Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:02
-
Mayın 6-sı saat 19:00-da Əbdürrəhim bəy Haqverdiyevin «Kimdir müqəssir» tamaşası Musiqili Komediya Teatrının yaradıcı heyətinin ifasında Gənc Tamaşaçılar Teatrının binasında nümayiş olunacaq.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Tamaşanın dekorasiyası GTT –nin səhnəsi üçün nəzərdə tutulduğundan teatr premyeranı bu teatrda göstərəcək.

Ə.Haqverdiyev bu əsərin janrını «ilahi komediya» kimi göstərib.

Tamaşanın quruluşçusu gənc rejissor İradə Gözəlova, rəssamı Nabat Səmədovadır.

Tamaşada rəqslərə xalq artisti Təranə Muradova və Qalina Semyonova quruluş verib.

Tamaşada Çingiz Əhmədov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Ruslan Mürsəlov, Gültac Əlili, Nigar Qarayeva və başqaları iştirak edəcəklər.

Tamaşa gənc rejissor İradə Gözəlovanın Musiqili Komediya Teatrında ilk işidir. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 2009-2011-ci illərdə A.P.Çexov adına Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasını və Meyerhold adına Mərkəzin magistraturasını bitirib.

İradə Gözəlova müxtəlif teatr səhnələrində «Qəribə oğlan» (İ.Əfəndiyev, Gəncə Dram Teatrı), «Bəlayi-eşq» («Yuğ» Teatrı), «Oğlum» (Meyerhold adına Mərkəz), «Ailə səhnələri» (Lyubimovka dramaturq festivalında, «Dok» Teatrı), «Leyli və Məcnun» (N.Gəncəvi, H. Əliyev adına Saray), «1001 gecə» (Mingəçevir Dram Teatrı) kimi tamaşalara quruluş verib.

Musiqili Komediya Teatrı əsaslı təmirdən sonra ötən həftə istifadəyə verilib. Teatr kollektivi may ayı ərzində əvvəlki məkanına qayıtmağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG