Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:28
-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 20-liyindən


İbrahimxəlil

***

Mən yarı qürbətəm, yarı vətənəm…
demə ki: qanadı, əlbət, yarası!
Mən sənin dərdini çəkirəm elə;
qalarsan sən vətən – qürbət arası!..

Yenə verdiyinə şükür… nə deyim –
gündoğan yerinə qürub verirdi.
Heç nəyin yarısını istəmirdim mən;
verən verdiyini qırıb verirdi.

Görürsən ? – vətən də yarı verilib…
qələmim qürbətin, dilim vətənin.
Ölməyə ki, vətən yaxşıdı… sən de:
hansı yarısında ölüm vətənin?

Heç nəyin yarısını istəmirdim mən…
ayrılıq… Araztək adında olar.
…Verən verdiyini qırıb verirdi;
pendir-çörək payım yadında olar!

Mənim Göyçə payım… Şəhriyar payım…
…qubarın dililə payız toz dinir.
Verən verdiyini… yarı verirdi;
bilirsən? – belə pay buza tez dönür!

Bir də yarıkönül, yarıyuxulu…
ruhumda bu duman… çən… artardımmı?
Verən verdiyini yarı verməsə,
Bütövlüyə belə can atardımmı?

Mən yarı qürbətəm, yarı vətənəm…
güneyin, quzeyin qarı qalmadı?
Vətən tərəfimiz əkizdi bizim,
qürbət tərəfimiz yarıalmadı…



***


Padşahla bir gündə doğulmuşam mən...
...ümidimi şehli dərdilər neynim;
Bir qızı var idi Günəşdən ötə –
bir padşah oğluna verdilər neynim...

Vaqiflər bilirdi qadağan yerin
qarlı payızını, şehli qışını.
Gördüm gözləyirsən... deyə bilmədim:
kababda yedilər şahlıq quşunu.

Bildim, sanamaqla qurtaran deyil...
dərdləri düzərsən daşa sazaqda.
Gördüm gözləyirsən... deyə bilmədim:
Allah yuxarıda, padşah uzaqda.

Xəzəllər elə bil bir xəstə ruhu...
qollar qandallıdır, bağlar üzümdür.
Payıza qoşulub ahəstə oxu:
«fərman padşahındır, dağlar bizimdir».

Bəlkə də peyğəmbər çiçəklərinin
padşah fərmanıyla artar əlacı!
...Padşahla bir gündə doğulmuşam mən;
ya cəllad göndərər, ya dar ağacı!

Ulduzlar Allahdan aşağıdır ki! –
dərd görüb, ulduzdan aşağı düşdü?
Padşahla bir gündə doğulmuşam mən;
bəlkə sənə də bir işığım düşdü...

Günün bütün mövzuları

XS
SM
MD
LG