Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:04

Günel Mövlud. Qadın "dedovşina"sı


Günel Mövlud
Günel Mövlud
-

Orta statistik Azərbaycan qadını «dedovşina» məntiqi ilə düşünür.

Yəni mən bakirə ərə getmişəmsə, başqaları da belə eləməlidi, mən qohum-əqrəbanın dediyindən qırağa çıxmıramsa, ya da çıxmırmış kimi göstərirəmsə, başqaları da belə eləməlidi.



Günel Mövlud


QEYRİ-SİYASİ ŞƏRHÇİLƏR


Sosial şəbəkələr bizdə dəbə düşəndən, insanlar internet mətbuatından fəal istifadə edəndən bəri qəribə hava yaranıb.

Əli klaviaturaya yatan özünün aqressiyasını, dişinin zəhərini, içinin xıltını yazıların, sosial şəbəkələrdəki statusların altına tökməyi özünə borc bilir.

Ən aqressiv, zəhərli, nifrət dolu şərhlər isə azad, müasir düşüncə tərzinə sahib, yenilikçi yazarların payına düşür.

Şəxsən mən statuslarımın altındakı şərhlərə baxanda heyrətlənməyə bilmirəm.

Eyni zamanda, başqa qələm dostlarımın da ünvanına səsləndirilən nifrin, lənət, təhdidlər adamı dəhşətə gətirir.

İlahi, qələmindən başqa heç nəyi olmayan, yazmaqdan başqa heç bir fəaliyəti olmayan, öz evində kitabını oxuyub, yazısını yazan adama qarşı nə qədər nifrət, nə qədər aqressiya olarmış?

Sözün açığı, toyda hava üstə dava salan, maşınına «adə Ələsgər!» siqnalı qoyan, qaradan başqa paltar rəngi tanımayan, 45 yaşına qədər bakirə qalan, özü üçün deyil, qohum-əqrəba üçün yaşayan, əsl sifəti isə telefonlarda yayılan pornolarda üzə çıxan azərbaycanlıların nifrəti, zəhəri məni zərrəcə təsirləndirmir, məyus eləmir, əsəbiləşdirmir.

Amma açığı, bu nifrətin, xıltın səbəbi mənə maraqlıdır.

Nədi bu qədər nifrətin səbəbi? Mənə daha çox Azərbaycan qadınlarının onların standartlarından kənara çıxmağa ürək eləyən qadın yazarlara nifrəti, qıcığı, zəhərinin səbəbi maraqlıdır.

Əllərində imkan olsa, adamı didməyə, parçalamağa, tikə-tikə eləməyə, qanını ləzzətlə içməyə hazırdılar.

Orta statistik Azərbaycan qadını «dedovşina» məntiqi ilə düşünür.

Yəni mən bakirə ərə getmişəmsə, başqaları da belə eləməlidi, mən qohum-əqrəbanın dediyindən qırağa çıxmıramsa, ya da çıxmırmış kimi göstərirəmsə, başqaları da belə eləməlidi.
Şeirf. Dar düşüncə
Şeirf. Dar düşüncə

«Qadın dedovşinası»nın qanunlarını pozanlar isə bu qadınların gözlərinin düşmənidi.

Bu «dembel» ana-bacılar azad yaşamağa cəhd edənlərə qarşı olduqca amansızdılar, hər addımda onlara qara yaxmağa, lənət yağdırmağa, həqarətlə yanaşmağa hazırdırlar.

Amma, niyə? Biz sizə nə eləmişik? Meşələrinizi bizmi hasara aldıq, ağaclarınızı doğrayıb, bizmi satdıq?

Ordudakı oğullarınızı, qardaşlarınızı bizmi öldürdük, orqanlarını bizmi çıxarıb satdıq, zabit olub, əsgərlərinizdən pul aldıq, kontur yüklətdik, bizmi onları təhqir etdik, döydük?

Bəlkə biz sizə saxta dərmanlar verdik, məktəbdəki uşaqlarınıza sinifdə dərs deməyib, evlərinizə gəlməyə məcbur elədik, fərdi dərslərə görə cibinizi bizmi soyduq?

Evlərinizi söküb, sizi çölə atan biz olmadıq axı?

Bir tikə çörəyn qarşılığında sizi qul kimi işlədən, bir tikə çörəyə görə min tikə zəhər yeməyə bizmi məcbur elədik sizi?

Amma siz bütün bunları edənlərə nifrət eləmirsiniz, zəhər püskürmürsünüz. Özünüzü elə aparırsız ki, elə bil bütün bunları görmürsünüz, eşitmirsiniz.

Sizin gücünüz, cəsarətiniz ancaq beş-altı yazara nifrət eləməyə, zəhər püskürməyə çatır.

Niyə?

Çünki bizə nifrət eləmək təhlükəsizdi. Çünki bizə nifrət eləmək, bizi zəhərləmək üçün cəsarət lazım deyil. Çünki biz sizi şəbs eləməyəəcyik, işdən çıxarmayacağıq, sizi təhdid eləməyəcəyik.

Ən pisi də odur ki, biz bunu bilirik. Siz bunu bilməyimizi bizə bağışlamırsınız.

Sizin iç üzünüzü görməyimizi həzm eləmirsiniz.

Siz balalarınızı müğənni, manıs, qavalçalan, kvadratbaş idmançı deyil, alim, yazıçı, rəssam, bəstəkar, iqtisadçı, fizik görmək istəyən insanlara nifrət eləyirsiniz.

Siz bədbəxtsiniz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG