Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:39

Bizi bədbəxt elədin nəğmələrinlə, Əhməd abi...


Sevinc el Sevər
Sevinc el Sevər
-

Sevinc el Sevər


Uşaqlar və divarlar

böyüklər hündür daş hasarlar
arzusundaykən
bu ölkədə
onları dustaq edən hasarların
alçaq qarğıdan olmağını istər uşaqlar
istədikləri vaxt üstündən
aşıb gedə bilsinlər
ordan dünyanı görsünlər deyə...

divarlara düşməndi uşaqlar
harda qarşılarına divar çıxar
bir təpik ilişdirərlər heç olmasa
divarlara qaş-göz çəkər
adam, ya bir heyvan sifətinə salarlar

divar kağızlarının qənimidirlər
barmaq-barmaq
dırnaq-dırnaq vuruşarlar
qarşılarındakı divarlarla
bağlı qapılarla
zaman keçər
daş divarları
ətdən divarlar əvəz edər...

özgə adamlar
doğma adamlar sərhəd qoyarlar
arzularına
istəklərinə
sevgilərinə
həyatlarına...

alçaq qarğı hasarların
arzusunda olan uşaqlar
böyüyəcəklər
yenə divarlara qarşı çıxacaqlar
onlara imkan verməyəcəyik
divarları aşsınlar
çocuqluqlarındakı kimi
özümüz divarları aşmadıq çünki
gedib azadlıqda dolaşmadıq
azadlıq nədi bilmədik
yalnız xəyal elədik...
“divar dibində yatmazlar, bala” deyərdi nənəm
yumşaq yastıqlar düzərdi divarlarla arama
divar dibində təhlükə var!

divara adam şəkli çəkən
çəkdiyi şəkli eybəcər günə qoyan oğul
o şəkli o divardan poz
o şəkil dirilər qəfil!


Həyatla savaşırıq

bir yoxsul azıb-tazıb
bir zənginin evinə girdiyində
ayaqlarını döşəməyə ürəklə
basa bilmədiyi kimi
ürkək olmayaq, sevgilim...
hərdən özümü
şüşədən və gipsdən düzəldilmiş
suvenir dükanındakı kimi
narahat hiss edirəm səninlə

bahalı kirayə paltar geymiş kimi
oluram bəzən
indi dodaq boyasıyla bulaşacaq
qızılgül kollarına ilişib
cırılacaq deyə
əsim-əsim əsirəm

bağır-çığır mənə sevgilim
ürəyindən gələndə
dəlilər kimi sevişərkən
bir-birimizi incitdiyimizdə
necə içimizə atırıqsa səsimizi
gizlədiriksə
həzzə qarışan ağrılarımızı
elə davranaq həmişə...

uşaqlıq oyunlarını yada sal
çəngə-çəngə yolmuşdun
qonşunuz Aişənin saçlarını
acılayıb həyətinizdən qovmuşdun
ya mən uşaqlıq dostum Familin
daş atıb başını yarmamışdımmı...
məktəb çantasına su axıtmışdım
dalaşıb-barışmışdıq dəfələrcə

uşaqlar qədər kinsiz
uşaqlar qədər qürursuz
uşaqlar qədər ürəkli olaq sevgilim
o dəli sevişmələrdən sonra bədənimiz
incidilən yerlərin hesabını soruşmur əsla
o qədər alicənab olaq
həyat çox qısa
sevgi ondan da qısa

bir boks döşəyi kimi
durmuşam qarşında
divara vurma
əlin yaralanmasın
bir-birimizlə deyil
zalım həyatla savaşdığımızı
ikimiz də bilirik onsuz da.


Eyni

getsən
incimərəm artıq
alışdırdım özümü yoxluğuna
hər dəfə evdən çıxdığında
səni uğurlayıb
bom-boş otağıma qayıtdığımda
sən hamam otağında ləngiyəndə hətta
məşq elədim yoxluğunu dəfələrcə
ay batanda
yataq otağımıza
zil qaranlıqlar çökəndə
oxuduğumuz kitablardan ayrılıb
gecə lampalarını söndürəndən sonra
göz-gözü görməyəndə
məşq elədim tənhalığımı...
sanıram səhnəyə çıxmağa
hazıram artıq...
istərsən qalxsın qara pərdələr

o qədər yalnızıq ki ikimiz də
anamıza-atamıza
heç vaxt olmayan kimi möhtacıq
dizlərində ağlamağa
çəkdirdiyimiz şəkillərdə belə
bir-birimizin yanında yoxuq daha

getsən
ağrımaram artıq
alışdırdım özümü yoxluğuna
istərsən qalxsın qara pərdələr
çıxsın səhnəyə
saçı uzun Suray xanım
birisi yerdən ona desin ki
daha dost axtarmasın
hamısının sonu eyni...


Əhməd Qayaya

bizi bədbəxt elədin nəğmələrinlə
Əhməd abi
qoymadın oturduğumuz yerdə oturaq
sənin kimi qəhrəmanca ölə bilmədik
nə yaşamadıq başqaları kimi
hüzur içində
sənə oxşamaq istədik
oxşaya bilmədik
bizi bədbəxt elədin
Əhməd abi...

cibimdəki qan rəngli dırnaq boyasının
son damlalarıyla
cırıq kapron kalqotkalarımı deyil
sənin nəğmələrinin lentlərini yapışdırar
atamın köhnə maqnitafonunda dinlərdim...
hər dəfə başqa bir barmaq gəlib basardı
maqnitafonun dilini
nəğmələrini yarıda kəsərdi
o barmaq sahibinin mənə
yazığı gələrdi...

qoymadın anamızın
dizlərinin qırağında oturub
insanların canverişinə
film seyr edirmiş kimi baxaq
bizi çəkib aldın
yalançı televizorların qabağından
öldük-dirildik hər gün
azı yüz kərə
Əhməd abi...

dilimizdə nəğmələrin
çıxdıq küçələrə
üsyan eləmək
haqqımızı almaq sevdasıyla
gördük ki
nəğmələr qədər
qaragözlü deyilmiş insan
nəğmələr kimi qanadlı deyilmiş
dünyanın harasına gedir-getsin
haqq uğrunda döyüşür nəğmələrin
ah, o nəğmələr gözlə görünmür
əllə tutulmur ki
tutub həbs eləsinlər
güllələsinlər...

nəğmələr
qapılarımızı-pəncərələrimizi döydü
evimizə soxulub
bizi küçələrdə
döyüşə çağırdı
nəğmələr bizimlə savaşdı
nəğmələr bizi diriltdi
öldürə-öldürə
“ölmək nə qəribə şeymiş”, Əhməd abi
həqiqətən də.

XS
SM
MD
LG