Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:35

Qəmlo kim olub?


Qəmlonun yaxınlarının dedikləri
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

Qəmlonun yaxınlarının dedikləri

-

«O getdiyi yerdən gərək insan meyiti tapılaydı, görən kimi deyəydilər: Qəmlo buradan keçib».


Fərman Kərimzadənin «Qarlı aşırım» romanında və onun ssenarisi əsasında çəkilən «Axırıncı aşırım» filmində Qəmlo mənfi qəhrəman kimi təqdim olunur. Bu obraz öz prototipinə - Qəmbəralıya ikinci ömür yaşadır. Çox güman ki, həmin əsər yazılmasa və film çəkilməsəydi, yaxınlarından savayı onu kimsə tanımayacaqdı.

«QARLI AŞIRIM»DAKI QƏMLO

Onun qaşları qalın və pırpız, burnu dəyirmi, yanaqları qırmızı idi. Bığının tükü uzanıb dodaqlarını örtmüş, saqqalına qarışmışdı, ağzı görünmürdü. Ucadan danışanda dodaqları aralanır, bir-birinin yanına mərmər parçalar kimi düzülmüş sağlam dişləri ağarırdı. Uzun, qara dırnaqlı əli ayı pəncəsinə oxşayırdı, kürəyinin hər tərəfi bir vəl tayı boydaydı, enli ayaqları vardı.

... Böyüklər ağlayan uşaqları kiritmək üçün deyərmişlər: «Ağlama, Qəmlo gəlib səni yeyər». Qəmlo özü də qürrələnərmiş: «abbası versinlər, iki barmağımın arasında yazısını pozum. Özündən deyən cavanı qabağıma çıxartsınlar, basım belini sındırım».

... Onun hərbə-zorbası olmasaydı, bir adam silah götürməzdi, hərə bir tərəfə dağılardı. Kərbəlayı quru yurdda tək-tənha qalardı...

BƏS O REALLIQDA NECƏ OLUB?

Fərhad Həsənov
Fərhad Həsənov
İmişli rayonunun Şahverdili kəndində yaşayan Fərhad Həsənov ağsaqqallardan eşitdikləri əsasında nəsil şəcərələrini tərtib edib. O, ulu babası Seyid Məhəmməd kişinin öz zəhmətiylə dolanan, el-obada hörmət sahibi olan, eyni zamanda, mərd bir insan olduğunu deyir:

«Seyidin iki övladı olub: Həsən və Leyla. Həsən 14 yaşında baş götürüb evdən gedib və dağlarda olan qaçaqlara qoşulub. Yaxşı at oynatmağı varmış. Atı çapa-çapa onu qarnının altından keçirmiş, döşündə gizlənirmiş, əyilib yerdən sikkələri yığırmış. Qaçaqlarla bir yerdə olduğu vaxt Həsən «Bəla» ləqəbini alıb.

Bəla Həsən 1783-cü ildə anadan olub, 1918-ci ildə, 135 yaşında rəhmətə gedib. Ömrünün 14 ilini qaçaqlıq həyatı yaşayıb, 107 ilini isə 32 kənddə ağalıq edib. Həsənin 4 övladı olub: Kalbalı, Mamo, MəmmədhüseynZəhra. Sonuncu Qəmlonun anası olub, deyilənə görə, at çapmağı, güllə atıcılığını bacarıb, işgüzar, qonaqpərvər, çox kişidən qeyrətli xanım olub. Qəmlonun bir çox cəhətlərinə görə də babası Bəla Həsənə çəkdiyi bildirilir.

QƏMLO PƏLƏNGİ HAVADAYKƏN GÜLLƏLƏYİB

Fərhad Həsənov eşitdiyi bir əhvalatı danışır:

«Bəla Həsənin oğlu Məmmədhüseyn kişi bir gün bacısı oğlu Qəmlo ilə ova gedir. Aşağı dərəylə bir heyvan qaçırmış, məsafə çox uzaq olduğundan elə bilirlər tülküdür. Qəmlo onu vurmaq üçün silaha əl atır, babam deyir patrona heyfin gəlsin. Amma Qəmlo atır, heyvan büdrəyir. Babam tüfəngini Qəmloya verir, xəncərini çıxarıb dərəyə tərəf gedir ki, onu soyub, çarıq tikmək üçün dərisini gətirsin. Demə bu heyvan erkək pələng imiş, güllə qabaq qolunu yaralayıbmış. Babamı görən kimi pələng onun başına tullanır. Xəncər babamın əlindən kolluğa düşür. Qəmlo heyvanın kişiyə hücum etdiyini görüb tez dərəyə enir. Pələnglə güləşən babama deyir ki, bir yerdə bir az tərpənmədən dur, onu vurum, belə vəziyyətdə qorxuram güllə sənə dəyər. Pələng səs eşidən kimi babamı buraxıb Qəmloya sarı atılır. Amma Qəmlo cəld tərpənir və onu havadaykən güllələyir. Pələng babamın başının dərisini qoparıb kəllə sümüyünü qırıbmış, arxa ayaqları ilə kişinin çiyinlərini didibmiş. Qəmlo pələngi soyub, babamın başını elə onun dərisinə bükərək evə gətirib. Kalbalının arvadı Zərnişan xanım türkəçarə ilə babamı sağaldır. Neçə illər o pələngin dərisi Qəmlonun evində olur».

AĞRIDAĞ VADİSİNDƏ BAŞ VERƏNLƏR

İmişlinin Şahverdili kəndi
İmişlinin Şahverdili kəndi
Vedibasar mahalı coğrafi-siyasi mövqeyinə görə strateji, təbiətinə görə zəngin bölgələrdən hesab olunurdu. Ermənistan, Azərbaycan, Türkiyə və İranın bugünkü dövlət sərhədinin kəsişdiyi yerdə, Araz çayının şərq sahilində, Ağrıdağ vadisində yerləşir.

19-cu əsrin əvvəllərinədək İrəvan xanlığı Vedibasar da daxil olmaqla, 15 mahaldan ibarət olub. 1827-ci ildə Rusiya İrəvan qalasını ələ keçirəndən sonra xanlıq ərazisində öz üsul-idarəsini yaratmağa başlayıb. Rusiya ilə İran arasında 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqları bütünlüklə Rusiyanın ərazisinə qatılıb. Bundan sonra tarixçilərin bildirdiklərinə görə, İrandan, Türkiyədən və digər yerlərdən əraziyə ermənilərin axını başlayıb.

«QƏMLO BURADAN KEÇİB»

Azərbaycan kəndlərinin daşnak hücumlarından qorunması üçün bir çox yerlərdə özünümüdafiə dəstələri yaradılıb. 1918-ci ildə Abbasqulu bəy Şadlinskinin Vedidə könüllülərdən ibarət yaratdığı hərbi birləşmə «Qırmızı tabor» adı ilə tanınıb. Qəmlo da qonşu kəndlərdən başına xeyli sayda adam yığaraq bu dəstənin tərkibində vuruşub. «Qarlı aşırım»da buna üstüörtülü işarə edilib: «O getdiyi yerdən gərək insan meyiti tapılaydı, görən kimi deyəydilər: Qəmlo buradan keçib».

Lətif Həsənov
Lətif Həsənov
Qəmlonun dayısı oğlu Lətif Həsənov deyir ki, qırğın zamanı yerli əhali bir müddət İrana köçürülüb, ara sakitləşəndə geri qayıdıb:

«O zaman camaat əliyalın, ərzaqsız olduğundan aclıq başlamışdı. Biz tərəflərdə çaşır yetişirdi. Qəmlonun təklifi ilə adamlar çaşırdan yığıb kisələrə doldururlar. Sonra qardaşı Mehdiqulu ilə birgə onu Vəliağalı kəndinə arpa, buğda ilə dəyişmək üçün aparanda, camaat deyir ki, «a Qəmlo, səni ermənilər görən kimi öldürəcəklər». Qəmlo da qayıdır ki, «narahat olmayın, üstündən illər keçib, məni tanımazlar».

Kəndə girən kimi qıy düşür, hər tinbaşı adı çəkilsə də Qəmlo özünü bilməməzliyə vurur və yüklü eşşəyi dostu Gülab kişinin həyətinə sürür. Ermənilər evi mühasirəyə alır. Gülab onu qorumaq məqsədilə camaata deyir ki, bu adam Qəmlo deyil, Qəmbəralıdır. Gecə ikən dostu çaşırları boşaltdırır, arabaya bir neçə kisə un yüklədir, üstünə də iri lavaş bağlaması qoyub, onu yola salır».

«MƏN BELƏ HÖKUMƏT TANIMIRAM!»

«Erməni-müsəlman» savaşı yatandan sonra Qəmlo Kərbəlayı İsmayılla birgə yeni qurulan hökumətə biət etməyib. Yaxınlarının deməsinə görə, onun Hand kəndinin girəcəyində çay daşlarından düzəltdiyi istehkamının qalıqları 70-ci illərədək qalırmış. Həmişə boynundan durbin asar, kəndə sarı gələnləri nəzərdən keçirərmiş. Həmin durbinin zənciri, habelə xəncərinin qəbzəsi hələ də saxlanılır.

Yaxınlarının deməsinə görə, qardaşı Vəlini döydürdüyü üçün Qəmlo NKVD-nin rəisi, general Şimavamyon və onun müavini də daxil olmaqla, 4 nəfər hakimiyyət nümayəndəsini öldürüb. Sonralar əsir götürdüyü rus hərbçiləri Vəlini öldürüblər. Bundan sonra Qəmlo təqib olunmağa başlayıb.

Atatürk
Atatürk
Təqibdən yaxa qurtarmaq üçün Qəmlo Kərbəlayı İsmayılla birgə bir müddət Türkiyədə olub. Deyilənə görə, onlar Mustafa Kamal Atatürklə də görüşürlər. Atatürk onlara geri dönməməyi, həmişəlik Türkiyədə qalmağı məsləhət görür. Qəmlo Vedidə qalan yaxınlarının incidiləcəyindən narahatlıq keçirdiyinə görə geri dönür.

Kərbəlayı İsmayıl isə təklifi qəbul edir, doğulduğu Çimən kəndini özünə soyad qəbul edib, ömrünün sonunadək Türkiyədə mühacir həyatı yaşayır. O, 1948-ci ildə, 78 yaşında İğdır vilayətinin Daşburun kəndində vəfat edib.

«ABBASQULU BƏYİ QƏMLO ÖLDÜRMƏYİB»

Abbasqulu bəy Şadlinskinin kim tərəfindən öldürülməsi, Fərman Kərimzadənin etiraf etdiyi kimi, Vedibasarda sonu görünməyən bir mübahisə mövzusu olub. İndiyə qədər bu barədə bir neçə versiya səslənib.

Birincisi, elə onun Kərbəlayı İsmayılla Qəmlo tərəfindən qətlə yetirilməyidir ki, buna təkcə Qəmlonun ailə üzvləri deyil, bir çox vedililər inanmır. İndiyə qədər mətbu çıxışlarda bu fikir səslənib ki, Abbasqulu bəyi daşnaklar öldürüb. Həmin qətli yeni hökumət Qəmlonun üstünə atmaqla, onu xalq arasında gözdən salmaq, kollektivləşmə əleyhdarları arasında fitnə-fəsad, bölücülük yaratmaq istəyib.

Qəmlonun xəncərinin qəbzəsi
Qəmlonun xəncərinin qəbzəsi
Tarixçi Aqil Kəngərli babasına istinadən deyir ki, Abbasqulu bəy və kolxoz sədri Xəlillə birlikdə olan 3-cü şəxs - Talıbov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olub. Sıldırım qayadan dərəyə yuvarlananlar arasında sonuncunun meyitinin tapılmaması və bu adamın yoxa çıxması qətlin elə Talıbov tərəfindən törədilməsi ehtimalına yol açır.
Abbasqulu bəyin Dəhnazlı Bəhlul tərəfindən öldürüldüyünü iddia edənlər də var. Bu, Kərbəlayı İsmayılın oğlu Yadullanın meyitinin qaytarılması məsələsinə Abbasqulu bəyin qarışmağı ilə əlaqələndirilir.

QƏMLONU ÖZ YAXINLARI ÖLDÜRÜB

Qəmbəralı İsmayıl oğlu Abbasov (Qəmlo) təxminən 1893-cü ildə Vedi rayonunun Hand kəndində doğulub, 1931-ci ildə orada ölüb. Qəmlonun ölümü barədə də müxtəlif fikirlər dolaşıb. Bu hadisədən sonra araya qan davası düşdüyü, qətldə əli olan 18 nəfərdən 17-nin öldürüldüyü, eyni zamanda, Qəmlonun nəslinin də itki verməyi barədə danışılıb.
Qəmlonun dayısı oğlu Lətif Həsənov bunları inkar edir: «Onu elə yaşadığı Hand kəndində öldürüblər. Arada narazılıq vardı, barışıq üçün qonaqlıq təşkil edilib, «Quran»a and içilib ki, ədavətə son qoyulacaq. Yığışıb bir yerdə yeyib-içiblər, sonra «üzük» oyunu oynamağa başlayırlar. Hava qaralmağa az qalmış «heyvanları suvarmaq vaxtıdır» deyib ayağa qalxmaq istəyəndə, düşürlər üstünə. Bir neçəsi belindən basıb əl-qolunu tutur, o birilər xəncər, yaba ilə onun bədənini deşik-deşik edirlər. Onu sürüyüb həyətdəki qalağa söykəyirlər. Hətta bundan sonra da sağ qalacağından, onlardan qisas alacağından qorxub, güllə ilə də vururlar.

Teyfə
Teyfə
Qardaşı Mehdiqulu səs eşidib həmin yerə gələndə, ona sarı da güllə atılır və qolundan yaralanır. Bundan sonra araya düşmənçilik düşsə də, intiqam almaq üçün kimsə kimisə öldürmür. Qəmlonun ölümündə əli olan 7 nəfərdən 6-sı Allahın qəzəbinə gəldi - az müddətdə hərəsi bir cür şəraitdə öldü. Bircə «Quran»a and içməyən Şirəli sağ qaldı».

DİDƏRGİNLİK

Qəmlonun Mafərə, Mahı, İbrahim, Əşrəf adlarında 4 övladı olub, ölümündən bir neçə il sonra kiçik oğlu Əşrəf 4 yaşında vəfat edib. Qəmlonun ailəsi başsız qalmasın deyə ögey (anadan bir, atadan ayrı) qardaşı Mehdiqulu onun arvadı Teyfə ilə evlənib. Bu nigahdan 3 uşaq olub, onlardan biri - Yusif hazırda İmişli rayonunun Şahverdili kəndində yaşayır.

Qəmlonun ilxı ilə atı, mal-qarası, təsərrüfatı, çobanı olub. Şura hökuməti ilbəil vergini artırırmış ki, əllərində olanları kolxoza versinlər. Ailə vergiləri ödəyə bilmədiyindən Mehdiqulu kolxoza üzv olur.

Qəmlonun ölümündən sonra ailəsi Heranis kəndinə, oradan Haxıs, ardınca Xosrov kəndinə köçüblər. Lakin çox keçmir ki, həmin yer yaşayış məntəqəsi kimi ləğv edilir və Məngük kəndinə köçürülürlər.

Elə bil tale bu ailədən üz döndərmişdi, bir yerdə rahatlıq tapa bilmirdilər. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı ilə Ermənistan SSR-də yaşayan minlərlə azərbaycanlı kimi, Məngükdə yaşayan Qəmlonun ailəsi də məcburi surətdə Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülür. Amma bu deportasiyadan Qəmlonun artıq o zaman ərdə olan qızı Mahı yayına bilir. O, ailəsi ilə birgə bir müddət həmin kənddə qalır, uşaqları böyüyəndən sonra onların məktəbə getməsi üçün Şirazlı kəndinə köçürlər. 1988-ci ildə baş verən məlum hadisələrdən sonra bu ailə də Azərbaycana pənah gətirir.

«QƏMLONUN OĞLUYDUM DEYƏ MƏNİ HEÇ KOMSOMOLA DA QƏBUL ETMƏDİLƏR»

Mehdiqulu kişinin ailəsi
Mehdiqulu kişinin ailəsi
İbrahim İsmayılov deyir ki, atasına görə ona da ilk vaxtlar etibar etməyiblər: «Qəmlonun oğluydum deyə məni nə komsomola qəbul etdilər, nə partiyaya keçməyə qoydular. Yeznəmiz müəllim işləyirdi, məni özüylə Yerevana apardı ki, sənədlərimi instituta verək. Biləndə ki, Qəmlonun oğluyam, sənədlərimi qəbul etmədilər».

Amma 1944-cü ildə İbrahim hərbi xidmətə çağırılıb, Berlinə 40 km qalanadək döyüş yolu keçib və yalnız 1947-ci ildə ordudan tərxis olunub. Bundan sonra etibar edib, onu kolxozun fermasına müdir təyin ediblər.

İbrahim kişi xatırlayır ki, Azərbaycana köçürüləndə dağ adamları Aran iqliminə uyğunlaşa bilmirdi: «Elə olurdu ki, kənddə bir gündə 2 uşaq ölürdü».

Onlar əvvəlcə müxtəlif yaşayış məntəqələri üzrə yerləşdirilib, pərən-pərən salınmış qohum-qardaşa 1957-ci ildə İmişli rayonunun Şahverdili kəndində kompakt yaşamağa icazə verilib. Qəmlonun qardaşı Mehdiqulu, qızı Mafərə və Teyfə xanım buradakı el qəbiristanlığında dəfn edilib. Qızı Mahı isə hazırda ailəsi ilə Bakıda yaşayır.

«GET ÖZ BİLDİYİN KİMİ YAZ...»

İbrahimin oğlu Eyvaz İsmayılov deyir ki, romanın yazılma ərəfəsində mərhum Fərman Kərimzadə onların evinə gəlib:

«Babam Mehdiqulu ilə çöldə idik, dalımızca adam göndərib bizi çağırtdırdılar. Gəlib gördük ki, Fərman müəllim həyətimizdəki tut ağacının altında oturub, yanında «raykom»dan bir nümayəndə də vardı. Yazacağı kitab barədə babamla söhbətləşdi. Nənəm də maraqlandı. Soruşdu ki, Qəmlonun ermənilərlə davasından da yazacaqsanmı? Dedi yox, o barədə yaza bilmərəm. Onda nənəm Qəmlo ilə bağlı heç nə danışmadı, dedi daha bizdən nəsə soruşmağın da mənasızdı, get, öz bildiyin kimi yaz...».
XS
SM
MD
LG