Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:20

Gənc yazarlar AYB-yə üzv oldular (Şeirlərini oxu, qiymət ver)


AYB-nin sədri Anar və gənclər katibi Rəşad Məcid yeni üzvlərlə

AYB-nin sədri Anar və gənclər katibi Rəşad Məcid yeni üzvlərlə

-

Azərbaycan Yazıçılar Birliyində (AYB) Gənc Ədiblər Məktəbinin bir sıra üzvünə qurumun üzvlük vəsiqələri təqdim olunub.

525.az-ın məlumatına görə, bununla bağlı tədbirdə gənc yazarlardan Emin Piriyə, Günel Eyvazlıya, Leyla Şərifovaya, Könül Səidə, Vəlixan Abdullayevə, Ramil Əhmədə, Aysel Kərimə, Eşqanə Babayevaya, Nicat Zal Qaraxanlıya, Elmar Vüqarlıya, Dürnisə Əbdülhəsənovaya, Nərmin Azadlıya, Dəyanət Əlizadəyə, Sara Selcana birliyin üzvlük vəsiqələri verilib.

Vəsiqələri gənclərə AYB-nin sədri, Xalq yazıçısı Anar təqdim edib. O, gənc ədibləri təbrik edərək onlara uğurlar arzulayıb: "Bu yol həm çətindir, həm də şərəflidir. Başınıza qalmaqallar da gələcək, sıxılacaqsınız zaman-zaman. Amma çətinliyi ilə bərabər bu yolun həm də sevinc, qürur hissi gətirən tərəfləri də var. Kimsə sizi tanıyanda, oxuyanda, sevəndə siz bu hissləri yaşayacaqsınız".

AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də gəncləri bu münasibətlə təbrik edib və öz imzalarını təsdiqləyəcəklərinə böyük ümid bəslədiyini deyib.

Yeni üzvlərdən olan Emin Piri, Elmar Vüqarlı, Ramil Əhməd, Günel Eyvazlının son aylarda "Oxu zalı"nda "Seçmə əsərlər" rubrikasında (Münsifin imzasız olaraq seçdiyi) çap edilmiş şeirlərindən:

Emin Piri

Emin Piri


Emin Piri


MƏLƏKLƏRƏ ATILAN MƏRMILƏR...

Toplardan,
təyyarələrdən
doğan uşaqlar
yerdə bələklərdən çıxırdı.
uşaqların yerdə
batan səsləri
göydə mələklərdən
çıxırdı.

Analar saxlaya bilmirdi
bombaları
uşaqlar qaça bilmirdi
bombalardan.
hara qaçsalar da
bombalar tuturdu uşaqları.

şəhər bombalarkən
itirmişdi
altıaylıq körpəsini.
qoparmışdı
əllərindən mərmilər.
bir qolu balasında
biri özündə qalmışdı ananın...

itkin qoluna yalvarıb,
itkin balasını tapşırırdı, ana:
“yaxşı bax balama
ağlayanda
əllərindən tut,
bir az güldür.
qulağı üşüyəndi
qulağını yaxşı ört”.

Balasıyla itən
qolunu günahlandırıb,
geri qayıtmayan
əlinə ağlayırdı.
itirdiyi qolunun
yerinə baxıb
yarasını danlayırdı,
ana.

bu dağılmış şəhərin
hər daşını qaldırıb,
axtarırdı yavrusunu.
daş qaldırmaqdan
daşa dönmüşdü təklənmiş əli.
ancaq bala vermirdi
daşlar...
on altı il keçsə də
ana balasını axtarırdı
altı aylıq körpələr arasında.


ALLAHIN ZARAFATI

Ölənlər oyanıb çıxa qəbirdən
durub dirilərin qaza qəbrini.
gedəsən sevdiyin qəbrin üstünə
görəsən yazılıb:
bir zarafatdı.

Şeytan da bezikib çıxa özündən
içindən allahın özü boylana
dönüb arxasıyca gələn bəndəyə:
“Yaman aldatdım ha...”
Deyə!

Sancıdan qıvrılan anaya
məktub gələ
bətnindəki körpədən:
məni gözləməyin,
bu, zarafatdı.

75 yaşında döyülə qapın-
məktəbdə sevdiyin qızdı
qayıdıb.
əlində əsanın qoyduğu qabar
toxuna saçlarına...

Qoşulub Iblisə çıxıb gedəsən
Allahın dalınca qeybət edəsən
arxanca mələklər yalvara
Allah da göydən qışqıra:
Şair,
bu,
zarafat deyil?!


Ramil Əhməd

Ramil Əhməd


Ramil Əhməd


Müharibədən sonra

Müharibədə ayağını, qolunu
itirmiş kişilərdən qorxub qaçardıq həmişə...
Hərdən yuxuma girirdi Qədim kişinin itkin əlləri,
tutub boğurdu məni.
Böyük uşaqlar ölümün nə demək olduğunu bildiyindən
başa düşürdülər atalarının öldüyünü.
Analarından gizlədərdilər
küçədə döyüldüklərini.
Taxtadan tapança düzəldərdilər
atalarının qisasını almağa...

Canavarlar Qarabağda qaldı,
hərə əlində bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava gətirdi ordan...
Sözlü qızlar sevgilərini qaçaqaçda salıb itirdilər.
Hər şəhid bir ananın ümidiydi,
məryəm qızların toppuş cocuqlarının atasıydı...
Hər evə böyüdülmüş bir əsgər şəkli qaldı və...
qızlar bu şəkillərə baxıb doğdular...
Bu şəkil cocuqlar öz atalarının ögey balalarıydı...

Nə qonşulardan bir havar varıydı,
nə qohumlardan.
Neçə gündü tifilləri ac qalan dul Sürəyya
pəncərə önündə çarmıxa çəkilmişdi,
yardım maşınını gözləyirdi...
Qurdlu ciyər,
qaralmış ət,
iylənmiş ürək satan qəssab Qulam
“Bu üç yetimi necə dolandırır,
bəlkə, ürəyini satır xəbərimiz yoxdu?”, - deyirdi...


Balaca qızcığaz
gizlənqaç oynayırdı ki,
gözlərini açanda atasını tapsın...

Sürəyya deyirdi :
“Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək”.
O üç gün gəlib çıxmadı amma,
qızcığaz saymağı bacarmırdı çünki…


Günel Eyvazlı

Günel Eyvazlı


Günel Eyvazlı


Bura bizik

Bura bizik
Dünyanın özəyi,
Yolların uzunu.
Ömrün qısası.
Sözün tükəndiyi
Məkan.

Bura bizik
Vərəqlərə köçürülmüş
Cızma-qara
Təqvimin işarə olunmuş məchul günü.
Nəyinsə açılışı,
Nəyinsə düyünü.

Bura bizik
Gün yandıran,
Ot bitirməyən
Sarı səhra.
At çapan
Bədəvi,
Suya həsrət
Somali.

Bura bizik
Yoluxucu vəba
Xəstəlik
Qədəh dolu özümüzü
Bir nəfəsə içirik.
Tükənirik, bitirik.

Bura bizik
Divarda çarpazlaşmış
Kilsə xaçı
Yerindəyik.
Nə müqəddəs,
Nə də kafir əlindəyik.

Bura bizik
Soyuq divar
Soyuq mühit
Ya ölmüşük
Ya da hələ öləcəyik.

Hamıya oxşar,
Hər kəsdən fərqli
Bir həyatın
Ya axırı,
Ya əvvəli.


Bir uşaq

Rəsmini çəkir xəyal
Atasını yaradır.
Qələmlə
aypara qaş, qara gözlər nöqtədir.
Baxışları atanın ovcunun içindədir.

Uşaq yarada bilmir görmədiyi bir kəsi
Necə hiss edə bilsin almadığı nəfəsi.

Amma. təxəyyül hələ qələmlə nəsə cızır
Yeni sözlər yaranır, bu körpə nəsə yazır.

Söz yazır, cümlə yazır.
Gəl yazır, apar yazır.

Qoy tutum uşaqlar tək əllərindən, ay ata.
Çox demirəm bircə gün yanımda görün mənim
Rəfiqələrim görsün atam var, atam mənim.

Nə zaman gələcəksən?
Nə zaman baxacaqsan aldığım qiymətlərə?
Yarışda yer qazandım, təbrik et məni ata.

Hər gün səni düşünmək, hər gün şəklini çəkmək,
Çox çətindir, çox çətin səni dilə gətirmək.

Köks ötürüb dinməzcə mən yollara baxıram,
Ataların üzündə, atamı axtarıram.

Səndən heç kim danışmır, naməlumsan, itkinsən,
Anamın sözlərində əbədi nifrətimsən.

Sadəcə bir maraqdır, səni bir dəfə görmək,
Rəsmini sonumadək, beynimdə həkk etdirmək.

Hər gün eyni şəkillə mən üz-üzə qalıram,
Mən sənin əvəzinə anamı yaradıram.


Mən

Mən.
Həyatın küləyi qarşısında dayanmağı bacaran tək ağac.
Ağır yükü çiyinlərində daşıyan cəngavər
Əlini qarla isidən yoxsul.
Dünyanı qucağında daşıyan ana.
Əli boşluqlara toxunan kor.
Taleyindən edam edilmiş kəs.
Eyibsiz, əlçatmaz kölgə.
Keçmişin uşağı,
Bu günün sualı.


Elmar Vüqarlı

Elmar Vüqarlı


Elmar Vüqarlı


XAN BAĞI

Dünən “səni sevirəm” deyən qızı
bu gün “Xan bağı”nda gördüm,
əyilib kapron corablarını dəyişirdi saymazyana,
susamış nəzərlər dikilmişdi sökülmüş ilmələrə,
hərəkəti qızmızı işıqtək saxlamışdı
kapron corablar.

Bu əsnada Füzuli gəlib:
“Surətin gördükdə lal eylər məni!” – oxudu,
bir az tamaşa elədi bizim kimi oğrun-oğrun,
sonra harasa çıxıb getdi.
Heç arxasınca gedən də olmadı...

İndi skamyada ayaqyalın yatanlara,
сins şalvarının qabağını dəbərdən oğlanlara,
quşbeyin qızlara yaxınlaşmır şəhər polisi.

“Xan bağı”ndakı kolları
birdəfəlik uzqırxanlarla dibindən çıxardıb köhnə icra başçımız,
biz orta əsrlər Gəncəsinə beləcə son demişik.

Daha sevgisini gizləyə bilmir gəzməyə çıxanlar,
artıq kollar şahidlik etmir insan ehtiraslarına,
təbii ehtiyaclarına...
Biz beləcə başlamışıq insan azadlığına.

Dünən “səni sevirəm” deyən qızı gördüm bu gün,
kolların yoxluğundan danışdım ona,
qulağıma “sənsiz bacarmıram” pıçıldadı.
Bu ölkədə qadın və kişiləri cinslərə ayıran
20 qəpiklik yeganə məkanı - tualeti
axırda şahid tutduq sevgimizə,
haram etmətik həqiqəti özümüzə.
“Leyli və Məcnun”u Freydə dəyişdik
bir şüşə pivə ilə bir qab noxuda,
psixoloji boşalmadıq yuxuda.

P.S. Günümüzə Dədə Ələsgərin
duvaqqapması ilə son verdik.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG