Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:23
-
Rüstəm İbrahimbəyov Azərbaycana gəlməklə bağlı şərtini açıqlayıb.

«Bizim yol»a müsahibəsində kinorejissor Rüstəm İbrahimbəyov «Azərbaycana nə vaxt qayıdacaqsınız» sualına belə cavab verib:

«Hazırda Bakıda işim yoxdur, Moskvada film çəkilişləri ilə məşğulam. Kinematoqrafçılar İttifaqının fəaliyyətinə imkan vermirlər, başqa işlərim də yoxdur. Milli Şura yaransa, Bakıya gələrəm».

Rüstəm İbrahimbəyov aprelin 26-da partiya və hərəkat liderlərinə Milli Şuranın yaradılmasını sürətləndirməklə bağlı müraciət ünvanlayıb.

MÜXALİFƏT KİMLƏRİ İSTİSMAR EDİR?

«Yeni Azərbaycan» qəzeti yazır ki, «müxalifət hakimiyyətdən deyil, bəzi sosial problemlərdən narazı olan insanları istismar edir». Qəzetə görə, müxalifət dairələri insanların problemlərinin həllinin deyil, özlərinin siyasi «şouları» üçün istismar obyektlərinin axtarışındadırlar:

«Danılmaz həqiqətdir ki, prezident İlham Əliyevin daxili və xarici siyasəti Azərbaycan əhalisinin böyük əksəriyyəti tərəfindən birmənalı şəkildə dəstəklənir və müxalifət dairələri də bunu yaxşı bilirlər. Azərbaycan müxalifətinin sosial bazasının olmaması da əhalinin hakimiyyətdən razı olduğunu göstərən çoxsaylı dəlillərdən biridir».

SÖZ QADAĞASI-KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜSULU

«Exo» qəzetinin yazdığına görə, korrupsiyaya qarşı mübarizə üzrə ekspertlər məmurların bəzi söz və ifadələr işlətməsinə qadağa qoyulmasını istəyirlər. Qəzet belə bir təklifin Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev

Əliməmməd Nuriyevdən gəldiyini qeyd edir:

«Ekspertə görə, bizim məmurlar tez-tez «baxarıq», «görək», «bir neçə gün sonra gəlin məsələni həll edək», «bunu etmək mümkündür, amma...» kimi sözlərdən daha çox istifadə edirlər. Buna görə də məmurları vətəndaşla ünsiyyət qurmağa öyrətmək lazımdır».

Ekspert hesab edir ki, məmurlara bu cür ifadələr qadağan oluna bilər: «Məsələni həll etmək çətindir, amma olar», «Sonra razılığa gələrik», «Daha ciddi əsaslar lazımdır», «parametrləri müzakirə etmək lazımdır», «hə, indi nə edək» və s.

RICHARD MORNINGSTAR: SEÇKİ İLİ HƏMİŞƏ ÇƏTİN OLUR

«Birmənalı olaraq bəyan edirəm ki, Milli Demokratiya İnstitutu Azərbaycanda hər hansı iğtişaşların qızışdırılmasında maraqlı deyil».

Bunu «Zerkalo» qəzetinə müsahibəsində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Richard Morningstar deyib:

«MDİ və bu təşkilatın əməkdaşları Azərbaycanda demokratiyanın inkişafını dəstəkləyib və alqışlayıblar... MDİ-nun Azərbaycanda fəaliyyəti həmişə şəffaf olub. Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı onu deyə bilərəm ki, seçki ili həmişə çətin olur».

Rəbiyyət Aslanova

Rəbiyyət Aslanova

«MÜXALİFƏTİN ZƏİFLİYİ BİZİM GÜNAHIMIZ DEYİL»

«Azərbaycanda alternativ qüvvə, güclü müxalifət yoxdur və bu, iqtidarın günahı deyil».

Bunu «Azərbaycan» qəzetindəki məqaləsində Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova yazıb:

«Müxalifətin zəifliyi bizim günahımız deyil. İqtidar nə qədər yaxşı işləsə, təbii ki, müxalifətin manevr etmək üçün daha az imkanı qalır. Buna görə yeniləşən Azərbaycanda özlərinə necə yer tapmaq onların öz işidir».

«ONLAR HƏBS OLUNMAMALIYDI»

«Mən hesab edirəm onlar həbs olunmamalıydı. Onlar sadəcə, öz fikirlərini bildiriblər».

«Azadlıq» qəzetinin yazdığına görə, bunu Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia NİDA-çıların həbsinə münasibət bildirərkən deyib.
Roland Kobia

Roland Kobia


Qəzetin yazdığına görə, Kobia seçki məsələsinə də toxunub:

«Həm qanunvericilik, həm də texniki baxımdan seçkinin azad, ədalətli və şəffaf keçirilməsi təmin olunmalıdır. Avropa İttifaqının bu istiqamətdə bir sıra layihələri var… Hökumət istəsə, seçkilərin monitorinqini də keçirə bilərik. Biz Azərbaycan hökumətinə kömək etmək istəyirik».

«TƏHQİRƏ QALSA, YEDDİ QATINI ELƏ TƏHQİR EDƏRƏM...»

«Təhqirə qalsa, yeddi qatını elə təhqir edərəm, yeddi qatından, nəslindən, nəcabətindən keçər. Sadəcə olaraq, mənim aldığım tərbiyə buna yol vermir».

«Yeni Müsavat»ın yazdığına görə, bunu YAP icra katibinin müavini Siyavuş Novruzov «EL» Hərəkatının təsisçilərindən Eldəniz Quliyevin onun haqqında dediyi fikirlərə münasibət bildirərkən deyib:

«Bax, indi onun da mənə cavabını qoyun, mənim də ona dediklərimi müqayisə edin, görün təhqir hansındadır. Kəskin fikir başqa şeydir, təhqir başqa. Bundan da kəskin fikirlər olacaq, olmalıdır da. Hər kəs siyasətə qoşulubsa, kəskin fikrə hazır olmalıdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG