Keçid linkləri

Qobu şəhəri mübahisə doğurur


Masazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəllə

Masazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəllə

-
İqtisadçı Rövşən Ağayev «Facebook» səhifəsində Bakının 10 km-liyində, Qobu yaxınlığında yeni yaşayış massivi tikilməsi xəbərini ictimai müzakirəyə çıxarıb. O bildirir ki, məcburi köçkünlər 90 min nəfərlik yaşayış massivinin inşası təzə şəhər salmaq deməkdir:

«Məsələn, Xızı rayonunun 15 min, İsmayıllı, Şamaxı və Ağsu rayonunun hər birinin ayrı-ayrılıqda 80-90 min, Mingəçevir şəhərinin 85 min əhalisi var».

İqtisadçı-ekspert bunları deyərkən, yeni yaşayış massivinin paytaxt Bakıya yeni problemlər yaradacağına diqqət çəkib.

YENİ ŞƏHƏRDƏ 20 MİN AİLƏ YAŞAYACAQ

Yeni şəhərlə bağlı məlumatı Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov açıqlamışdı. O, Qobu Şəhər Yaşayış Massivinin layihələndirilməsi barədə ayrıca müşavirədə söz açmış və yaxın 2-4 il boyunca Bakı, Sumqayıt və Abşeron yarımadasında müvəqqəti məskunlaşan bütün məcburi köçkünlərin Abşeron rayonu Qobu bələdiyyəsinin ərazisində inşa ediləcək yeni iri yaşayış massivinə köçürüləcəyini söyləmişdi.

Ə.Həsənovun dediyinə görə, hazırda Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır. O, Müşfiqabad və Masazırda tikilən yeni yaşayış sahələrinə 2 min 200 ailənin, təxminən 8-10 min nəfərin köçürülməsinə başlandığını da sözlərinə artırmışdı.

Sözügedən Qobu yaşayış massivi isə 90 min məcburi köçkün üçün nəzərdə tutulub. Bu, ümumilikdə 20 mindən çox ailə deməkdir.

«HÖKUMƏT... ƏHALİNİ REGİONLARDA YAŞAMAĞA YÖNƏLTMƏLİDİR»

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi sədrinin müavini Rövşən Ağayevin fikrincə, paytaxt və çevrəsində məskunlaşan məcburi köçkünlərin paylaşdırılıb bölgələrə yerləşdirilməsi daha doğru yoldur: Rövşən Ağayev

Rövşən Ağayev


«Ayrı-ayrı ölkələrdə paytaxtın demoqrafik yükünün azaldılması həmişə diqqət mərkəzində qalır. Qeyri-rəsmi hesablamalara görə, əhalinin 40 faizi Bakıda toplaşıb. Halbuki, rəsmi statistikaya görə, ölkənin yaşamaq, məskunlaşmaq üçün yararlı torpaqlarının heç 10 faizi də paytaxtın payına düşmür. Bir arqumentim budur ki, Bakının demoqrafik yükünün süni şəkildə artırılmasına yol vermək olmaz və hökumət iqtisadi həvəsləndirmə yolu ilə əhalini regionlarda yaşamağa yönəltməlidir».

Rövşən Ağayev belə bir yaşayış massivi üçün ərazinin Bakı-Sumqayıt aralığına salınmasını böyük xəta sayır. Onun fikrincə, bu addım regional iqtisadi, sosial və demoqrafik disbalansı daha dərinləşdirəcək:

«Bakı-Sumqayıt aralığında 100 min nəfərdən çox insanın yaşayacağı şəhərin salınması iki baxımdan səhvdir. Əvvəla, Bakını Sumqayıtla birləşdirən cəmi bircə qısa yol var. Digər yollar çox uzaqdır. Xırdalan dairəsindən Biləcəridən keçməklə Azadlıq prospektinə aparan yol hazırkı əhalinin yükünü çəkə bilmir. Şimal və Şirvan regionlarına aid 10 rayonun 800 min nəfər, Sumqayıtın 400 min nəfərə yaxın, Abşeron rayonun, Xırdalan da daxil, bu istiqamətdəki qəsəbələrinin 100 min nəfər, Bakıətrafı qəsəbələrin 80 min nəfərədək sakini hər gün yalnız bu yoldan yararlanır. Müqayisə üçün deyim ki, ölkənin cənub, qərb və şimal-qərb ərazilərindən paytaxta daxil olmaq üçün dörd alternativ yol var – dairəvi yol, Badamdara çıxan yol, Bayıldan dəniz kənarına çıxan yol, Ələt qəsəbəsindən Sumqayıta çıxmaqla Bakıya daxil olan yol. Hökumətin təkcə bir yanlış qərarı – avtovağzalın Sumqayıt yoluna köçürülməsi son üç ildə həmin istiqamətdə tıxacı hədsiz dərəcədə artırıb».

Cahangir Qocayev

Cahangir Qocayev

«BİR VARİANTLA YER SEÇMƏK... MƏQSƏDƏUYĞUN DEYİL»

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, hələlik, Qobuda yeni yaşayış massivi salınması ilə bağlı layihəni almayıb. Bu barədə AzadlıqRadiosuna müsahibəsində komitənin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyir:

«Fikrimcə, layihə texniki-iqtisadi baxımdan dəyərləndirilməli, müzakirə olunmalıdır. Belə planlar hazırlarkən ekoloji əsaslandırma da aparılmalı, mövcud infrastruktur nəzərə alınmalıdır. Nəyin nə qədər nəzərə alındığını layihə yalnız komitəyə təqdim olunandan sonra deyə biləcəyik. Bir variantla yer seçmək, məncə, məqsədəuyğun deyil».

C. Qocayev Qobu ilə bağlı planın Bakının baş planında nəzərdə tutulmadığını söyləsə də, bu təklifin həmin sənədin son variantına salınmasını istisna etmir. O, baş planın son variantını görmədiyini də vurğulayır.

Bəs Qobuda salınacaq yeni yaşayış massivi iqtisadi, nəqliyyat və kommunal baxımdan paytaxta əlavə problemlər yarada bilərmi? C. Qocayev bunu mümkün sayır:

«Amma problem yaradar deyə də, fəaliyyətsiz qala bilmərik. O səbəbdən bundan sonra şəhərsalma istiqamətində atdığımız addımlar ərazi planlaşdırılma sənədlərinə uyğunlaşdırılmalıdır».

C. Qocayev bu məsələnin müzakirə ehtiyacı doğurduğunu vurğulayır və «Müzakirə daha yaxşı variantın təklif edilməsi üçün lazımdır» – deyir.

Şərhləri göstər

XS
SM
MD
LG