Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:06

İbrahim İbrahimliyə edilən hücumla bağlı araşdırma aparılır


İbrahim İbrahimli
İbrahim İbrahimli
Hüquq müdafiəçiləri İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimliyə Naxçıvanda edilən hücumla bağlı araşdırma aparırlar. Bu haqda AzadlıqRadiosuna məlumat verən hüquq müdafiəçisi Məlahət Nəsibovanın sözlərinə görə, İbrahim İbrahimliyə hücum əvvəlcədən planlaşdırılıbmış:

«Araşdırma zamanı İbrahim İbrahimliyə hücum edənlərin bir neçəsinin kimliyini müəyyən etmişik. Onlardan biri həmin ərəfədə Bakıdan Naxçıvana gələn Çevik Polis Alayının əməkdaşıdır. Digərləri ilə də bağlı məlumatları dəqiqləşdiririk. Biz onu da dəqiqləşdirdik ki, İbrahim İbrahimliyə olan hücum əvvəlcədən planlaşdırılıb. Biz, tam dəqiqləşdirmə apardıqdan sonda hücum edənlərin şəxsiyyəti, onların hansı maşınlarda gəldiyi və hadisənin detalları ilə bağlı mətbuata açıqlama verəcəyik».

Məlahət Nəsibova deyir ki, Naxçıvan DİN-in bəyanatından sonra hüquq-mühafizə orqanları əməkdaşları yerli sakinlərdən İbrahim İbrahimlinin əleyhinə ifadə almağa çalışıblar:

«Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən Babək rayon Tumbul kənd sakinlərinə təzyiqlər göstərərək, onlardan saxta ifadə almağa cəhd göstəriblər. Guya İbrahim İbrahimli yas məclisində camaatı narazı salan söhbətlər aparıb və nəticədə kənd sakinləri ona təzyiq ediblər. Amma mən özüm kənd camaatı ilə görüşdüm, həmin yas yerində məclisində iştirak edən adamlarla söhbət etdim. Onlar bildirdilər ki, İbrahim İbrahimli cəmi bir neçə saat yas məclisində olub və məclisdə kənd sakinlərini narazı salan söhbətlər etməyib».

İbrahim İbrahimli aprelin 6-da yaxın qohumunun yas mərasimində iştirak etmək üçün getdiyi Naxçıvanda zorakılığa məruz qaldığını deyirdi.

Aprelin 11-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq millət vəkili İbrahim İbrahimli ilə bağlı açıqlama yayıb. Naxçıvan DİN-i İbrahim İbrahimlinin qohumunun yas mərasimində döyülməsi, özlərini DİN əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılaraq fiziki təzyiqlər göstərilməsi və təhqir edilməsi barədə səsləndirdiyi ittihamları «tam əsassız və uydurma» sayır.
XS
SM
MD
LG