Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:25

Prokurorluq işçisi öz prokurorunu ittiham edir


-
Ağcəbədi rayon prokuroru Salman Səmədovdan «Qaynar xətt»ə şikayət var. Şikayətçi də elə həmin prokurorluğun müfəttişi Xumar Mirzəyevadır. Onun sözlərinə görə, xalası ilə aralarında olan mülk mübahisəsinə görə prokuror onu qeyri-rəsmi şəkildə işdən qovub:
«PROKUROR DEDİ YA EVİ XALANA VERİN, YA DA İŞDƏN ÇIX»
«Qalmağa yerləri olmadığına görə, vaxtilə həyətimizdəki boş evi müvəqqəti yaşamaq üçün xalamgilə vermişdik. Sonra gördük ki, evi mənimsəmək istəyir. Aramızda mübahisələr yarandı, münasibətlərimiz gərginləşdi. Xalam prokurorun yanına gəldi, aramızdakı mülk mübahisəsi ilə bağlı ona danışdı. O gedəndən sonra prokuror məni çağırıb dedi ki, ya get anana de, evi xalana versin, ya da işdən çıx. Mən ona bildirdim ki, xalamla bizim mülk mübahisəmizin mənim işimlə heç bir əlaqəsi yoxdur. Bu, bizim şəxsi işimizdir. Dedi, xalan sizin əxlaqsız ailə olduğunuzu deyir, mən səni işdə saxlaya bilmərəm. Sabahı gün səhər işə gələndə mühafizəçi məni prokurorluğun binasına buraxmadı. Dedi, prokurorun göstərişidir. Mən sonralar da bir neçə dəfə işə getdim, ancaq binaya daxil ola bilmədim».
Xumar Mirzəyeva prokurorun hərəkətlərindən Baş Prokurorluğa şikayət edib. Deməsinə görə, bu şikayətindən sonra Salman Səmədovun adamları dəfələrlə onun yaşadığı ünvana gəliblər:
«Şikayətlərimdən sonra prokuror qapımıza dəfələrlə adamlarla xəbər göndərdi ki, «harda istəyirsən, sənə iş tapım, bircə prokurorluqda işləmə». Mən də razılaşmadım. İndi mən heç prokurorluqdakı işimə də qayıtmaq istəmirəm. Baş prokurorluqdan tələbim odur ki, prokuror məni xalamın sözü ilə, şəxsiyyətimi araşdırmadan əxlaqsız adlandırdığına görə üzr istəsin».
«XUMAR ADAMLARI PROKURORLUQDA İŞLƏMƏSİ İLƏ HƏDƏLƏYİRDİ»
Ağcəbədi rayon prokuroru Salman Səmədov Xumar Mirzəyevanın ittihamlarına cavab verir:
«O mənim işçim olub. Bu il martın 14-ə qədər bizdə işləyib. Martın 12-də prokurorluğa bir qadın gəldi, mənimlə görüşdü. Məlum oldu ki, Xumarın xalasıdır. Bildirdi ki, aralarında mülk davası var, bu dava-dalaşda da Xumar onları prokurorluqda işləməsi ilə hədələyir. Qadına başa saldım ki, aranızdakı mülki mübahisəni məhkəmə ilə həll edin. Qadın gedəndən sonra Xumarı çağırıb məsələ il maraqlandım. İşlədiyi qurumun adından sui-istifadə etməsi ilə bağlı iradlarımı bildirdim. Ona da tapşırdım ki, sənin işinin ailənizdəki şəxsi münasibətlərlə heç bir əlaqəsi yoxdur. Nə mübahisəniz varsa gedin məhkəmədə həll edin. Sabahı gün dəftərxana müdiri mənə məruzə etdi ki, Xumar iş yerini neçə saatdır ki, özbaşına tərk edib. Gedəndə də deyib ki, prokurorluqda işləyirəm, o demək deyil ki, orda anamı döyməlidilər, mən də susmalıyam. Həmin gün eşitdik ki, Xumargilin həyətində dava-dalaş olub və Xumar xalasının evinin qapısını sındırıb, həyət-bacada əlinə keçəni dağıdıb töküb. Sabahı gün də işə gəlmədi. Üçüncü günü işə gəlməyəndə icazəsiz işdən getməsini və sonrakı günlər də xəbərdarlıq etməmiş işə gəlməməsini sənədləşdirdik. Bundan sonra başladı məndən Baş Prokurorluğa şikayət yazmağa».
«TƏHQİR ETMİŞƏMSƏ, MƏHKƏMƏYƏ VERSİN, ÜZR İSTƏYİM»
Prokuror bildirdi ki, Xumar Mirzəyevanın işdən çıxarılması üçün Baş Prokurorluğun Həmkarlar Komitəsinin də razılığını alıb. Ancaq bununla belə, o, gənc qızın işsiz qalmasını istəmir:
«Düzdür, o münasibətdən sonra Xumar daha burda işləyə bilməz. Ancaq mən onun ailə vəziyyətini, ümumiyyətlə, indiki durumu nəzərə alıb bir insan kimi onun işsiz qalmasını istəmirəm. Ona görə də Xumara dəfələrlə xəbər göndərdim ki, ona başqa bir yerdə iş tapa bilərik. Ancaq indi o, buna başqa cür don geydirirsə, və düşünürsə ki, mən ondan qorxaraq belə addım atmışam, səhv düşüncədədir».
Prokuror Xumar Mirzəyevanın təhqirlə bağlı ittihamlarına isə belə cavab verdi:
«Əgər onu təhqir etmişəmsə, məhkəmə müraciət etsin, sübut olunsa, üzr istəməyə hazıram».
Xumar Mirzəyeva isə deyir ki, hazırda ona qarşı inzibati maddə ilə iş açılıb və qarşısında şərt qoyulub ki, ya şikayətlərini geri götür, ya da cəzalandırılacaqsan:
«Bu yolla ağzımı yummaq istəyirlər. Ancaq mən hüquqlarımı tapdalamış prokurorun cəzalandırılmasına nail olmayanadək əl çəkən deyiləm».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG