirilən anti-Azərbaycan siyasətinin bir həlqəsidir. Bu siyasəti kimin (ya kimlərin) əliylə və qələmiylə həyata keçirirlər? Əsasən yazıçılıq iddiasına duşub bu niyyətin uğursuzluğunu dərk edərək köşə yazarlığında təsəlli tapanların. Namuslu köşə yazarlarını yüksək qiymətləndirirəm.

Elə bu günlərdə “Yeni Müsavat” qəzetində (25 aprel 2013) Xalid Kazımlının “Keçmişə güllə atmaq mərəzi” adlı insaflı yazısını oxudum. Amma “keçmişə güllə atmaq mərəzinə” mübtəla olanların bir çoxu baş tutmamış “yazıçılardır”. Xalq tərəfindən sevilən və seçilən yazarlardan bu sayaq qisas alıb qurdlarını öldürürlər. Amma belə yazıların bir başqa məqsədi də var.

Əgər gerçəkdən də Azərbaycan ədəbiyyatının xalqın sevdiyi və sərhədlərimizdən uzaqlarda da tanınan görkəmli və istedadlı nümayəndələrini sıradan çıxara bilsələr, Yazıçılar Birliyinin dağılmasına nail olsalar, boşalmış meydan cızma-qaraçılara və üçcüt bir tək adamdan ibarət olan qrafomanlar dəstəsinə qalar. Kiminsə qanını şərbət kimi içməyə həvəslənən vampirin Yazıçılar Birliyinin divarlarını qanlı adlandırmağa haqqı yoxdur. Divarlarımız qanlı olsaydı bu cür qana susamış ədəbi vampirlər buranın “qanlı” divarlarını ləzzətlə yalayardılar. 37–ci ilin qanlı danoslarını verənlər də məhz bütün dövrlərin “ədəbi uğursuzları” və “ədəbi paxılları” olub.

Əzizim Elçin! Bağışla ki, bu yubiley yazısında belə xoşagəlməz mətləblərə toxunmalı oldum. Axı sən də, başqa dostlarım və yaxınlarım də həmişə mənə öyüd verirsiniz ki, hər yetənə baş qoşmayım. Nə etməli, mətbuatımızda bütün mənəvi dəyərlərimizə qarşı erməni iddialarına züy tutan yazıları oxuduqca “ədəbiyyata dəxli olmayan” dahi Mirzə Ələkbər Sabirin sözləri yadıma düşür: “Güc gətirir dərd, usana bilmirəm”. Nə isə,..”

525-ci qəzet

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG