Keçid linkləri

Təcili xəbərlər

İslandiya dünyanın ən qədim peşəsini qadağan etmək istəyir


Foto: Arxiv
Foto: Arxiv
-
Lakin bunu bacaracaqmı? Nüfuzlu «Economist» dərgisində dərc olunmuş «Çılpaq ambisiya» adlı məqalədə bu suala cavab axtarılır.

Məqalədə deyilir ki, bütün dünyanın gözü indi bu kiçik ada-ölkədədir. İslandlar bu işin öhdəsindən gəlsələr, onda bütün dünya üçün nümunə olacaqlar.

«Ultra-liberal» İslandiya ilk növbədə internetdə pornoqrafiyaya qadağan qoymaq istəyir.

Bundan əvvəl, 2009-cu ildə İslandiyada fahişəliyi himayə edənlər üçün cərimə və həbsxana cəzası nəzərdə tutan qanun qəbul edilib. Bu qanunda fahişəliklə məşğul olanların özləri «qurban» və ya «zərərdidə» hesab edilirlər.

2010-cu ildən adada striptiz klubları bağlanıb.

«Economist» yazır ki, indiyədək heç bir ölkə kommersiya seksini nə qanunvericiliklə, nə də onu kriminallaşdırmaqla nəzarətə ala bilib.

İSLANDİYA SƏUDİYYƏNİN ANTONİMİDİR

Məqalədə deyilir ki, belə götürəndə, İslandiya bu sahədə yenilikçi sayıla bilməz.
Məsələn, Səudiyyə Ərəbistanında da striptiz klubları, fahişəlik və pornoqrafiya çoxdan qadağandır, hərçənd, bu ərəb ölkəsində qadınların maşın sürməsi, kişinin icazəsi olmadan səfərə çıxması da yasaqdır.

Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun 2012-ci il üçün Qlobal Gender Bərabərsizliyi hesabatında Səudiyyə Ərəbistanı 135 ölkə arasında 131-ci yeri tutur.
İslandiya bu mənada Səudiyyənin tam tərsidir.

Hökumətin yarısı, parlamentin 63 üzvündən 25-i qadındır.

İslandiya yeganə ölkədir ki, orada homoseksuallığını gizlətməyən şəxs baş nazirdir.
İslandiya sekspərəst ölkədir – supermarketlərdə qoruyucular və vibratorlar az qala kassanın yanında satılır. Məktəblərdə cinsi münasibətlərin tədrisi daha çox seksin təbliği təəssüratı yaradır.

Ölkədəki uşaqların 65 faizi nikahdankənar doğulub ki, bu da bütün Avropada ən yüksək göstəricidir.

Foto: Arxiv
Foto: Arxiv
2010-cu ildən eyni cinsdən olanlara evlənmək və övladlığa uşaq götürmək icazəsi verilib.

İslandiya hava yolları şirkətinin reklamında deyilir ki, «pozğun bir həftəsonu istəyirsinizsə, bizə qonaq gəlin».

«ŞƏXSİ İSTİFADƏ ÜÇÜN RƏQQASƏ»

«Economist» yazır ki, İslandiyada seks sənayesinə qarşı mübarizəni feministlər başlayıb.

Hökumətin bu sahədə əldə etdiyi ən böyük uğur, hələ ki, striptiz klublarının bağlanmasıdır.

2000-ci illərin əvvəllərində paytaxt Reykyavikdə 15-dək belə müəssisə vardı. Striptiz milyonlarla dollar gətirən biznes idi.

Bu barların bağlanması üçün hökumət belə bir ehtimal irəli sürdü ki, striptiz fahişəlik və pornoqrafiya ilə yaxın peşədir və ümumilikdə, qadın haqlarını pozur.
İndi paytaxtda cəmi iki belə klub qalıb ki, onlara da striptiz-bar demək olmur.

Buna baxmayaraq, bu barlarda «şəxsi istifadə üçün rəqqasə» sifariş etmək olar. 12 dəqiqəsi 17 min İslandiya kronasına (200 dollar)..

Təkcə polis qüvvəsi ilə fahişəliyin qarşısını almaq asan deyil. Qədim peşə sahibləri rəsmi tanışlıq saytlarından istifadə edirlər. Tanışlığı ki, qadağan etmək olmaz.
Lakin hökumət burda da müəyyən planlara malikdir. Məsələn, qadınlarla şübhəli əlaqədə olan kişilərin adları ictimailəşdirilə bilər. Bu, İslandiya kimi kiçicik adada olduqca səmərəli fənddir.

Bununla belə, qanunu həyata keçirmək problemlidir. Reykyavikdə polis məntəqəsinin 200 metrliyində pornoqrafik materiallar satan dükanlar rahatca işləyir. Halbuki, İslandiyada belə materialların satışı hələ 1869-cu ildən qanunla yasaqdır.
Foto: Arxiv
Foto: Arxiv

PORNO, YOXSA SEKSUAL DEMOKRATİYA

Virtual aləmdə də vəziyyət o qədər nikbin görünmür. Çünki hüquqi baxımdan, pornoqrafiya hələlik təfsir edilməyib. Odur ki, hökumət yalnız zorakı seksual aktları göstərən materialları qadağan edə bilir.

Lakin zorakı seksual aktın tərəfləri bunu heç də zorakı hesab etməyə bilərlər.
Məhz buna görə də Müasir Media İnstitutunun rəhbəri Smari McCarthy daxili işlər nazirinə ünvanladığı açıq məktubunda bu cür qadağaları Çin, İran və Şimali Koreyadakı repressiyalarla müqayisə edib.

«Economist» yazır ki, Danimarka və Avstraliyada olduğu kimi, bəzi saytları «qara siyahıya» salmaq siyasəti də səmərəli deyil. Bu zaman siyahıya səhv olaraq salınan saytlar da olur.

Kredit kartları verən banklardan porno-saytlardan materialların yüklənməsinə maneçilik törətmələrini istəmək də mənasız görünür.

Qlobal şəbəkə havayı porno ilə doludur.

«Lakin ən çətini məsələnin fəlsəfi-etik tərəfidir» – «Economist» yazır.
Kiminsə pornoqrafiya hesab etdiyini bir başqaları seksual demokratiya adlandıra bilər.

Demokratiya məsələsi isə həmişə qəlizdir.
XS
SM
MD
LG