Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:14

Amnistiya kimlərin üzünü güldürəcək?


Foto: Arxiv
Foto: Arxiv
-
Mayın 7-də Milli Məclis Amnistiya Aktı layihəsini müzakirə edəcək. Sabiq prezident Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı hazırlanan layihəni parlamentə Birinci ledi – deputat Mehriban Əliyeva təqdim edib. Layihədə amnistiyanın 9 min nəfərə şamil olunması və onlardan da 2 min nəfərin azadlığa buraxılması istənilir.

«HEYDƏR ƏLİYEVİN RUHUNA HÖRMƏTSİZLİK...»

«Facebook» profilində Amnistiya Aktı layihəsinə toxunan hüquqşünas Adil İsmayılov qeyd edir ki, bu layihə mərhum prezident Heydər Əliyevin ruhuna hörmətsizlik olmaqla yanaşı, Mehriban Əliyevanın da nüfuzuna zərbədir.

Onun AzadlıqRadiosuna söylədiyinə görə, layihə təqdim edildiyi qaydada bəyəniləcəksə, bu, Azərbaycanın müstəqilliyi tarixində ən az məhkumu əhatə edən amnistiya olacaq. Adil İsmayılov amnistiyanın 9 min məhbusa şamil olunacağına inanmır:

«Hesab edirəm ki, qeyd olunanlar göydəndüşmə rəqəmlərdir. Layihə ilə tam tanışam, maddələri də bir-bir oxumuşam. Orda əksər maddələr amnistiyaya düşmür. Ağır, xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər heç düşmür. Bundan başqa, 100-dək maddə sadalanır və amnistiyanın onlara şamil olunmayacağı bildirilir. Əvvəlki amnistiyalar bundan daha çox adamı əhatə edirdi, çünki cəzaçəkmə müəssisəsinin tipi yazılmırdı. Bu dəfə konkret yazıblar ki, yalnız məntəqə tiplidə olan və cəzasının çəkilməmiş hissəsi 1 il qalanlar azad ediləcək».

Adil İsmayılov amnistiyanın şamil olunmayacağı maddələrin layihədə göstərilməsi ilə də razılaşmır:
Adil İsmayılov
Adil İsmayılov

«Qanunvericilikdə «ağır», «xüsusilə ağır», «böyük ictimai təhlükə törətməyən cinayətlər» və «az ağır» cinayətlər barədə qeydlər olsa da, Amnistiya Aktında bunların arasından hansısa maddələri seçmək və onlara amnistiyanı şamil etməmək məsələyə subyektiv yanaşmadır. Amnistiyanın kiməsə şamil olunmaması üçün həmin şəxsin maddəsini amnistiyaya salmırlar».

Adil İsmayılovun fikrincə, borcunu ödəyə bilmədiyinə görə məhbusun amnistiyaya salınmaması kimi hallar da layihənin anlaşılmaz özəlliklərindən sayıla bilər.

MADDƏ İSTİSNASI

Amnistiyanın daha çox məntəqə tipli müəssisələrdə saxlanan məhbuslara şamil olunacağı qeyd edilsə də, hüquqşünas burda da ayrı-seçkilik sezdiyini bildirir. Onun dediyinə görə, ötən ilin dekabrında ölümlə nəticələnən avtomobil qəzası törətməkdə ittiham olunaraq 2 il 6 ay azadlıqdan məhrum edilən Müsavat üzvü Nigar Yaqublu məntəqə tipli müəssisədə saxlandığı üçün amnistiyaya düşə bilər. Amma onun ittiham olunduğu maddə layihəyə salınmadığından amnistiyanın ona şamil ediləcəyi gözlənilmir:

«O, amnistiyaya düşə bilərdi, amma ittiham olunduğu maddə yoxdur deyə, bu, ona şamil olunmayacaq».

Nigar Yaqublunun özü də amnistiyaya düşəcək 9 min nəfərin arasında olacağına əmin deyil:

«İşin əvvəlindən necə münasibət görmüşdümsə, elə münasibət də gözləyirəm. Nəyinsə dəyişəcəyinə inanmıram».

Akif Əlizadə
Akif Əlizadə
AMNİSTİYANIN ƏHATƏ DAİRƏSİ

Hüquqşünas Akif Əlizadə də siyasi mənsubiyyəti olan məhkumların gözlənilən amnistiya ilə azadlığa çıxacağına az inanır:

«Bu barədə konkret fikir söyləmək çətindir, ancaq iradə və istək olsaydı, siyasi məhbus sayılanlar da amnistiyanın əhatə dairəsinə düşərdilər».

Akif Əlizadəyə görə, müdafiə etdiyi Tofiq Yaqublu və İlqar Məmmədovla bağlı bütün hüquqi prosedurlar yekunlaşsaydı belə, amnistiya onlara şamil olunmayacaqdı. O, bunu hər iki şəxsə qarşı irəli sürülən ittiham maddələrindən birinin layihəyə salınmaması ilə izah edir:

«Tofiq Yaqublu ilə İlqar Məmmədovun ittiham olunduğu maddələrdən biri – 220.1-ci maddə Amnistiya Aktına düşür, amma digər maddə (315.2) düşmür. «Amnistiya Aktı haqqında» qanunda belə bir bənd var ki, şəxsin təqsirli bilindiyi maddənin biri amnistiyaya düşüb, digəri düşmürsə, amnistiya həmin şəxsə şamil edilmir».

«GÖZLƏMƏK LAZIMDIR»

Ombudsman Aparatının hüquqşünası Adil Eyvazov amnistiya layihəsini müsbət dəyərləndirir və mayın 7-ni gözləməyi məsləhət görür. O, parlament müzakirələrinin gedişində layihəyə dəyişiklik ola biləcəyini də istisna etmir

Hüquqşünas Akif Əlizadə Milli Məclisə göndərilən Amnistiya Aktı layihəsinə dəyişiklik olacağına inanmır:
İqbal Ağazadə
İqbal Ağazadə

«Adətən belə layihələr Milli Məclisə necə gedirsə, elə də qəbul olunur. Biz bu amnistiyanın «qızıl amnistiya» olacağını gözləyirdik».

Deputat İqbal Ağazadə amnistiyanın siyasi məhbuslara aid olunmasını təklif edir. Deputat Milli Məclisdə müzakirələr zamanı da bu məsələni qaldıracağını bildirir:

«Bu amnistiya Quba və İsmayıllı hadisələrinə görə həbs olunanlara, NİDA-çılara, cinayət işi hələ yekunlaşdırılmayanlara, ömürlük həbs cəzası alanlara da şamil oluna bilər. Amma təəssüflər olsun ki, son illər amnistiya tətbiq edilən şəxslərin dairəsinə cəmiyyətin gözlədiyi cinayət maddələri salınmır. Bilmirəm buna necə reaksiya veriləcək, amma çıxışlarımda bu məsələləri qaldıracağam».

ƏVVƏLKİ AMNİSTİYALAR

2007-2009-cu illərdə verilən amnistiya aktlarının müəllifi də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva olub. 2009-cu ildə Novruz bayramı ilə bağlı sonuncu amnistiya 9 min məhbusu əhatə edib. Onlardan 1700 nəfəri azadlığa buraxılıb.
1995-ci ildən indiyədək gerçəkləşdirilən 9 Amnistiya Aktı 90 minə yaxın məhkuma şamil edilib.
XS
SM
MD
LG