Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:26

«Evlənmə» ilə tarixə düşən teatr


-

Lənkəran Dövlət Dram Teatrının əsr yarım yaşı var. Bu teatr fəaliyyətə 19-cu əsrin 50-ci illərində Qriboyedovun «Ağıldan bəla» pyesi ilə başlasa da, teatrın tarixi 1884-cü ildə Qoqolun «Evlənmə» komediyasının səhnəyə qoyulması ilə götürülür.

«İBLİSİN 7 KOMEDİYASI»

Teatrın direktoru İslam Həsənova görə, inqilablara, sistem dəyişikliklərinə baxmayaraq Lənkəranda teatr həmişə fəaliyyət göstərib. Fəaliyyət göstərdiyi 35 ildə teatrda 250-dən çox əsər səhnələşdirilib:

«73-cü ilə kimi açılıb-bağlanan teatr xalq teatrı kimi fəaliyyət göstərib. Sonrakı dövrdə peşəkar səviyyədə fəaliyyətini davam etdirib. Bu dövr ərzində 250-dən artıq pyesə səhnə həyatı verib. Bunların içərisində özümüzün milli klassiklərimizdən, eyni zamanda xaricdən, müasir dramaturqlardan pyeslər götürülüb və hazırlanıb. Son dövrlərdə teatrımızda gözəl bir ənənə qoyulub. Hər il xaricdən rejissor dəvət edirik. Yeni rejissor yeni fikir, yeni düşüncə, yeni nəfəs deməkdir. Xaricdən gələn rejissorlar da çox maraqlı tamaşalar hazırlayırlar. Məsələn, Gürcüstandan rejissor dəvət etmişdik. O gəlib burda «İblisin 7 komediyası» tamaşasına yeni nəfəs verdi».

SON DÖVRLƏRİN QƏRİBƏ PROSESLƏRİ

İslam Həsənov

İslam Həsənov

Teatr direktoru deyir ki, Avropanın 10-a yaxın ölkəsi ilə yaradıcılıq əlaqələri qurublar. Teatr kollektivi hər il bir neçə xarici ölkədən dəvət alır. 30 nəfərlik kollektivdə iki nəfər xalq artisti adına layiq görülüb. İslam Həsənov Lənkəran teatrında problemlərin də az olmadığını bildirir:

«Bütün teatrlarda olduğu kimi Lənkəranda da tamaşaçı problemi var. Son dövrlər qəribə proseslər gedir. Ziyalılar geri çəkiliblər. Təkcə teatrdan yox, şəhərin mədəni həyatından da. Elə bil ki, özləri-özlərini təcrid ediblər. Amma buna baxmayaraq, ictimai baxışlar keçiririk, ziyalıları dəvət edirik. İndi yenə tamaşa gedir. Çalışırıq kəndlərlə ünsiyyət quraq, məktəblərdə oluruq. Başa salırıq ki, teatr insan həyatının ayrılmaz bir hissəsidir, mənəvi kapitaldır».

Dövlət dəstəyi olmadan teatrın özünü dolandıra bilməsinə, aktyorların maaşına gəlincə, direktor bu suallara o qədər həvəslə cavab verə bilmir. Məlum olur ki, aktyorlar gündəlik maddi tələbatlarını ödəmək üçün teatrdan kənar başqa sahələrdə çalışmağa məcburdurlar. İslam Həsənov əyalətlə müqayisədə Bakıdakı aktyorların perspektivinin daha çox olduğunu vurğulayır:

«Onlar filmlərdə, reklamlarda çəkilirlər. Televiziya filmlərində çalışırlar. Teatrdan aldıqları maaşdan əlavə qazancları olur. Lakin əyalət teatrlarında işləyən aktyorlar barəsində bunu demək olmaz. Bir əsəri səhnələşdirmək üçün 5-6 min manat tələb olunur».

«İNDİKİ XUDAYAR BƏYLƏR DAHA QORXULUDUR»

Amma direktor əllərini yanlarına salıb, ruhdan düşmədiklərini, bu istiqamətdə axtarışlar apardıqlarını deyir. Bildirdiyinə görə, daha çox tamaşaçı cəlb etmək üçün ictimaiyyətlə görüşlər təşkil edirlər:

«Bu gün teatrımızda «Ağ kəlağayı» tamaşası gedir. Mövzu əsrimizin bəlası olan narkomaniyadır. Biz narkomanın yaşam tərzini səhnədə göstəririk. Deyirik ki, baxın, onun yaşam tərzi sizi qane edirsə davam eləyin. Tamaşaçının istəyi ilə «Ovod»u və «Mizantropu» təqdim elədik. Hər pyesi götürərkən biz müzakirə edirik. «Danabaş kəndinin əhvalatları»nı hazırlamışdıq. O, dövrdə yazılan əsər müasir formada təqdim olundu və çox gözəl bir tamaşa alındı».

Lənkəran teatrının səhnəsi

Lənkəran teatrının səhnəsi

İslam Həsənova sual verdik ki, müasir dövrdə əyalətlərdə Xudayar bəy kimilərinə çox rast gəlinir, yoxsa Məmmədhəsən kimilərinə:

«Bu dövrün Xudayar bəyləri çoxdur. Məmmədhəsən əmilər həmişə olublar. Xudayar bəy öz dövründə bir nəfər idisə indi Xudayar bəylər yüzlərlədir, minlərlədir. Biz də həmin Məmmədhəsən kimilərinə göstərmək istəyirik ki, onlara aldanmasınlar və həyat tərzlərini düzgün istiqamətləndirsinlər. Bu günün Xudayar bəyləri o Xudayar bəylərdən də qorxuludur».

Teatrda aktyorların hazırlanması ilə məşğul olan studiyanın fəaliyyət göstərdiyini deyən İslam Həsənov, elə bu səbəbdən aktyor probleminin olmadığını bildirir.

AKTYORUN BÜDCƏ PROBLEMİ

Teatrın aktyoru Miraslan Ağayev isə keçirdikləri çətin günləri yada salır:

«SSRİ-nin dağılması teatrlarda da problemlər yaratdı. Biz aktyorlar teatrdan heç yana getmədik. Teatrda qaldıq, onun fəaliyyətini təmin etdik. Bəzən soruşurlar ki, necə dolanırsan. Səni qane edirmi teatrda işləmək? Teatrda işləyən aktyorlar sənət fədailəridir. Onları maddi vəsait elə də maraqlandırmır. Maaşımız azdır, ailəli adamlarıq, məcburuq başqa yerdə işləyib ailənin büdcəsini təmin edə bilək».

Miraslan Ağayev

Miraslan Ağayev

Miraslan Ağayevlə teatrın inzibati binasına göz gəzdiririk. Otaqlar darısqal olsa da təmirlidir. Aktyor bizi azyaşlılar üçün hazırlanan tamaşaya dəvət edir.

LƏNKƏRANIN TEATRA GEDƏN VƏ GETMƏYƏN SAKİNLƏRİ

Teatrın inzibati binasının qarşısından keçən Lənkəran sakinlərindən teatrla bağlı fikirlərini soruşduq. Şəhər sakini Haşim İsmayılov Lənkəran teatrı haqqında həmişə xoş sözlər eşitdiyini deyir. Amma maddi imkansızlıqdan gileylənir, teatra gedə bilmədiyini söyləyir:

«Maddi durumumuz yaxşı deyil, 150 manat maaş alıram, müəllim kimi. Mətbuata, kinoya, teatra o qədər pul qalmır. Teatra pul çatmır. Qaz pulu, işıq pulu, bunlar hamısı maddi problemlərdir. Bunları yerinə yetirincə pul qurtarır. İmkan olmur ki, teatra gedəsən».

«ƏYALƏTƏ TEATR LAZIMDIR, MÜTLƏQ LAZIMDIR»

Daha bir şəhər sakini Maqsud Rzayev teatrda olduğunu və tamaşalardan da razı qaldığını deyir.

Lənkəran Dövlət Dram Teatrı cənub bölgəsində yeganə teatrdır. Hazırda onun səhnəsində 10-dan çox hazırlanmış yeni əsər var. Direktor İslam Həsənov deyir ki, əyalətə teatr lazımdır:

«Mütləq lazımdır teatr. Təkcə Lənkəran üçün yox bütün bölgələr üçün lazımdır».
XS
SM
MD
LG