Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Naxçıvanda pay torpaqlarını məcburiyyətdən icarəyə verirlər...


Arxiv foto: Naxçıvan
Arxiv foto: Naxçıvan
-

Naxçıvanın Kəngərli rayonunda pay torpaqları əhalinin əlindən çıxır. Hər halda insanların əkin sahələrini məmurlara icarəyə verməyə məcbur edildikləri bildirilir. Söhbət əsasən Qıvraq qəsəbəsi və Qabıllı kəndinə aid olan torpaq sahələrindən gedir.

Torpaq sahibləri deyir ki, əkin sahələrini icarəyə vermələri üçün onlara polisə aparılmaqdan tutmuş, sularını kəsmək kimi müxtəlif təzyiqlər edilir. Bildirdiklərinə görə, hər hektarın icarəsi üçün isə onlara illik cəmi 30 manat pul verilir. Qabıllı kəndində təhlükəsizliyi baxımından adını təqdim etmədiyimiz sakinlərdən biri deyir ki, iki hektara yaxın sahəsini yüksək vəzifəli məmura icarəyə vermədiyi üçün bu yaxınlarda onu da bəhanə ilə polisə aparıblar:

«DEDİLƏR Kİ, HƏR İLİN MART AYI GEDİB HƏR HEKTAR ÜÇÜN 30 MANAT BANKOMATDAN ÇƏKƏ BİLƏRSƏN»

«Bizim torpaqlar ən məhsuldar torpaqlardandır. Onlarla hektar sahə müxtəlif üsullarla sahibindən alınıb, məcburi icarəyə verilib. Yaxud da satmağa məcbur ediliblər. Deyirlər ki, icarəyə götürən Naxçıvan MR Daxili İşlər nazirinin adamlarıdır. Gəlib, təklif edirlər, vermədin - ya əkinin suyunu kəsirlər, ya qohumunu işdən çıxarmaqla hədələyirlər. Qohum-əqrəbanda qalstuklu adam varsa onunla sənə təzyiq etməyə çalışırlar. Bu da nəticə verməyəndə polisə aparırlar. Bu yaxınlarda mənim maşınımı yolda tutub, DYPİ-nə apardılar. Dedilər ki, torpağını icarəyə verməsən, maşını buraxmayacağıq. Məcbur oldum verdim. Əvəzində maaş kartına oxşayan bir kart verdilər. Dedilər ki, hər ilin mart ayı gedib hər hektar üçün 30 manat bankomatdan çəkə bilərsən. Mən torpağımı özüm əkəndə hər hektardan ən az iki min manat qazanırdım. Bu nə bəladır, başa düşə bilmirik? İcarə haqqı maaşdır ki, gedib bankomatdan götürək? Həm də sahəmizi əkəndə dövlət onsuz da 40 manat subsidiya verirdi də. Heç, həmin məbləği də ödəmirlər».

Polis şöbəsi
Polis şöbəsi
Naxçıvan MR DİN-dən isə torpaqların zorla icarəyə verilməsi üçün vətəndaşlara təzyiq edilməsi ilə bağlı deyilənləri təkzib edirlər. Növbətçi hissədən bildirdilər ki, nə nazirlik, nə də ki, nazirliyin hansısa əməkdaşı torpaq icarəyə götürür.

Qabıllı kənd icra nümayəndəsi Miramil Seyidov isə torpaqların əksər hissəsini başqa şəxslərin əkdiyini təsdiqləsə də, bunun zorla olmadığını bildirdi:

«İSTƏYƏR SATAR, İSTƏYƏR ÖZÜ ƏKƏR»

Bizdə o torpaqlar satılıbdı.

Deyirlər ki, Daxili İşlər nazirinin adamları həmin torpaqları kənd sakinlərindən zorla alır

Camaatın əksəriyyəti satıb, o adamlar da alıb, əkib də. Vətəndaşın şəxsi işidir. İstəyər satar, istəyər özü əkər. Bizim kənddə torpaqların əksəriyyəti satılıb.

İqtisadçı ekspert Natiq Cəfərli isə baş verənləri mülkiyyətin toxunulmazlıq hüququnun pozulması sayır:

«ŞİMALİ KOREYADA DA BELƏ ŞEYİN OLMASINA İNANMIRAM»
Natiq Cəfərli
Natiq Cəfərli
«Bu dövlət reketçıliyidir. İnsanların mülkiyyətini zorla əlindən almaq, onu qərar verməyə məcbur etmək cinayətdir. Şimali Koreyada da mən belə şeyin olmasına inanmıram. Adam dəli olmaq dərəcəsinə çatır. Məmurların da bir «qırmızı xətti» olmalıdır. Həmin xətləri keçməmək prinsipi var. Azərbaycanda artıq heç bir «qırmızı xətt» qalmayıb. Şah qanundur burda. İnsanın inanmağı gəlmir ki, 21-ci əsrdə belə şeylər baş verir. Dövlət vətəndaşın mülkiyyətindən ancaq qarşılıqlı razılaşma vasitəsi ilə istifadə edə bilər. İnsanlar bununla razılaşmamalıdırlar. Bir hektar üçün 30 manat çox azdır. Əgər taxıl əkilirsə, orta məhsuldarlıqlı torpaq hektara 2-3 min manat qazanc gətirir».

Azərbaycanın başqa bölgələrində də pay torpaqlarının satıldığı bildirilir. Müstəqil iqtisadçılara görə, artıq ölkədə torpaqlar bir neçə oliqarx məmurun əlində cəmləşməkdədir. Sadə kəndlilərə bu pay torpaqlarının hər hektarına görə, təqribən min, 2 min manat pul verildiyi bildirilir. Ancaq Naxçıvandan fərqli olaraq, bu prosesin digər bölgələrdə könüllü həyata keçirildiyi deyilir.
XS
SM
MD
LG