Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:43

Polis melanxoliyası (Seçmə hekayələrdən)


-

“Saat 02:49” Hələ ki yaşayıram.

Mən polisəm.

İnsanlar mənə inanmır. İnanmadıqları üçün də qorxurlar...



Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Elməddin Süleymanov


POLİS MELANXOLİYASI


Günün son qatarı “Həzi Aslanov” stansiyasına tərəf istiqamətlənirdi.

Vaqona yaxınlaşdıqca sifətimin bütün hissələrini işğal etmiş kiçik tər damcıları, uzaqdan vuran meh sayəsində ilıqlaşırdı.

Vaqonun içinə daxil olub ətrafı soyuq baxışlarımla süzdüm.

Bir qadını və əlinin tərsi ilə burnunu silməyə çalışan uşağı görməklə kifayətləndim.

Vaqonun içinə səssizlik və bir o qədər də boşluq çökmüşdü.

Başımı oturacağın dəmirinə söykəmək bu qədər rahat olmamışdı.

Qatar hərəkət edirdi. Bu an, bütün həyatım boyu səylə çalışdığım, amma heç vaxt əlimin çatmadığı kürək nahiyəmdən şiddətli bir qaşıntı qopdu.

Udqunmağı və susmağı seçdim. Bütün çarəsiz insanların dəyişilməz vərdişləri kimi.

Qaşıntı şiddətini azaltdıqca, gicgahımdan yüksələn ağrılar əsəblərimi tarıma çəkməyə başlamışdı.

Mən ağrılarıma və yorğunluğuma müqavimət göstərəcək gücdə deyildim. Başımı arxa tərəfə atıb gözlərimi yumdum.

İllərdir qulaqlarımın içinə doluşan o qadının kədərli səsi,yaşanan bütün uğursuzluqlara baxmayaraq insanı sakitləşdirirdi: “Növbəti stansiya...”

Tanımadığım o qadının çiynimə toxunuşuyla oyandım.

Uşağının əlindən tutub mənə baxırdı. Mən də onların əllərinə baxırdım. Qadının dırnaqlarında yarıya qədər silinmiş lak, uşağın dırnaqlarında silinmiş lakın həcmi qədər çirk toplanmışdı.

Amma bütün bu mənzərəyə qarşı cəbhə almış və əllərini bir-birilərindən ayırmırdılar.

Əslində uşağın səsi hər şeyə aydınlıq gətirirdi: ”Qatar depoya gedir”

Vaqondan ayrılaraq eskalatora tərəf hərəkət etdim. Eskalator bütün yorğunluğu ilə bədənimi küçəyə daşıyırdı.

Fevral ayı bəlkə də tarixin ən tərbiyəsiz və çılpaq qışını yaşayırdı.

Küçədə naməlum itlərin səsi,taksi şoferlərinin məlum söyüşləri eşidilirdi.

Telefonu çıxardıb saatıma baxdım.

00.23.

Evə getmək haqqında fikirləşirdim. Amma sonra evimi, evimin içini, otağımda ərp bağlamış sükutu fikirləşdikcə fikrimdən daşındım. Nə olursa-olsun,insanın əlində evinin qapısını açmaq üçün ciddi səbəbləri olmalıdır.

Əllərim cibimdə küçələrdə sülənməyə başladım.

Gəzişdiyim ərazidə gözümə sataşan evlərin işıqları vaxt itirmədən sönməyə davam edirdilər.

Ağlımın kiçik hissəsi ilə insanları fikirləşməyə başladım.

İndi isti evlərində oturaraq xoşbəxt ailə tablosu yaratmaqla məşğul idilər.

Qısqandım. Qısqanmaq insanlığa xas bir hissdir – deyə fikirləşdim.

Bir skamya tapıb əyləşdim. Sol döş cibimdən siqaretimi çıxardıb yandırdım. Qışın şaxtası ilə içinə nikotin doluşmuş zəhəri, ciyərlərimə tərəf diaqanal pasla ötürdüm.

Bəlkə də mənası yox idi, amma bu etdiklərim sifətimdə kiçik təbəssüm yaratmışdı.

Hər nə olursa-olsun,insanı gülümsəməyə məcbur edən bütün faktorlar müqəddəsdir – deyə fikirləşdim.

Soyuq vəhşiliyini bədənimə əks etdirdikcə ayaqlarımla,əllərimlə,burunumla və ən son, qulaqlarımla qurduğum beyin rabitəmi itirməyə başladım.

Bütün bu proseslər davam etdikcə yaşadıqlarımı hiss etdim.

Hər kadrın çökəkliyində ağır suallar yatırdı.

O sualları yuxudan oyandırmaq və hamısına bir cavab mismarlamaq üçün çalışırdım.

İçimə ataraq böyütdüyüm bu suallar səbəbsiz yaranmış boşluğun yan-yörəsində başı aşağı övlad kimi mənə baxırdılar.

Bütün həyatım boyunca hər kəsə qışqıraraq danışmaq istədiklərimi bu gecə özümə etiraf etmək qərarına gəldim.

Mən məğlub olmuş insanlardanam.

Məğlub olmuş insanların diaqnozu çox sadədir əslində: “Boşluq, təklik, boşluq, təklik”.

“Saat 02:49” Hələ ki yaşayıram.

Mən polisəm.

İnsanlar mənə inanmır. İnanmadıqları üçün də qorxurlar.

Mən onları heç vaxt inandıra bilməyəcəm ki, mən həm ağlamağı həm də gülməyi bacarıram.

Hətta bu iki funksiyanı eyni anda etməyə çalışmışam.

Alınmayıb.

Özümə etiraf etdiklərimi niyə onlara deyə bilmirəm?

Onlara gülünc gələ bilər,amma deməliyəm ki,mən də uşaqlıqda sevdiyim oyuncaqlarımı sındırmışam. Küncə göndərilib,bir ayağım üstündə dura-dura günahsız olduğuma inanmışam. BU GÜN MƏNƏ İNANIN...

Hə, mən artıq 15 ildir ki,polisəm.

Onlara uşaqlığımdan danışmaq istəyərdim. Mənim də travmalarım var, böyüməyə ehtiyacım var.

Dərdlərimiz bir-birinə oxşayır.Ən yaxın dostumun sevdiyi qızı sevmişəm. Dostumun və qızın bu hisslərdən xəbəri olmayıb. İçimə atmağı o gün öyrəndim.

Atama yalandan hücumçu olduğumu, əslində qapıçıydım, və vurmadığım bütün qollardan danışmağın nə olduğunu çox gözəl bilirəm.

Bu atama dediyim ilk yalan idi.

Atalar,övladları tərəfindən işlədilən ilk yalandan sonra ölməyə başlayırlar.

Atalar bir neçə dəfə ölür.

Atamın öldüyü ilk gün idi.

Həyatım darmadağındır. Boşanmışam və sevmədiyim bir qadından bütün varlığımla sevdiyim qızım var.

Qızımın qarşısında utanıram. Mən yaxşı ata deyiləm.

Gecənin bütün dərinliyi səhvən toxunulmuş stəkanın qırıq parçalarına bənzəyən həyatıma bu sualı verməkdə gecikmir: ”Yaxşı ata varmı?”

Onu sevirəm. Və o buna inanmır. Güclü qadın olacaq. İnanmayan bütün qadınlar güclüdür. Keçən dəfə adını xatırlamadığım bir kafedə çay içirdik.

“Niyə siz həmişə filmlərin sonunda gəlirsiz?” dedi.

Boğazımın ətrafında sıxlaşmış tüpürcəyimi udqunaraq

“Rejissorların işləridir hamısı” deyə bildim.

“Bu gün də gecikdin”.

Saxta təbəssümlə qarşılıq verdim. Bundan başqa seçimim qalmamışdı. Kiçik baxışlarını sifətimdə gəzdirdikcə özümdən bir daha utanmağı seçdim.

Övladınız sizi eyni anda iki seçimə məcbur edə bilərmiş. Hesabı istədim. Bunu bacarırdım...

İnsanlardan tez-tez şəxsiyyət vəsiqələrini tələb edirəm. Səbəbi yoxdur. Bu sadəcə məni həyəcanlandırır.

Həyəcanlarımız ölməyə başlayırsa, deməli, böyüyürük.

Və uzun illərdən sonra həyəcanlarımız yenidən bərpa olunursa,deməli yaşlanmışıq.

İnsanlar şəxsiyyət vəsiqəsindəki şəkillərindən çox uzaqdadırlar.

Gözlərindən böyük bir məsuliyyət yağmaqdadır.

Hər halda bunun səbəbi də sadədir: ”Vətəndaşlığa keçid dövrü”.

Belimdə silahım var. İçi içim kimi boşdur.

Küçələrdə, meydanlarda, döngələrdə döydüyüm insanlardan üzr istəyirəm.

Onlar məni bağışlamayacaq. Onların müxtəlif bədən nahiyələrinə dəyən dubinkanın ağrıları bütün uduzduqlarımın hirsidir.

Mən işə çıxarkən vicdanımı evdə qoymalıyam.

O sükutun içində qalmalıdır vicdanım.

O sükut vicdanımın bütün hissələrini əhatə etdiyindən,vicdanım susmağa alışıb.

“Saat 05:14” Hələ ki polisəm.

46 dəqiqə sonra şəhər canlanacaq.

Birisi şirin yuxusuna zəhər qatacaq, birisi yatağına uzanacaq, birisi vaxtsız öləcək, birisi kimisə öldürəcək, kimlərsə ayrılacaq, kimlərsə son şans dilənəcək, kimlərsə xoşbəxt bir gün keçirəcək, kimlərsə sadəcə yaşayacaq. Mən sadəcə nəfəs almağa davam edəcəm. Və bacardıqca qızımı sevməyə.

Dəfələrlə silahı gicgahıma yapışdırıb tətiyi basmaq üçün alıb-verdiyim nəfəslərimi saymışam.

Cəsarət çatışmazlığından əziyyət çəkirəm.

Bacarmıram.

İnsan özünü inşa etdiyi kimi yox etməyi də bacarmalıdır.

Səhər oyandığında partlamasını,dağılmasını,yerlə bir olmasını arzu etdiyimiz məktəb kimiyəm.

Bütün arzulara, dualara rəğmən bacarılmayan özünü yox etməyən insan...

Bəzən qaçmaq istədim. Qaçmaq üçün yollar kəşf etdim. Narkotik maddələrdən istifadə, fahişələrlə dərdləşmə, Dostoyveski, həftələrlə otağımın bir küncündə gecələmə, HƏR ŞEY!

Amma yolun səhv istiqamətində olduğumu qavradım.

Onu qavradığım gün böyüdüm. O an bütün reallıqlar çılpaq qadın bədəni kimi hər şeyi ifşa etdi gözlərimdə.

Mən heç nə yaşamamışam. Heç kim heç nə yaşamayıb. Ölüm döşəyində ilk dəfə başqasının həyatını oynamayan bir şairin də dediyi kimi: ”Bu yaşamaq deyil, bu ölməməkdir.”

Bu quru canımı almaq istəyirəm. Elə burda. Dan yerinin tikişləri sökülərkən.

Meyitimi kimin tapacağı maraqlı deyil.

Ölümüm hamıya şamil edilə bilər. Ondan qorxuram. Hər kəs bir az öldürüb, amma silahdan çıxan güllə mənə aiddir.

Mənə aid olan tək şey.

Amma ölə bilmirəm. Qızımla bağlı məsuliyyətim var.

Bu da qaçışdır.

Niyə özümü aldadıram? Cəsarətin yoxdur. Yoldan keçən insandan başqası deyiləm. Amma silahımın içi boşdur.

Mənim inanmağa, sevməyə, ağlamağa, gülməyə, yaşamağa, insanlara, səslərə, xoşbəxtliyə EHTİYACIM VAR.

Bəlkə də çox şey istəyirəm. Amma bu gün məni bağışlayın. Bu gün mən polis deyiləm.

Bu gün mən insanam...

“Saat 06:34” Artıq bütün vaqonlar rahatlıqla depoya gedə bilərdi.
XS
SM
MD
LG