Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:09

Əyalətlərin dəbdəbəli binalarda və sandıqda qərarlaşan partiyaları...


YAP və Müsavatın Saatlıdakı qərargahları
YAP və Müsavatın Saatlıdakı qərargahları
-

«Siyasi partiyalar haqqında» qanuna görə, partiyaların öz ideyalarını təbliğ etmək, mitinqlər, nümayişlər və yığıncaqlar keçirmək hüququ var. Lakin ölkənin əksər yerlərində siyasi partiyaların yerli təşkilatları nəinki kütləvi aksiya, hətta qapalı yerlərdə öz yığıncaqlarını keçirə bilmirlər. Son vaxtlar şəxsi evlərdə belə keçirilən yığıncaqlara da basqılar olur.

«PARTİYA SƏNƏDLƏRİNİ NƏNƏLƏRİMİZİN SANDIĞINDA SAXLAYIRIQ»

İmişli rayonunda YAP-dan savayı heç bir siyasi partiyanın yerli təşkilatının qərargahı yoxdur. Müsavat Partiyasının İmişli rayon şöbəsinin sədri Səxavət Quliyev son qərargahlarını piket keçirməklə əldə etdiklərini deyir: «2003-cü ildə bizə 12 kv.m sahəsi olan otaq ayrılmışdı, 2005-ci ildə deputat seçilən üzvümüz - İltizam Əkbərli həmin otaqdan seçiciləri qəbul etmək üçün də istifadə edirdi. Buna görə qərargahımız bir müddət toxunulmaz qaldı. Son parlament seçkisinə namizədimiz buraxılmadı, bu azmış kimi qərargahı da əlimizdən aldılar. İndi üzvlərimiz ictimai yerlərdə toplaşır, yığıncaqlarımızı gözdən uzaq çayxanalarda keçiririk, partiya sənədlərini nənələrimizin sandığında saxlayırıq».

Əli Qasımlı
Əli Qasımlı
AXCP İmişli rayon şöbəsinin sədri Əli Qasımlı bildirir ki, 1991-ci ildən bəri təşkilatın fəaliyyət göstərdiyi qərargah ötən il «mədəni surətdə» əllərindən alınıb: «El arasında hələ də «Çobanlar evi» kimi tanınan binadan otaq icarəyə götürmüşdük. Bizdən başqa da ictimai təşkilatların o binada ofisləri vardı. 2012-ci ildə rəsmi qaydada müraciət olundu ki, təmirlə əlaqədar otağı boşaldaq. Bu zaman bizə başqa yer təklif olunmadı. Üstündən az qala bir il keçib, amma binada hələ də təmir işinə başlanılmayıb».

Ümid, Böyük Quruluş, BAXCP, VHP, Ədalət və adını öyrənə bilmədiyimiz digər partiyaların rayon təşkilatları da təsis olunandan bəri qərargahsız fəaliyyət göstərir.
YAP-ın yerli təşkilatının isə ixtiyarında İmişli şəhərinin mərkəzi hissəsində yerləşən ikimərtəbəli bina var. Bina 2012-ci ildə yenidən təmir olunub. Son vaxtlar rayon təşkilatı kütləvi tədbirlərini yenicə istifadəyə verilən Heydər Əliyev Mərkəzinin akt zalında keçirir. Belə tədbirlərdə rayon prokuroru, polis rəisi və məhkəmə sədrinin iştirakı da yazılmamış protokol qaydasına aiddir.

MİLYONLUQ BİNA ÜZVLÜK HAQQI İLƏ TİKİLİB?

Saatlı şəhərində YAP-ın rayon təşkilatı üçün ayrıca bina tikilib, onun açılışında dövlət başçısı da iştirak edib. «Orijinal layihəsi və maraqlı memarlıq quruluşu ilə diqqəti cəlb edən və şəhərin gözəlliyinə əlavə çalarlar qatan» (AzərTAC) ikimərtəbəli, 432 kv.m ümumi sahəsi olan, Avropa təmirli, hər cür əşya və avadanlıqlarla təchiz olunan inzibati binanın hansı maliyyə mənbəyi hesabına başa gəlməsi ilə maraqlandıq.

YAP-ın Saatlı təşkilatının iclası
YAP-ın Saatlı təşkilatının iclası
​AzadlıqRadiosunun sorğusunu cavablandıran YAP Saatlı rayon təşkilatının rəhbəri Lütfəli Şıxalıyev konkret məbləğ açıqlamasa da, xərclərin milyon manatı keçməsini inkar etmir: «İnanın ki, bizə kənardan 1 qəpik də maliyyə ayrılmayıb, bunu üzvlük haqqı hesabına etmişik. Aparatın saxlanılması xərcləri də bu haqla ödənilir».

Müsavatın Saatlı rayonu üzrə yerli təşkilatı isə Səhiyyə Nazirliyinin balansında olan, istismar müddəti bitmiş binadakı 18 kv.m-lik otaqda fəaliyyət göstərir. Yerli orqana rəhbərlik edən Namiq Kazımlı bildirir ki, bina qəzalı vəziyyətdə olduğundan bura yığışmaq təhlükəlidir: «Dam örtüyü sıradan çıxıb, yağış suları divarları yuyur, döşəməni çürüdür. Nazirlik bizə məktub yollayıb ki, otağı boşaldaq. Biz də öz növbəmizdə Rayon İcra Hakimiyyətinə müraciət etmişik ki, başqa ictimai binadan bizə yer ayırsın. Amma hələ yer təklif olunmayıb».

AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli deyir ki, onlara qərargah olaraq ayrılmış yer tədbir keçirməyə uyğun deyil:

«Ona görə hər tədbirdən qabaq İcra Hakimiyyətinə müraciət edirik. Onlar da bizim məktubu Polis Şöbəsinə göndərir və sonuncunun hədəsi ilə üzləşirik. İctimai binalardan yer ayrılmadığından, məcbur olub kütləvi tədbirimizi şəxsi evlərdə keçiririk. Amma buna da maneə yaradılır».

YAP-ın Sabirabar rayonundakı qərargahı
YAP-ın Sabirabar rayonundakı qərargahı
YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev bildirir ki, rayon mərkəzində tikintisi tamamlanmaqda olan yeni inzibati binanın sifarişçisi yerli təşkilatdır: «Əgər sifarişçi biziksə, deməli, maliyyəni də biz ayırmışıq. Rayon təşkilatı aparatının 7 nəfər daimi işçisi var, hər biri ayda 400-500 manat əmək haqqı alır».

AXCP-nin Sabirabad rayon təşkilatı 1996-cı ildən bəri Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olan 48 kv.m-lik otaqda qərarlaşıb. Təşkilat sədrinin müavini Tofiq Zeynallı deyir ki, burada yalnız dayaq dəstələrinin yığıncaqları, bir də Rayon Məclisinin iclasları keçirilir: «Kütləvi tədbirlər keçirmək üçün İcra Hakimiyyətinə rəsmi qaydada müraciət edəndə də, bizə yer ayrılmır».

«PƏNAH HÜSEYNİN QƏBUL OTAĞI...»

Sabirabad şəhərində Xalq Partiyasının da qərargahı var. Partiyanın rayon təşkilatının sədri Novruz Quluzadədən öyrənirik ki, bura 2005-2010-cu illərdə sabiq deputat Pənah Hüseynin qəbul otağı olub.

AXCP-nin Sabirabad qərargahı
AXCP-nin Sabirabad qərargahı
Sabirabad müsavatçıları isə 2003-cü ildən bəri qərargahsız fəaliyyət göstərir. Partiyanın rayon təşkilatı sədrinin müavini Azər İsmayıl bildirir ki, bir müddət toplantı yerləri partiya üzvlərindən birinin obyekti olub:

«O obyekt dağıdılandan sonra yığıncaqlarımızı çayxanada, ya da müttəfiq partiyaların qərargahlarında keçiririk. Qərargahla bağlı İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik, müxtəlif bəhanələr gətirilərək bizə rədd cavabı verilib».

Ümid Partiyası rayon təşkilatının sədri Aslan Əliyev də bildirir ki, təsis olunandan bəri yerli təşkilat qərargahsız fəaliyyət göstərir. O, icra hakimiyyəti orqanlarının yaxın vaxtlarda təşkilata yer ayıracağına ümid etmədiyini bildirdi.

MÜSAVATLA «MELİOSERVİS»İN NƏ ƏLAQƏSİ?

Müsavat Partiyası Biləsuvar təşkilatının sədri Yusif Mehdi deyir ki, qərargahlarının yeri tez-tez dəyişib. 2003-cü ildən bəri Melioservis İdarəsinin istifadəyə yararsız binasında sığınacaq tapıblar: «Onun bir hissəsini yerli sakinlər zəbt edib, bizə cəmi 10 kv.m-lik yer qalıb. Ona görə yığıncaqlarımızı qərargahın qarşısındakı həyətdə ayaq üstə keçiririk».

Müsavat partiyasının Saatlıdakı qərargahı
Müsavat partiyasının Saatlıdakı qərargahı
AXCP Biləsuvar rayon təşkilatının sədri Teyyub Muradlıdan öyrənirik ki, vaxtilə onların da bu binada qərargahı olub, amma sonradan onu əllərindən alıblar: «Durub nəyin davasını edəydik - onsuz da sənədləri mühafizə etməyə, yığıncaq keçirməyə o yer yaramırdı».

YAP-ın Biləsuvar təşkilatı isə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi ilə birgə ikimərtəbəli binada fəaliyyət göstərir. Binanın qarşısından YAP-ın bayrağı dövlət bayrağı ilə birgə asılıb. Hazırda vahid layihə əsasında YAP-ın yerli təşkilatına və Rayon İcra Hakimiyyətinə yeni inzibati binalar tikilir.

İNSANLARI NARAHAT EDƏN MƏSƏLƏ - ƏDALƏTSİZLİK

... insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də». Bu sözləri aprelin 14-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib. Amma o, hökumətin siyasi partiyalara fərqli münasibəti, sərbəst toplaşma və yığıncaqlar azadlığına tətbiq edilən məhdudiyyətlər barədə danışmayıb.

«DÖVLƏT BÜTÜN PARTİYALARA BƏRABƏR İMKANLAR YARATMALIDIR»

Mirəli Hüseynov
Mirəli Hüseynov
«Demokratiyanı öyrənmə» İctimai Birliyinin sədri Mirəli Hüseynov hesab edir ki, məsələyə, hər şeydən öncə, insan hüquqları kontekstindən yanaşılmalıdır:

«Siyasi partiyalar birləşmək hüququnun ifadə forması olub, vətəndaşların cəmiyyətin və dövlətin idarə edilməsində iştirak mexanizmlərindən biri kimi çıxış edir. Dövlətin də vəzifəsidir ki, bu hüququn həyata keçirilməsi üçün bütün partiyalara əlverişli və bərabər imkanlar yaratsın. Azərbaycanda partiyalara dövlət səviyyəsində fərqli münasibəti, ayrı-seçkiliyi bütün müstəvilərdə, o cümlədən də partiyaların maliyyələşdirilməsində, mənzil-qərargahla təmin edilməsində görməmək mümkün deyil. Hakim partiya bütün rayon və şəhərlərdə ən yüksək səviyyədə qərargaha sahib olduğu halda, ölkənin siyasi həyatında kifayət qədər fəal rol oynayan digər partiyaların hətta mərkəzi qərargahı belə yoxdur, olanlar isə minimum tələblərə cavab vermir. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair hazırladığı hesabatlarda da Azərbaycanda prezidentin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi sistemdə dominant rola malik olduğu qeyd edilib».
XS
SM
MD
LG