Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:54
-

HEYDƏR ƏLİYEVİN KEÇİRDİYİ ƏMƏLİYYATLAR: «ALAGÖZ», «NATURALİST»,
«DUEL», «AXİTO», «DUQLAS-2»


«Alagöz», «Naturalist», «Duel», «Axito», «Duqlas-2». «Azərbaycan» qəzetinin yazdığına görə, bunlar Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən Heydər Əliyevin özünün iştirakı və rəhbərliyi ilə keçirdiyi əməliyyat tədbirləridir. Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qələmə aldığı yazıda qeyd edilir ki, bütün bu məsələlərlə bağlı Heydər Əliyev keçmiş SSRİ-nin müxtəlif şəhərlərində, o cümlədən Moskva və Leninqradda təhlükəsizlik orqanlarının əməkdaşlarına mühazirələr oxuyurdu:

«Bütün bunlar Heydər Əliyevin əsl peşəkar əməliyyat işçisi və səriştəli rəhbər kimi ittifaq miqyasında tanınmasında az rol oynamadı. Həm də bu əməliyyatların çoxu indi də həmin məktəblərdə metodik vəsait kimi istifadə olunur».

«ƏLİYEVLƏRSİZ AZƏRBAYCAN MÜMKÜN DEYİL»

«Əliyevlərsiz Azərbaycan mümkün deyil». «Bizim yol»un yazdığına görə, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Gülüstan sarayındakı çıxışı zamanı deyib:

«... komitə sədri deyib ki, Əliyevlər ailəsi olmasaydı, bu gün Azərbaycan dövləti ola bilməzdi. Əli Həsənovun bildirdiyinə görə, bu gün bütün dünya İlham Əliyev, dünyanın bütün xanımları isə Mehriban Əliyeva ilə hesablaşır. Baxın, Əliyevlər ailəsinin ən gənc üzvü Leyla Əliyeva da siyasətə gələndən çox böyük işlər görüb. Görün, o «Xocalıya ədalət» kampaniyasını necə uğurla həyata keçirir. Deməyim odur ki, Əliyevlərsiz Azərbaycan mümkün deyil».

«SEÇKİLƏRƏ 5 AY QALMIŞ HÖKUMƏT BELƏ ADDIMLAR ATIRSA...»

«Hakimiyyət indi daha çox qorxur». «Azadlıq» qəzeti yazır ki, bu sözləri partiyanın rayonlarda keçirdiyi tədbirlərin hakimiyyət nümayəndələri tərəfindən dağıdılmasına münasibət bildirərkən deyib:

«Hakimiyyət indi daha çox qorxur. Əvvəllər təhlükəli saymadığı kütləvi toplantıları da indi özünə təhlükə kimi görür. Seçkilərə 5 ay qalmış hökumət belə addımlar atırsa heç bir demokratik seçkidən söhbət gedə bilməz. Bu seçkini də saxtalaşdırmağa hazırlaşırlar» deyə, Əli Kərimli bildirir.

MİLLİ ŞURA PİROQU

«Yeni Azərbaycan» qəzeti «dağıdıcı müxalifətin növbəti savaş meydanı»ndan yazır. Qəzet yazır ki, AXCP və Müsavat partiyasının təmsilçiləri Milli Şuraya ilə bağlı müzakirələrə ilk növbədə, maddi maraq naminə qoşulublar. «Onlar güman edirlər ki, «Milli Şura»nın yaradılmasına guya dəstək vermələri ilə əlaqədar yarada biləcəkləri zahiri görüntü sayəsində «yağlı piroqdan» pay qopara biləcəklər».

BU DƏFƏ GÜL 250 TON OLDU

«Yeni Müsavat» yazır ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı «Abutalıbov Bakıya xaricdən 250 ton gül gətirdib»:

«Mayın 10-da Bakıda keçiriləcək gül bayramına görə hazırlıqlar davam edir. Mayın 6-da Hollandiya, İtaliya, Ukrayna və Fransadan Bakıya ümumilikdə 250 ton gül gətirilib. …həmin güllər Azərbaycan hökumətinin sifarişi ilə yetişdirilib».

2004-cü ildən başlayaraq hər il mayın 10-da keçmiş prezident Heydər Əliyevin doğum günündə Bakı şəhər İcra Hakimiyyəti paytaxtda gül bayramı təşkil edir.

AZƏRBAYCANDAKI İMKANLILARIN 60 FAİZİNİN İSTƏYİ

«Exo» qəzeti yazır ki, Azərbaycanın imkanlı əhalisinin 50-60 faizi xaricdə daşınmaz əmlak almağa və müvəqqəti yaşamağa üstünlük verir. Bu niyyətdə olanlar əsasən də Türkiyə, Rusiya, Ukrayna, Orta Asiya, Avropa ölkələrindən İngiltərə, İspaniya, Avstriya, hərdən Çexiyada yaşamağa önəm verirlər:

«Çünki bu əmlakı həmişə icarəyə vermək və stabil gəlir əldə etmək olur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG