Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:50
-
İkinci Dünya Müharibəsi dövründə Margot Woelkun vəzifəsi zəhərlənməkdən qorxan Adolf Hitlerin yeməklərini dadmaq olub. Bu vəzifədə onunla birlikdə daha 14 gənc qadın çalışırmış.
Margot Woelk deyir ki, «Hitler ingilislərin onu zəhərləyəcəyindən o qədər qorxurdu yediyi yeməklərdən ləzzət ala bilmirdi».

«ÖLKƏDƏ YEMƏK QITLIĞI VAR İDİ. BİZ İSƏ LƏZİZ YEMƏKLƏR YEYİRDİK»

Associated Press agentliyinin xəbərinə görə, Margot Woelk deyir ki, Hitlerin yemək dadanlarından biri olmağın həm yaxşı, həm də pis tərəfləri vardı.

«Ölkədə yemək qıtlığı idi. Biz isə ləziz yeməklər yeyirdik. Hitler vegeterian idi. Yeməkləri ən yaxşı tərəvəzlərdən hazırlanırdı, yanında da düyü və makaron olurdu. Ancaq Hitlerin qorxu xəstəliyi bizə də keçmişdi. Hər yemək yeyəndə qorxu içində fikirləşirdik ki, bu bizim axırıncı yeməyimizdir».
Margot Woelk uzun illər gördüyü bu işi həyat yoldaşından belə gizlədirmiş. İkinci Dünya Müharibəsinin son iki il yarımını isə Hitlerin o vaxt Polşada olan «Kurt İni» sığıncağında keçirib. Bu günlərdə 95 yaşını qeyd edən qadın həmin günlərdən danışmaq qərarına gəlib.
Woelk deyir ki, indiyə qədər Hitlerin xidmətçisi olmasını qorxduğu və utandığı üçün gizlədirmiş. Deyir ki, bu işi məcbur qalıb görürmüş və heç vaxt faşist partiyasının üzvü olmayıb.
HİTLERƏ XİDMƏTİN QARŞILIĞI AĞIR OLUR
Hitler görüş zamanı

Hitler görüş zamanı

Margot Woelk 1944-cü ildə Hitlerin sığıncağında rütbəli SS hərbçilərindən birindən Hitlerin müharibəni uduzduğunu öyrənir. Bundan sonra qatarla paytaxt Berlinə gedir və gizlənir. Digər 14 yemək dadan qadın isə qaçmaq əvəzinə sığınacaqda qalmağı üstün tutur. Onları mayın 2-də «Kurt İni»i ələ keçirən sovet əsgərləri güllələyir.
Margot Woelk deyir ki, sağ qalsa da müharibə onda sağalmaz izlər qoyub: «Berlində sovet əsgərlərinin əlinə keçdim. Bir həkimin ofisində 14 gün mənə təcavüz etdilər. Elə buna görə həyatım boyu ana ola bilmədim».
Woelk yaşı ilə bağlı xəstəliklərinə görə 8 ildir Berlindəki evindən çıxmır. Həkim nəzarətindədir. Deyir ki, müharibənin acı izlərini hələ də özü ilə daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG