Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:14

Ramiz Mehdiyevin Güntay Gəncalpa daha bir cavabı


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
-

"Bu kitab konkret tarixi mərhələnin dərk edilməsinə səhv yanaşma prinsipindən məhrum deyildir".


Prezidenti Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyev Şah İsmayıl haqda daha bir məqalə yazıb. Məqsəd onun bundan əvvəlki məqaləsi ilə bağlı şərhlərə münasibət bildirməkdir. R.Mehdiyev Finlandiyada yaşayan araşdırmaçı yazar Güntay Gəncalpın Azərbaycanda birmənalı qarşılanmayan “Səfəvilər” kitabı haqda da fikirlərini bölüşüb.

“Tarixi idrakın elmiliyi problemlərinə dair” adlanan məqalədən bəzi hissələr:


Ramiz Mehdiyev


Tarixi idrakın elmiliyi problemlərinə dair

(Məqalə tam şəkildə burda)

Artıq qeyd etdiyim kimi, Güntay Gəncalp özünün "Səfəvilər" kitabında (Bakı, 2012) belə hesab edir ki, Şah İsmayıl Azərbaycan türklərinə son 500 il ərzində yalnız fəlakətlər və həlledilməz problemlər gətirmişdir. Şah İsmayıl hakimiyyəti ələ keçirmək və onu əldə saxlamaq üçün türkləri parçalamış, şiəliyə dövlət ideologiyası xarakteri vermiş, fars dilini ucaltmaqla türk dilinin funksiyalarını məhdudlaşdırmış, bununla da İranda Azərbaycan türklərinin öz milli mənlik şüurunu itirməsinin təməlini qoymuşdur. Onun fikrincə, Səfəvilərin Azərbaycan tarixində rolu belə olmuşdur. O, Səfəvilərin kimliyi məsələsinə özünün fərqli baxışı olmasını gizlətmir.

G.Gəncalpın çoxsaylı mənbələr əsasında yazdığı kitab müəllifin türk etnosunun taleyi haqqında düşüncələrinin nəticəsidir. Ancaq bununla belə, müəllif oxucunu inandırmağa çalışır ki, onun tədqiqatı tarix fəlsəfəsi prinsiplərinə əsaslanır, lakin bu kitab konkret tarixi mərhələnin dərk edilməsinə səhv yanaşma prinsipindən məhrum deyildir. Əgər bu işi məhz onun mövqeyindən təhlil etsək, asanlıqla görmək olar ki, burada subyektivizm də az deyildir. Amma müəllifi bunda günahlandırmaq olmaz. Çünki emosional tərkib hissə ölkə tarixinin Şah İsmayıldan sonrakı dövrünün müəllif tərəfindən qavranılmasının və dərk edilməsinin nəticəsidir.

Şübhə yoxdur ki, Şah İsmayıl islamda əsas cərəyanlardan biri olan şiəlikdən özünün başlıca məqsədinə çatmaq - mərkəzləşdirilmiş dövlət yaratmaq üçün istifadə etmişdir. Lakin bu, onun təqsiri deyildir ki, sonralar şiəliyin məzmunu xeyli siyasiləşdirilmiş və yeni əlavələrlə dəyişdirilmiş, bunlar da Şah İsmayıl irsinə G.Gəncalp tərəfindən bu cür sərt tənqidi münasibət üçün əsas olmuşdur.

Yuxarıda deyilənlərə onu da əlavə etmək olar ki, 1979-cu il İslam İnqilabına qədər İranın dövlət idarəçiliyində dinin rolu Osmanlı İmperiyasında dinin tutduğu yerdən fərqlənirdi. İranda Məhəmməd Rza Şah Pəhləvi devrilənə qədər dinin təşkilati-siyasi statusu olmamışdır. Ümumiyyətlə, islamda ruhanilərin, məsələn, papa taxt-tacının birləşdirdiyi katolisizmə oxşar ciddi institusional təşkilatı yoxdur. Əslində dünya ölkələrinin əksəriyyətində dini funksionerlər sıx birləşmiş ruhani ictimai institutu yaratmırdılar.

İran şahından fərqli olaraq, Türkiyə sultanları 1517-ci ildən sonra islam dünyasının formal başçısı kimi həm sultan, həm də xəlifə titullarına malik idilər. Bu, islam dünyasında imperiya istilalarına, həmçinin müsəlman ölkələri - Səfəvilər, Misirdə Məmlüklər dövləti və başqa dövlətlərlə qanlı müharibələrə əsas verirdi.

İ.Fadeyevanın yazdığı kimi, "Osmanlı imperiyasında dövlət konsepsiyası yalnız dini kontekstdə məna kəsb edirdi. Din həm siyasi rəhbərliyin mövcudluğunu, həm də onun sabitliyini təmin edir, bu isə hökumətə güvəncin minimuma endirilməsi yolu ilə əldə olunurdu" (Фадеева И. "Концепция власти на Ближнем Востоке". М. 1993 г., стр. 63). Bundan əlavə, bütün yerli hakimiyyətin islam ruhanilərinin himayəsi və sayıq nəzarəti altında olduğu Osmanlı imperiyasında din mərkəzlə ucqarlar arasında əlaqələndirici vasitə idi.

Şah İsmayıl haqqında məqaləmə şərhləri və rəyləri ümumiləşdirərək istərdim ki, biz milli tarixə baxışımızı və münasibətimizi dəyişək, şəxsiyyətlər haqqında mühakimə yürüdərkən öz subyektiv baxışlarımızdan və ya ideoloji mülahizələrdən çıxış etməyək. Bu şəxsiyyətlərin böyük məqsədə nail olmaq yolunda az əhəmiyyətli faktlara gəldikdə isə, bunu onların təqsiri hesab etmək olmaz. Şah İsmayıl və Heydər Əliyev kimi tarixi şəxsiyyətlər öz zəkaları ilə həm bu günümüzü görmək, həm də gələcəyə nüfuz etmək qabiliyyətinə malikdirlər. Məhz strateji uzaqgörənlik keyfiyyətləri onların siyasi qərarlarının dinamikasını təmin edirdi.

Hətta tarixçilərin əsərlərində rast gəlinən sənədlərin əsli də bu gün başqa şəkildə interpretasiya edilir, çünki vaxtilə həmin sənədlər öz dövrünün vəzifələrindən və tələbatından irəli gələn konkret siyasi maraqları qorumaq məqsədilə yaradılmışdır. Şübhəsiz, Şah İsmayıl Səfəvi mövzusuna müraciət edən tarixçilərin əsərlərinə siyasət və zaman da öz təsirini göstərmişdir. Lakin əvvəlki səhvlərin təkrarlanmaması və tarixi ədalətin bərpa edilməsi naminə, Azərbaycan tarixinin öyrənilməsinin lap əvvəldən idrak nəzəriyyəsini, tarix fəlsəfəsinin bu və ya digər tarixi fenomeni kompleks yanaşma yolu ilə, onu doğurmuş bütün hallar nəzərə alınmaqla qiymətləndirməyə imkan verən müddəalarını istisna edən, daha çox faktoqrafiyaya, hadisələrin təsvirinə əsaslanan metodologiyası kökündən dəyişməlidir. Ciddi tədqiqatçı tarixi dövrün hüdudlarından kənara çıxa bilməz, çünki zaman onun fikirlərinə sirayət etməlidir.
Güntay Gəncalp
Güntay Gəncalp

Hər hansı tarixi şəxsiyyətin fəaliyyətini və ya prosesin mahiyyətini real, obyektiv və korrekt şəkildə qiymətləndirmək üçün ilk növbədə, onların meydana gəlməsi şəraitini, təşəkkülünə əlverişli mühit yaradan amilləri, əvvəlki dövrlərin oxşar hadisələri ilə müqayisədə onun əhəmiyyətini öyrənmək və yalnız bundan sonra xronologiyanın təfərrüatına varmaq lazımdır. Əks halda biz əcdadlarımızın fəaliyyəti sayəsində malik olduğumuz zəngin tarixi irsi tamamilə itirərik. Daim yadda saxlamaq lazımdır ki, bədxahlarımız həqiqətən bizə məxsus olanları mənimsəməyə çalışırlar və təəssüf ki, biz onların əhatəsindəyik.

Böyük şəxsiyyətlər, bir qayda olaraq, müəyyən tarixi fazanı və ya epoxanı əks etdirirlər. Makedoniyalı İsgəndərin fəthləri o dövrdə yaranmış tarixi şəraitə uyğun idi. Lakin tarixin heç də bütün dövrlərində zamanın irəli sürdüyü məsələləri reallaşdırmağa qabil olan şəxsiyyətlər yaranmır. Digər tərəfdən, əgər Makedoniyalı İsgəndərin və ya Çingiz xanın fəthləri üçün müvafiq tarixi şərait olmasaydı, yeni hərbi doktrina işlənib hazırlanmasaydı və texniki üstünlük yaranmasaydı, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün təkcə dahilik kifayət etməzdi. Deməli, tarixi məsələnin həll edilməsi üçün müvafiq tarixi şərait, insan potensialı, hərbi-texniki potensial və bunun üçün zəruri keyfiyyətlərə malik olan şəxsiyyət yetişməlidir.

Tarixçilərimiz tarixi faktların şərhi və onların nəzəri cəhətdən dərk edilməsi metodları barədə ciddi düşünməlidirlər, əks halda milli tarixşünaslıq, məşhur ingilis filosofu Robin Corc Kollinqvudun (1889-1943) təbirincə desək, "qayçı və yapışqan" mexanizminə, faktların cansıxıcı təsvirinə çevrilər. Azərbaycan xalqının tarixi rəngarəngdir, nadir xarakterli epoxa və cəmiyyətlərin ardıcıllığı əvəzedilməzdir. Buna görə də tarixçinin vəzifəsi xalqın siyasi və mənəvi mədəniyyətini təşkil edən tarixi bütövlüyü gerçəkliyin özündə tapmaqdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG