Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:02

Jerzy Kosinski: "Polis dövlətində yaradıcı adam qəfəsə salınmış quş kimidir,


Jerzy Kosinski
Jerzy Kosinski

uça bilər, amma qəfəsin millərinə dəyincəyə qədər". Tanınmış Amerika yazıçısı Jerzy Kosinskinin "Paris review" jurnalına müsahibəsi

-

"Çalışırdım ki, yaxın dostum olmasın, barəmdə çox şey bildikləri üçün sonradan kimlərisə - kişiləri, qadınları əleyhimə ifadə verməyə məcbur edə bilməsinlər".


Tanınmış Amerika yazıçısı Jerzy Kosinskinin "Paris review" jurnalına müsahibəsi (1972)


JURNALİST

Əgər Şərqi Avropada yaşamaqda davam etsəydiniz və əsərlərinizi polyakca, yaxud o zaman ikidilli olduğunuz üçün, rusca yazsaydınız, sizcə, romanlarınız çap edilərdimi, populyar olardımı?

JERZY KOSINSKI

Bu məsələ fərziyyə mövzusu ola bilməz. Mən əsərlərimi heç zaman polyakca, yaxud rusca yazmazdım. Heç vaxt özümü fikrini totalitar Dövlətdə könüllü şəkildə ifadə edəcək adam saymamışam. Bir şeydə yanılmayın: bizim nəsil çox gözəl anlayırdı ki, totalitar Dövlətdə yaşamağımızın siyasi bədəlini ödəməyə məcburuq. Yazıçı olmaq - konkret bir fəlsəfi ehkamın ifadəçisi olmaq demək idi. Mən bunu tələ sayırdım: ona görə də onu nə müdafiə edirdim, nə də hamının içində əleyhinə danışırdım. Elə bu səbəbdən tədricən fikrin vizual ifadəsinə keçdim: rəsmi olaraq sosial fəlsəfə üzrə təhsil aldığım bir vaxtda, beləcə, peşəkar fotoqraf oldum. Sözsüz ki, yazıçılığı seçib-seçməməklə bağlı tərəddüdlərimin başqa səbəbləri də vardı. Məsələn, hansı dildə yazım? İki ailəyə mənsub uşaq kimi fikrim haçalanmışdı. Bir tərəfdən universitetdə polyakca təhsil alırdım. O biri tərəfdən isə evimizdə - valideynlərim polşalı olsalar da, Rusiyada doğulmuş, rus təhsili görmüşdülər - rus ənənələri və rus ədəbiyyatı hökmran idi.

JURNALİST

O siyasi tələnin miqyasını anlayaraq, düşündüklərinizi, hiss etdiklərinizi fotolarınızda ifadə edə bilirdinizmi?

KOSINSKI

Fotoqrafiyanın imkanları daxilində mən kollektiv davranışla fərdlərin taleyi arasındakı təzadı ifadə edə bilərdim. Ona görə də fotolarımda yaşlı insanlar tez-tez gözə dəyirdi. O yaş ki siyasət-filan bilməz. Həmin fotolar insanın kimsəsiz, boş sahələrdə, yaxud gur küçələrdə tənhalığını, eləcə də Dövlət binalarının, Partiya ilə bağlı abidələrin gülünc monumentallığını, mahiyyətcə qeyri-insani möhtəşəmliyini əks etdirirdi. Çəkdiyim fotolarda müstəqil, çılpaq insan qabardılır. O insan ki hətta totalitar Dövlətdə də çılpaq şəklinin çəkilməsindən çəkinmir. Hətta çox cazibədar, qeyri-sosialist, çılpaq qadın bədənlərini əks etdirən fotolarım da vardı. Amma bütün bunlar xoşagəlməz siyasi sonluqla bitdi. Fotoqraflar Birliyinin illik toplantılarının birində məni rəsmi şəkildə kosmopolitlikdə, insanın yalnız bədən əzalarını görüb onun sosial mənasını anlamamaqda ittiham etdilər. Mənim Birlikdəki üzvlüyüm, eləcə də ölkə daxilində və xaricdə fotolarımı çap etdirmək, sərgiləmək hüququm qeyri-müəyyən müddətə donduruldu. Eyni səbəbə görə, məni universitetdən də qovdular, amma bir müddət sonra, daim yaxşı qiymətlər aldığıma və dekanla rektorun - "köhnə qvardiya"dan olan ailmlərdi - birbaşa müdaxiləsi ilə bərpa etdilər.

JURNALİST

Sizi ittiham edənlər kimiydi?

KOSİNSKİ

İlk növbədə Fotoqraflar Birliyindəki Partiya üzvləri. Yazıçılar Birliyi haqda bilirsiniz, onun kimi bu da siyasi təmayüllü Dövlət təşkilatıdı. İşin bölüşdürülməsinə, icazələrin verilməsinə, sərgilər, qrantlar, mükafatlar və s. məsələlərə nəzarət edən məhz bu birliklərdi. Onlar polis kimi nəzarətlə məşğuldurlar, əslində onları yaratmaqda məqsəd elə budur. Bundan sonra mənim işimi universitetdəki Tələbə Həmkarlar Təşkilatının Partiya özəyi də araşdırmağa başladı. Bütün bunlar o zaman çox ciddi problem idi. İnsanın bütün həyatı belə ittihamların nəylə nəticələnəcəyindən asılı idi - onun bütün sahələrdəki fəaliyyətini təftiş edirdilər.

JURNALİST

Belə adamın özünü müdafiə etməsi mümkündür?

KOSINSKI

Totalitar doktrinanın çərçivələri daxilində, "xalq kütlələrinin əlləri-qolları" olduğunu deyən Partiyanın hegemonluğuna qarşı çıxmaq mümkün deyil. Stalinist cəmiyyətdə böyüyərkən mənim qaydalarım beləydi: Fiziki olaraq mövcudluğumu sürdürə, salamat qala biləcəyəmmi? Bəs mənən? Ləyaqətimi qoruya biləcəyəmmi? Onlar, yəni Partiya məni öz əlaltısına çevirə, özüm kimilərin üstünə qısqırda biləcəkmi? Partiyayla, birliklərlə, hər kəsə hakim olan totalitar şablonlarla münaqişədən yayına bilmədiyim üçün mənim gerçəkdən çətin olan durumum gözə girməməli idi. Çalışırdım ki, yaxın dostum olmasın, barəmdə çox şey bildikləri üçün sonradan kimlərisə - kişiləri, qadınları əleyhimə ifadə verməyə məcbur edə bilməsinlər. Buna baxmayaraq ittihamlar, xəbərdarlıqlar, hücumlar davam edirdi. Məni iki dəfə Tələbə Həmkarlar Təşkilatından xaric edib sonradan bərpa etdilər. Amerikaya köçənə qədər mən "daxilİ mühacir" həyatı yaşayırdım. Özümü belə adlandırırdım.
Polşa kommunist rejimindən qurtulandan sonra Kosinski Polşa televiziyasına müsahibə verir, 1989
Polşa kommunist rejimindən qurtulandan sonra Kosinski Polşa televiziyasına müsahibə verir, 1989

JURNALİST

Daxili mühacir?

KOSİNSKİ

Bəli. Qaranlıq fotoqraf otağı həyatımın o dövrünü səciyyələndirmək üçün ən gözəl metafora idi. Bu elə bir yer idi ki, mən ora qapana (kimsə məni ora salmadığı halda) və heç kəsi oraya burxmaya bilərdim. Mənim üçün bu sanki bir məbəd idi. "Pillələr"də bir epizod var: Dövlət universitetində fəlsəfə fakültəsinin tələbəsi olan gənc tək qalmaq üçün özünə belə bir məbəd axtarır və yeganə mümkün məkan kimi ayaq yolunu seçməli olur. Siz deyin, polis dövlətində belə məbəddən, belə qaranlıq otaqdan daha neçəsi ola bilərdi? O otaqda mən foto çıxaran təki təxəyyülümdə özəl təsvirlər yaradar, roman yazmaq əvəzinə özümü roman qəhrəmanı kimi təsəvvür edərdim. Özümlə Şərq və Qərb ədəbiyyatının qəhrəmanları arasında böyük oxşarlıq görərdim. Repressiv cəmiyyətlə üz-üzə qalıb onunla döyüşərkən özümü Lermontovun "Zəmanəmizin qəhrəmanı" romanındakı Peçorin; Kuprinin "Duel" əsərinin qəhrəmanı Romaşov; Julien Sorel, yaxud Rastignac,bəzən isə E.L. Voynich-in "Mozalan"ındakı Arthur-a bənzədərdim. Mən nəsr əsərlərimi heç vaxt kağız üzərində yazmazdım, mən onları hissi-emosional səviyyədə yaratdım.

JURNALİST

Paddy Chayefsky* bir dəfə demişdi ki, əslində yaxşı əsərlərin yaranması üçün belə repressiv təsisatların olması çox mühümdür. Onun fikrincə. farağatlaşdırıcı köynək** yazıçı üçün çox vacibdir.

KOSINSKI

Demək asandı. Bayronvari ifadə tərzini, onun sərbəstliyini, başqaları ilə kəllə-kəlləyə gəlmək, qəzəbini dilə gətirmək azadlığını, Nabokova xas həyat enerjisini əsas gətirərək bunun əksini də iddia etmək olar. Yaxud könüllü olaraq xəyalən farağatlaşdırıcı köynəyin ən münasibini geymək yolunu seçənlərə də haqq qazandırmaq mümkündür. Stendhal, Proust, Melville, Faulkner, Flannery O’Connor-u yada salın. İlk romanının ("İvan Denisoviçin həyatında bir gün") dövlət nəşriyyatında çapına nail olmuş Soljenitsın kimi hər yazıçıya sovet blokunda yəqin ki öz "qaranlıq otaq"larında hissi-emosional səviyyədə əsərlər yaradan, amma onları heç zaman yazıya köçürməyəcək yüzlərlə istedadlı yazıçı düşür, yaxud da ümidini tamam iitirmiş elə yazıçılar ki, düşündüklərini yazıya köçürsələr də, əlyazmalarını taxta döşəmənin altında gizlədirlər. .

JURNALİST

Sovet bloku mətbuatının sizin ingilisdilli nəsrdəki uğurlarınıza reaksiyası necə oldu?

KOSİNSKİ

Şərqi Avropa mətbuatı, məsələn, "Boyalı quş"a düşməncəsinə təbliğatla reaksiya verdi. Onlar romanın məzmununu təhrif etdilər. İlk növbədə çalışıb onu sübut etmək istəyirdilər ki, əgər bir polşalı xaricə köçübsə, ingilis dilində yazırsa və Qərbdəki müxtəlif nəşriyyatlar onun əsərini çap edirlərsə, bunun yalnlz bir yolu ola bilər, həmin adam Konqres Kitabxanasına satılıb! Partiyanın rəsmi jurnalında yazılanlara görə, mənim Ağ evlə əməkdaşlığımı ifşa edən ən tutarlı sübut kitabımda Konqres Kitabxanasının nömrəsinin qeyd edilməsidir... halbuki ABŞ-da çap edilən bütün kitablara avtomatik olaraq belə nömrə verilir. Amma öhdəsindən gələ bilmədikləri bəzi məsələlər də vardı: romanlarım Qərbi Avropanın tərəqqipərvər solçu mətbuatı tərəfindən isti qarşılanmışdı. Şərqi Avropa bürokratları bu dəfə başqa söz tapdılar, dedilər ki, Qərbdə "maliyyə uğuru" əldə etmək üçün mən "gerçək" dilimdən imtina edib ingiliscə yazmağa qərar vermişəm.

JURNALİST

Sovet blokunda yazıçılar ittifaqlarında təmsil olunanlar kimlərdi?

KOSİNSKİ

Jurnalistlər, romançılar, tənqidçilər, şairlər. Onlar da dolanmalıdırlar və bundan ötrü qazanc mənbələri olmalı, vaxtaşırı Dövlət nəşriyyatlarında kitabları çap edilməlidir. Məncə, onların bir çoxunun əsas qayğısı öz sahələrində işlərinə davam edə bilməkdi. Başqalarını damğalamaq asandır, amma yaddan çıxarmayaq ki, onlar totalitar Dövlət və Partiya bürokratiyasının hökran olduğu çox qorxulu və sabah nə olacağı bilinməyən bir şəraitdə işləməyə məcburdurlar. Buna görə də onların bir qismi çox ehtiyatlı davranır, bir qismi ehkamlarla hesablaşmağa meyllidir, bir qismi sadəcə, ümidsiz vəziyyətdədir, bir qismi isə Dövlət orqanlarına lakeycəsinə agentlik edir. Polis dövlətində yaradıcı insan həmişə qəfəsə salınmış quş kimi olub. Uça bilər, amma qəfəsin millərinə dəyincəyə qədər. Onun üçün ən çətini qəfəsdə qanadlarını necə açmaqdır. Məncə, yaradıcı adamların çoxu ruhi tarazlıq uğrunda mübarizə aparır və əgər onlardan biri "mənim bu qəfəsdən xoşum gəlmir, bu qəfəsdən çıxmaq istəyirəm" deyirsə, bu yöndə nəsə edirsə, digərləri ona qarşı çıxırlar, çünki bunu öz təhlükəsizliklərinə təhdid sayırlar. Sovet blokunda yazıçı, şair, yaxud dramaturq adətən hesab edir ki, onun yazdıqları xalqına, ölkəsinə eləyə biləcəyi ən böyük xidmətdir; o, təmiz vicdanla əlyazmasını nəşriyyata təqdim edir, amma çox vaxt elə ertəsi gündən onu təqib etməyə başlayırlar. Onun məsələsini Yazıçılar Birliyində də müzakirə edirlər, çünki ittihamlara görə, sən demə o, əlyazmada özünü anti-sovet obrazı kimi təsvir edibmiş. Bir çoxları kimi bu, Pasternakın da başına gəlib. Onun yazdığı "Doktor Jivaqo" siyasi burulğanlar dövrünün dəyişiklikləri ilə üz-üzə qalan bir insanın taleyi haqda idi. Əlbəttə, Partiyanın gözündə bu belə deyildi. Onun rəsmi ittihamçıları əsəri anti-sosialist, kosmopolit, mənəviyyata zidd və s. adlandırdılar. Müəllifi Yazıçılar Birliyi də yamanladı...

JURNALİST

Əlyazmalarınızın fərqli variantlarını neynəyirsiz?

KOSINSKI

Mən hər bir romanımın əlyazmasının son bir neçə variantını seyfdə saxlayıram. Neqtivlərim, məktublarım və romanlarımın əlyazmalarıyla ottiskləri də ordadır (bunlardan savayı yığıb saxladığım, sahib olduğum elə bir şey də yoxdur). Seyf az qala kabinet boydadı. Mən həmişə qorxmuşam ki, cəmiyyətdəki hansısa repressiv qüvvə məni təqib edərək həm mənzilimə soxulacaq – qoy eləsinlər, onsuz da orda bir şey yoxdu – həm də iç dünyama müdaxilə etməyə cəhd edəcək – o niyyətlə ki, iç dünyam mütləq yazılarımda, məktublarımda və çəkdiyim fotolarda əks olunmuş olmalıdır.

______
*Amerika dramaturqu və ssenaristi
**aqressiv ruhi xəstələrin tibbi personala xətər yetirməməsi üçün istifadə edilir. İngiliscə "straitjacket", rusca "смирительная рубашка"dır. Azərbaycanda psixiatriya dərsliklərində "farağatlaşdırıcı köynək" kimi işlənir.


ardı var
İngiliscədən R.Qəmbərov çevirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG