Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:35
-

...Demə, öldürülmədiyinin əzabını yaşamalıymış, yəni Səməd Vurğun güllələnsəydi, xatırlanmağa layiq olardı. Səməd Vurğuna edilən ən böyük ədalətsizlik...


Oqtay Qorçu


SƏMƏD VURĞUN


Şairin bundan böyük dərdi olarmı?

Hər misran izlənə, hər şeirin donos qovluğuna yazıla, “türk qızları”n türk sözünə görə “el qızları”na çevrilə, “Zəncinin arzuları”nda Azərbaycan boyda dərdli axtarıla, ruhun qırmızı yozumlarda odlana, “xalq düşməni” çıxarılacağını gözləyəsən, hədələr xərçəng təki canına daraşıb gəmirə.

Və qorxu-ürkü içində bir bəyaz işığın sinəsinə sığınan sözlü-eşqli şair də ürəyi titrəyə-titrəyə şeir yazmağına davam eləyə. Bütün bunlara görən necə dözürmüş könül bulağı bulandırılan böyük xalq şairi, el-oba adamı. Vətəndaş azərbaycanlı və Azərbaycan boyda faciəsi olan Səməd Vurğun.

***

“Azərbaycan” deyə biləcək sonuncu şairin, xalq adamının hər gün qan verən qəlbinə, balta çalınan vicdanına duz basalar, yandırıb yaxa-yaxa hər gün ağ yuyub, qara sərələr, dostların düşməni, düşmənlərin dostu kimi qələmə verələr və onu tanıyanlar da, oxucuları da, bizlər də...

***

Səməd Vurğun elə bir dövrdə yetişmişdi, elə bir rejimin məngənəsində yaşamaq qisməti qazanmışdı ki, onsuz ədəbiyyat barı çırpılmış ağaca bənzərdi, onun kimi böyük adamın yaşayıb-yaratmasısa təhlükəli olduğu qədər də zamanın qazancı demək idi. Qırmızı imperiyanın və sovet Azərbaycanın qanlı-qadalı tarixində, repressiyalar dövründə gülləsiz öldürülən iki böyük şəxsiyyət yaşayıb. Mərkəzdən – Moskvadan hər zaman adları çəkilən, “Kak tam Uzeqir bek?”, “Kak tam Samed Vurqun?” sorğularıyla dərdə salınan, çərlədilən, bir-birini ata-bala kimi sevən, xalqın iki əvəzsiz itkisi, dahi Üzeyir bəy və böyük Səməd Vurğun.

***

Səməd Vurğunun ağrısını duymadan, yaşadıqlarına göynəmədən onun yazdıqlarını, şeirlərini oxuyub qamçılamaq, mənə görə, bir azərbaycanlı üçün böyük bir günahdı. İndinin havasına köklənib böyük şairi heçlikdə itirmək, onun yaradıcılığını təbliğat gücünə unutdurmaq, həyat və yaradıcılığının tarixini araşdırmadan, dövrünün ictimai-siyasi vəziyyətinin mənəvi-psixoloji çözümünü vermədən üstündən xətt çəkmək, həm də XXI əsrdə onu nələrdəsə ittiham etmək gülünc səslənir. Bu heç mümkün də deyil.

Onsuz – adıyla, imzasıyla əbədiyyət qazanan, sözün əsl mənasında XALQ ŞAİRİ olan Səməd Vurğunsuz ədəbiyyatımızı təsəvvür etmək çox çətindi. Vurğun poeziyası olmadan Azərbaycan şeirinin nələr və kimi itirə biləcəyisə gün təki aydındı. Səməd Vurğunu ittiham etmək igidlik yox, şairin böyük adının meydanında özünü xatırlatmaq xətrinə edilən cığallıqdı. Səs-küylü Vurğuna görə haray-qışqırıq salıb sadəcə özünü yada salmaq eləcə görünən reallığa qəsd etmək deməkdi.

***
Səməd Vurğun

Səməd Vurğun


Böyük o kəsdi ki, yazdıqlarıyla dillərdən düşməyə, hər misrası bayatı, qoşma təki elin ruhuna, yaddaşına hopa. Səməd Vurğun da belə şairdi. El-obanın danışdığı saf dildə, Azərbaycan türkcəsində şeirlər yazıb-oxuyan və yazdıqlarını əzbərlədən şairin qədir-qiymətini xalq verir. Səməd Vurğun toxunulmaz şair deyil, ancaq unudulmaz birisidi. Təbii ki, zamanında da, öləndən sonra da onu bəyənənlər, bəyənməyənlər olub. Onun yaradıcılığına cırmaq atanlar da olub, haqqı deməyə gücü yetənlər də. Səməd Vurğun XX-XXI əsrlər Azərbaycan ədəbiyyatı tarixində bəlkə də ən çox tənqid edilən şairlərdən biri, yaxud da birincisidi. Səməd Vurğuna tez-tez müraciət edirlər və hər dəfə də adını çəkdikləri onun şairliyini çək-çevir eləməklə əslində Vurğun adlı böyük söz sarayının uçurulmasının mümkün olmadığını təsdiqləyirlər.

***

Şairin yaradıcılığı illər uzunu tədqiq-tənqid edilməli, hər misrası ələnməli və təbliğatı aparılmalıdı. Buna normal yanaşmaq lazımdı. Səməd Vurğunun əsərlərinə məlum dövrün tələbatı baxımından qiymət verib onun yaradıcılığını, bədii dilini müxtəlif baxış bucaqlarından araşdırmaq da olar və bu istiqamətdə müəyyən zaman kəsiyində xeyli elmi-publisistik yazı yazılıb. Səməd Vurğun irsinin öyrənilməsi üçün keçmiş sovet dövründə də, müstəqillik zamanında da ölkədə bir çox iş görülüb. Yaradıcılığının ədəbi və sosial əhəmiyyətini araşdıranlar arasında Səməd Vurğunun sırf kommunizm tərənnümçüsü olduğunu deyənlər də, onun Ezop dilində danışan millətçi şair olduğunu söyləyənlər də var. Kimiləri də ona yaxşı, yaxud pis şair və ya aşıq deməklə sadəcə bu polemikaya nöqtə qoymağı düşünür. Səməd Vurğun şeiri xatırlanan, oxunan məmləkətdə, sözsüz ki, illər uzunu sürən mübahisələr də olacaq, amma şairin şəxsiyyəti və yaradıcılığı barəsində qəti hökm verməyə kimsənin zoru yetməyəcək.

Vurğunun unudulacaq birisi olmadığına əminəm. Ancaq söz-söhbətlər bitmək bilmir, tənqid adıyla təhqirlər, olar-olmazlar, təhrif, yalan və yalanla döş-döşə gələn xalq şairinin adı. Əlinə daş yığanlar. İndi keçmişi daşlamağa nə var ki? Qəhrəmanlıq odu ki, keçmişin qara daşını qaldırıb altındakına baxasan, zamanında çaba göstərən el oğullarının tale tarixçəsini danışdırasan. İgidlik budu. Səməd Vurğun kimi dərddən qovrula-qovrula danışıb-gülən bir şairin həmdərdi olmağı bacarmaqdı igidlik.

***
İosif Stalin

İosif Stalin


XX əsr Azərbaycan poeziyasının, ictimai fikrinin qaymaqlarından biri, hər gün ölüb, hər gün dirilən şairin adı bu gün də çəkilməkdədi. Ondan çoxları söz açır, “Vurğunu da salar yada” deyən şairi, deməli, unutmayıblar, Tanrının şair qismətini və millətin verdiyi yaşam haqqını qazanıb Səməd Vurğun. Çünki hər zaman diləyatımlı, şirin, oxunaqlı ən gözəl şeirlərin müəllifidi.

***

Elin o qaragünlü illərində yazılan, sevdirən, valeh edən, ürəyə qut verən şeirlər. Ürəyinin yağını hər bir misraya yedirdən şairi qəfil məqamından qoparıb əliqanlının tutduğu qara dəstəkli telefonla calaşdıran bir dövrün yetirdiyi, qan qusa-qusa gülşən yaradan böyük azərbaycanlı.

***

Səməd Vurğunun “suçu” sovet rejimində yaşayıb-yaratmaq, üstəlik də Stalin-Bağırov qurbanına çevrilməməkmiş. İndi şairə qarşı səslənən ittihamlardan biri də budu: “Niyə güllələnmədi?!”. Demə, öldürülmədiyinin əzabını yaşamalıymış, yəni Səməd Vurğun güllələnsəydi, xatırlanmağa layiq olardı. Səməd Vurğuna edilən ən böyük ədalətsizlik. Guya qorxusuz-ürküsüz yaşayıb, guya sovet hökuməti onu təbliğ etdiyinə görə əzizlənib, dərd-bəladan uzaq olub. Səməd Vurğunun yaşadıqları hər misrasından bəllidi axı. Qandallanmağını gözləyə-gözləyə gecələr yazdığı hər şeirindən sübh şehinə bələnmiş dualar bərq vurur, səhər günəşini görmək ümidiylə. Vurğunun çırpındığı bu böyük qazamat haqqında, bu rejimin ziyalılara verdiyi fiziki və mənəvi işgəncələr barədə indi də eşidəndə, oxuyanda adamın gözləri qaralır. Bu tarixə baş vuran hər kəsi qara vahimə basır.

***

Stalin mükafatlı şair həm də Stalinin qurbanı deməkdi. Səməd Vurğun da belə bir cəhənnəm əzabını yaşayıb.

***

Dəhşətli və ağlasığmazdı. Milyonların cəsədi üstündə imperiya dikəldən, belə bir keçmişi, qanlı-qadalı dövrü yaşadan şəxs ancaq Marksın, Leninin ideyalarını davam etdirən birisi ola bilərdi. İosif Stalin diktaturasında yaranan idarəçilik metodları, insan amilinə yanaşma prinsipləri, ətürpədən, sümük donduran cəza maşınının gecə-gündüz işləməsi ancaq və ancaq kommunist ideologiyasına xidmət edirdi. Bu, təməl prinsipi və bolşevizmin gerçəyə çevrilən arzusuydu. Ağlagəlməz vasitələrdən, qondarma ittihamlardan istifadə etməklə neçə-neçə vətəndaşı cəzalandırmaq, gedər-gəlməzə göndərmək, adamları üz-üzə qoymaq və dövləti belə qoruyub möhkəmləndirmək ancaq sovetlərin qırmızı əxlaqında vardı, ancaq bolşeviklərin tərbiyə üsullarında bu mümkünüydü. “Problemi həll etmək – insanı tərbiyələndirməkdi” prinsipiylə işləyən işğalçı rejimin yaratdığı tarix ancaq qorxulu nağıllarda, miflərdə ola bilərdi.

***

Səməd Vurğunun yaşadığı dövr onun böyüklüyünü gizlədə bilmədiyindən şairi öldürdü.

***

Səməd Vurğun böyük şair, xalq adamı olub.

***

...Hər gün uçub gələn qartallar zəncirlənmiş Promoteyi didə-didə onun ciyərlərini yeyirdi. Qəzəbə gəlmişdi deyə hər gün yarası sağalırdı, hər gün yarası qan verirdi və hər gün quşlar uçub gəlirdi ki...

***

Bu da xalq şairi Səməd Vurğun.

Mediaforum

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG