Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:03
-

HÖKUMƏTƏ ETİMAD EDƏN 92 FAİZ...

Mayın 1-də çıxan «Azərbaycan» qəzeti yazır: «Ölkəmizdə əhalinin 92 faizi hökumətə etimad göstərir. Azərbaycan üzrə «Azərbaycan Qonşuluğu Barometri» çərçivəsində keçirilən sorğunun nəticələri bunu bir daha təsdiq edir».

Qəzet sorğunun nəticələrinə istinadla yazır ki, Azərbaycanda rəyi soruşulanların 69 faizi iqtisadi vəziyyətin yaxşı olduğunu hesab edir, 60 faiz isə ölkədəki demokratik proseslərin nəticələrindən razıdır.

MƏTBƏXDƏ HAZIRLANAN QONDARMA HƏRƏKAT LAYİHƏSİ?

«Yeni Azərbaycan» qəzeti «El» Hərəkatının rəhbəri Eldar Namazovu hədəfə götürüb. Onun bu hərəkatla bağlı planlarının alt-üst olduğun yazır:

«Antimilli dairələrin mətbəxində hazırlanan qondarma hərəkat layihəsi cəmiyyətdə heç bir maraq oyatmadı, əksinə daha çox ictimai qınaqla üzləşdi». Qəzet «bir vaxtlar hakimiyyətin qovluq daşıyanı» olan Eldar Namazovun «qulluq mövqeyindən sui-istifadə etdiyi üçün vəzifədən qovulduqdan sonra radikal müxalifət düşərgəsində sığınacaq tapdığını», ancaq artıq «radikallar»ın da ona etimadı qalmadığını» iddia edir.

HÖKUMƏTİN İRANA MÜNASİBƏTİ

Əksər qəzetlər kimi «Yeni Müsavat» qəzeti də Prezident Administrasiyası rəhbərinin İran səfərinə toxunub: «Ramiz Mehdiyev Tehranda Qərbi pislədi. Prezident Administrasiyasının rəhbəri Əhmədnejadla görüşdə, «onlar Azərbaycanda dəfələrlə rəngli inqilablar həyata keçirməyə çalışıblar» dedi». Daha sonra qəzet bildirir ki, eyni gündə Prezident yanında SAM-ın rəhbəri Vaşinqtonda başqa mövqe nümayiş etdirdi: «İranın əleyhinə danışdı, onu Azərbaycanda dost olmayan ölkə kimi tanıtdı».

QƏRBİN İKİLİ MÖVQEYİ

«Azadlıq» da bu mövzudan yan keçməyib: «Deputat Fəzail Ağamalı Prezident Administrasiyası rəhbərinin anti-Qərb bəyanatlarına haqq qazandırır, onun həmkarı Rasim Musabəyov isə bunu İran mətbuatının təxribatı ola biləcəyini deyir».

Qəzet yazır ki, Fəzail Ağamalı Qərbin Azərbaycana münasibətdə ikili standartlarla çıxış etdiyini, hətta Qərbin İrana sərgilədiyi mövqeyi Azərbaycana qarşı da sərgilədiyini söyləyib.

İCTİMAİ NƏQLİYYATDA GEDİŞ HAQQI ARTIRILA BİLƏR

«Bizim yol» nəqliyyat naziri «Ziya Məmmədovun gediş haqlarını artırmasını tələb edir» məqaləsində iddia edir ki, «nazir ictimai nəqliyyatı inhisara almış şirkətlərin gəlirini artırmağa çalışır». Bu haqda qəzetə danışan Azər Mehtiyev deyib: «Öncə keyfiyyəti artırsınlar, daha sonra qiymətin artırılması barədə danışsınlar».

AYI 500 MANATA OLAN UŞAQ BAĞÇALARI

«Exo» belə suala cavab axtarır: «Uşaq bağçası ilə bağlı problemləri necə həll etməli?» Qəzet yazır ki, uşaq bağçalarında təkcə bir uşağın saxlanması ayda 500 manata başa gəlir. Hərçənd heç də bütün ailələr bu məbləği ödəmək imkanında deyillər.

«KARABAS-BARABAS» BAKIYA GƏLİR

«Zerkalo» xəbər verir: «Yoldaş Saaxov Bakıya gələcək». Bu günlərdə 90 yaşını qeyd edən SSRİ xalq artisti, Azərbaycan tamaşaçısına «Qafqaz əsiri» filmində Saaxov, «Buratinonun macəralarında» Karabas-Barabas, «İvan Vasilyeviç peşəsini dəyişir»də Şpakı oynayan Vladimir Etuşun Bakıya iyunda gəlməsi gözlənir. Onun Rus Dram Teatrında yaradıcılıq gecəsi keçirilməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG