Keçid linkləri

Təcili xəbərlər

Bir səfərin izi ilə


Azərbaycanın XİN-i Elmar Məmmədyarov İsraildə Yad Vashem Holokost muzeyinə gedib
Azərbaycanın XİN-i Elmar Məmmədyarov İsraildə Yad Vashem Holokost muzeyinə gedib
-

Yaxın Şərqə ilk yüksək səviyyəli səfərin təfərrüatlarına varmaq üçün doğrusu çox cəhd etdik, amma ciddi bir şey əldə edə bilmədik. Hətta bir neçə gün gözlədik də.

Amma aydın olan budur ki, siyasi gücü instinktiv olaraq hiss edən rəsmi Bakı İsrail və yəhudi lobbisi ilə əlaqələrə həmişə önəm verib.

Fəqət, İsraillə Bakının əlaqələri müstəqillik əldə edəndən bu günə qədər İranın ciddi pressinqi altında olub. Başqa vaxt müstəqil siyasət yürütməsilə öyünən rəsmi Bakı İsraillə bağlı siyasətini həmişə İrana baxaraq korrektə edib. Elə bu səbəbdən hələ də İsraildə Azərbaycan səfirliyi yoxdur.

İSRAİL MƏSƏLƏSİNDƏ TÜRKİYƏ FAKTORU ARADAN QALXIR

Son vaxtlar elə Türkiyənin də İsraillə münasibətlərinin korlanması Bakı üçün az problem yaratmamışdı və o, Türkiyənin İsraillə bağlı yürütdüyü siyasətdən öz narahatlığını da gizlətmirdi.

İndi bu problem aradan qalxıb, İsrail ilə Türkiyə arasındakı münasibətlər normallaşmağa başlayıb. Bu səbəbdən diplomatik Bakının əl-qolu nisbətən açılıb.

Ona görə də İsrailə indiki səfəri müəyyən mənada Türkiyə ilə bu ölkə arasındakı münasibətlərin yaxşılaşmasının nəticəsi kimi yozardıq. Di gəl, İran və müsəlman dünyası ilə bağlı narahatlıq aradan qalxmayıb. Ona görə də səfər həm İsrailə, həm də Fələstinə oldu. Bu da rəsmi Bakının Yaxın Şərqdə nümayiş etdirdiyi balanslaşdırılmış siyasətin təzahürüdür.

Bu haqda daha nə demək olardı? Təqdirəlayiq siyasətdir. Amma baxır bu, nə məqsədlə edilir?

RƏSMİ BAKINI ƏN ÇOX NARAHAT EDƏN NƏDİR?

Elə bütün incə nüanslar da bununla bağlıdır. Düşünürük ki, rəsmi Bakını daha çox narahat edən daxili problemlər, xüsusən də qarşıdan gələn prezident seçkisidir.

Elmar Məmmədyarov Yad Vashem Holokost muzeyində əklil qoyur
Elmar Məmmədyarov Yad Vashem Holokost muzeyində əklil qoyur
Rusiya ilə münasibətləri soyuqlaşmış, üçüncü dəfə prezident olmaqla bağlı Qərbin hələ də razılığını almamış Bakı özü üçün əlavə imkanlar arayır. Bu, hətta ölkənin içində də özünü büruzə verir. Son vaxtlar ölkə içində məmurlar çox canfəşanlıq edirlər, səfərlər təşkil edir, guya əhalinin problemlərini yerində həll edirlər.

Amma bəlkə də bu məmurlar özləri də başa düşmür ki, əhali üçün bir nömrəli problem onların özləridir, bəlkə özləri də bilmirlər ki, əhalinin qarşılaşdığı problemləri məhz onların özləri yaradır. Bunu başa düşmək siyasətdə və vəzifədə olan adam üçün o qədər də asan məsələ deyil, ona görə ki, hakimiyyət hissi özünütənqid imkanlarını məhdudlaşdırır.

Fəqət, 20 ilin heç olmasa, bircə ayını özlərinin siyasətlərinin təhlilinə həsr etsəydilər, bunu başa düşərdilər. Qayıdaq bir daha İsrail məsələsinə. Rəsmi Bakı istəsəydi İsraildən də cəmiyyəti idarə etməyin bəzi nüanslarını öyrənə bilərdi.

İSRAİLDƏN NƏLƏRİ ÖYRƏNMƏK OLARDI?

Yarandığı vaxtdan bu günə qədər müharibə şəraitində yaşayan İsrail daxili həyatında demokratik prinsiplərdən geri çəkilmir. Bəlkə elə onların dinamik siyasətinin səbəbini də burada axtarmaq lazımdır?

Demokratik prinsiplərlə idarə olunan kiçik ölkə neçə illərdir ki, monarxist ərəb rejimlərinin qarşısında duruş gətirə bilib. Bəli, həmin rejimlər ilk baxışda daha stabil və daha varlı görünür. Amma onlar kiçik İsraillə bacara bilmir.

Dırnaqarası stabilliyi və sərvəti münaqişədə qalib gəlmək üçün əsas resurs hesab edən Bakı rəsmiləri bu haqda da düşünsəydilər yaxşı olardı.

Əslində indiki hakimiyyətin ölkədə yaratdığı avtoritar idarəçiliyin yeganə «bəraəti» budur.

Daim deyirlər ki, biz müharibə şəraitindəyik, bizim üçün stabilliyimiz və iqtisadi yüksəlişimiz qələbəmizin təminatıdır. Amma 20 ildir ki, bu təminat özünü konkret nəticələrdə ifadə edə bilməyib. Hanı qələbə? Hanı qaytarılan torpaqlar?

2008-ci il prezident seçkiləri ərəfəsi
2008-ci il prezident seçkiləri ərəfəsi
Hətta deyərdik ki, rəsmi Bakının Qarabağ problemi ilə bağlı indiyə qədər cəmiyyətə həzm etdirdikləri «doktrina» iflasa uğrayıb.

Bəli, nə stabillik xatirinə yaradıldığı iddia edilən avtoritar idarəçilik, nə də ki, iqtisadi parametrlər Qarabağ problemində heç bir irəliləyiş yaratmadı.

Bu gün də Ermənistan elə 80-ci illərin sonlarında olduğu kimi Azərbaycanın qarşısında nəinki duruş gətirə bilir, hətta Ermənistanın iqtisadi və siyasi kollapsı haqqında daim səslənən proqnozlar hələ ki, özünü doğrultmur.

Təəssüf ki, hakimiyyət ölkənin neft resurslarından yalnız özləri üçün siyasi dividentlər götürdü, neft gəlirlərini özləri üçün sərvətə çevirdi. Əslində bu siyasi qüvvəyə ayrılan limit tükənməlidir. Onların 20 ildə dediklərinin heç biri həyata keçmədi. Amma buna rəğmən İ. Əliyevin təkrar seçilməsini zəruri edən onlarla məqamdan danışırlar.

Təbii ki, siyasəti tamamilə iflasa uğrayan hakimiyyət yalnız bir halda duruş gətirə bilər – ölkədə sərt avtoritar idarəçilik yaratmaqla. Hakimiyyət bunu edib və üstəlik, hələ on illərlə hakimiyyətdə qalmaq niyyətindədir.

İndi bu keçidi - müddətsiz hakimiyyət siyasətini həyata keçirmək üçün var gücləri ilə özlərinə imkan axtarırlar. Ona görə də İsrail səfərinə həm də bu aspektdən yanaşmaq lazımdır.

KİÇİK SÖZARDI

O ki qaldı səfərin ABŞ müdafiə nazirinin səfəri ilə eyni vaxtda baş verməsinə, bunu bir təsadüf adlandırmaq olardı. Təbii ki, bir detal da var, onu qeyd etməmək düzgün olmazdı.

Rəsmi Bakı başa düşür ki, İran səfərə özünün neqativ münasibətini bildirəcək və bunu çox gözləmək lazım gəlməyəcək. Amma bununla bağlı elə də narahatlıq yaşamırlar və bunu belə yozmaq olardı ki, rəsmi Bakı İranın ölkə ətrafında cızdığı çərçivədən kənara çıxmağa cəhd edir.

Həm də səfərin lap irəlidən balanslaşdırılması - Fələstinə və İsrailə eyni vaxtda səfər edilməsi onları bir qədər arxayınlaşdırır.

İranın öz məsələsinə gəldikdə isə, ABŞ-ın dövlət katibi bu yaxınlarda dedi ki, növbəti prezident seçkisinə qədər dözməliyik. Bunu isə belə başa düşmək lazımdır ki, bu il İranla bağlı ciddi bir hadisə gözlənilmir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG