Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:15
-
Prezidentin göstərişiylə nazirlər, komitə sədrləri apreldən bölgələrdə şikayətçiləri qəbul etməyə başladılar. Beləcə, vətəndaşın öz dərdini birbaşa ona dərman tapacaq ən yüksəkvəzifəli şəxslərdən birinə açmasına şans yarandı. Şans oldu, bəs nəticə?

Təbii ki, qəbuldan qəbula fərq oldu. Qəbul vardı ki, vətəndaş məmura çatanadək bir neçə səddi keçməli olur və bəzən heç sonda nazirə yetişmirdi də. Məsələn, götürək Qubada nəqliyyat naziri Ziya Məmmədovla görüşü. Nazirə daha kimlər pənah aparmamışdı – yollardan gileylilər də, işsizlər, xəstələr, pensiyaçılar, kiçik sahibkarlar... Amma görüş otağının qapısı bir çoxlarının, əsasən də birbaşa nəqliyyatdan, nəqliyyat departamentinin işçilərindən şikayəti olanların üzünə bağlı qaldı. Onların dərdinə yerli icra başçısı və ya icra aparatının başqa əməkdaşları əlac tapmalıydı:

«İcra başçısı dedi ki, ədəb-ərkanlı olun, yol kəsməyin. Nəyə ehtiyacınız varsa, başqa vaxt gəlin, həll edim. Nazirlə qəbulda yersiz sözlər deməyin».

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun da üzünü görmək hər şikayətçiyə nəsib olmayıb:

«İcazə vermirlər içəri keçməyə».

FƏRQLİ GÖRÜŞ EYNİ SONUC?

Bölgələrdə əhalini razı salan və nəticəsinə böyük ümid bəslədiyi görüşlər də az olmayıb. Misal üçün, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüş. Nazirin görüşə mühafizəsiz gəlişi və şikayətçilərə ayrı-seçkilik qoymaması xoş təəssürat oyadıb. AzadlıqRadiosunun bölgə müxbiri Azər Əli şahidi olduqlarını bölüşür: Şahin Mustafayev Şirvanda

Şahin Mustafayev Şirvanda


- İqtisadi inkişaf nazirinin Şirvanda keçirdiyi görüş yüksək səviyyədə təşkil olunmuşdu. O, görüş yerinə vaxtından qabaq gəlmişdi. Açıq qapı idi. Hər kəs görüşdə iştirak edə bilərdi. Nazirin qəbulundan çıxan adamlarda problemlərin həllinə böyük ümid yaranmışdı. Məsələn, Həsən Həsənov işadamıdır, güzəştli kredit almaqla bağlı çətinliyi var. İxtiyar Ağayev Biləsuvarda müəllimdir. O da güzəştli kredit almaq istəyir. Amma kənddəki evini bank qəbul etmir ki, şəhərdə evin olmalıdır.

İşadamı Həsən Həsənovla əlaqə yaratdıq. AzadlıqRadiosuna bunları söylədi:

- Hələ nəticə yoxdur. Bir dəfə zəng vurdum dedilər ki, Fonda göndərmişik. Sahibkarlığa Dəstək Fondundan da deyirlər ki, sizin məsələylə bağlı müraciət iki gündür daxil olub. Cənab nazir demişdi ki, məsələ həll olunacaq. Fonddan de dedilər ki, bir aya cavab veriləcək. Görək nə olur. Gözləmək qalır ancaq.

JURNALİSTLƏRLƏ BİR CÜR, JURNALİSTLƏRSİZ BAŞQA CÜR...

AzadlıqRadiosunun cənub bölgəsindəki müxbiri Müstəcab Məmmədov deyir ki, bölgəyə ilk səfər edən gənclər və idman naziri Azad Rəhimov olub. Azad Rəhimov Lənkəranda

Azad Rəhimov Lənkəranda

O, görüşün ilk baxışdan normal keçdiyini söyləsə də, sonradan başqa nüanslar üzə çıxıb:

– Sonradan şikayətə gələnlərdən biri, ikinci qrup əlil, evsiz-eşiksiz Seymur Kərimovla söhbət etdik. O, jurnalistlərin də görüşə qatıldığı zaman özünə ev tikmək üçün torpaq sahəsi istəyib. Amma deyir ki, jurnalistlər gedəndən sonra rayon icra hakimiyyətinin işçiləri bizi zaldan çıxardılar və dedilər ki, sizin probleminizlə bələdiyyələr məşğul olacaq. Bələdiyyələr hələ də bir iş görməyiblər.

Bir başqa şikayətçi – Qızılağac kənd sakini Mehman Qəribov da nazirlə görüşə və şikayətini şəxsən çatdıra bilib.

– O, bələdiyyədən torpaq alıb. Amma indi nə torpaq verirlər, nə də pulunu qaytarırlar. Şikayətini çatdırsa da, dediyinə görə, bugünədək ciddi irəliləyiş yoxdur. Astaradan Hüseynağa Həsənov Azad Rəhimova şikayət edib ki, oğlunu işdən qanunsuz çıxarıblar. Nazir ona bu məsələnin həll ediləcəyini söz versə də, bu haqda ölçü götürülməyib. Yəni, belə faktlar yetərincədir.

Füzuli Ələkbərov

Füzuli Ələkbərov

VƏDLƏR VERİLİB...

AzadlıqRadiosunun şimal bölgəsindəki müxbiri Cəmil Məmmədli deyir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Şabranda ünvanlı sosial yardımla bağlı şikayətlərin bəzisini yerindəcə yoluna qoyub.

Bu bölgədə qəbul keçirən nəqliyyat naziri Ziya Məmmədovla görüşdə vətəndaşlar kənd yollarının yenidən qurulmasını, magistral yollar çəkilərkən pay torpaqlarına görə düşən kompensasiyanın ödənilməsini istəyiblər:

– Ziya Məmmədova kənd yollarının çəkilməsiylə, işsizliklə bağlı, ədliyyə naziri Fikrət Məmmədova məhkəmələrlə bağlı şikayətlər olunsa da, hələlik nəticə yoxdur. Bunu bizə şikayətçilər söylədilər. Quba rayon İcra Hakimiyyətindən bildirdilər ki, bir neçə kəndə yol çəkiləcək. Vədlər var, «Yaxşı olacaq» deyənlər də var, amma hələ real nəticə yoxdur.

Əli Həsənov

Əli Həsənov

QƏBUL, YOXSA TƏBLİĞAT?

Bəzi müşahidəçilər bu cür qəbulların, sadəcə, prezident seçkisi öncəsi hakimiyyətin təbliğatına hesablandığını düşünür. Məsələn, bəzi rəsmilərin görüşündə bu özünü daha açıq göstərir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun Mingəçevirdəki görüşündən bir sitat:

«Hamı gedib ona səs verəcək. Çünki, inanın mənə, dünyada elə prezident yoxdur. Mən vəzifə sahibiyəm deyə, bunu demirəm. Bir vətəndaş kimi, onunla ünsiyyətdə olan bir adam kimi deyirəm ki, elə bir insan bilmirəm heç dünyada var, ya yox».

Məmurların vətəndaşlarla görüşü mayda da davam edəcək. Görüşlər, qəbullar öz yerində. Əlbəttə, bunlar yadda qalacaq. Amma daha çox yadda qalan, təbii ki, götürülən ölçülər, nəticələr olacaq.
XS
SM
MD
LG